Metropoliten işçiləri yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumatlandırılıblar

11:58 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti “Bakı Metropoliteni” QSC-nin Eskalator Xidmətində “Bakı Metropolitenində yanğın təhlükəsizliyi qaydaları” və “Yanğınsöndürmə vasitələrinin növləri və istifadə qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, eskalator xidmətinin əməkdaşlarının iştiraki ilə keçirilən tədbirdə metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi, həmçinin yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin, inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə cavab verməsinin əhəmiyyəti aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tədbirdə, həmçinin baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımları, metropoliten ərazisində yanğınların söndürülməsi üsullarını və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani izah edib, sualları cavablandırıblar.