“Milli gəliri 1 trilyon 589 milyard dollara çatdırmağı hədəfləyirik” – Prezident Ərdoğan

13:50 17.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Böyük Millət Məclisinin müzakirəsinə təqdim olunan 12-ci İnkişaf Planı ilə bağlı açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, dövlət başçısı sosial media hesabından verdiyi açıqlamada deyib ki, 2053-cü il hədəfləri ilə üzərində işlədikləri və Türkiyənin gələcək 5 ili üçün yol xəritəsini təyin edən 12-ci İnkişaf Planımını tamamlayıblar.

“Sağlam düşüncə ilə, qeyri-hökumət təşkilatlarımızın, peşəkar təşkilatlarımızın və iş dünyasının töhfələri ilə hazırladığımız 12-ci İnkişaf Planımızı bu gün Məclisimizin ixtiyarına təqdim edirik” deyən prezident 5 illik inkişaf planının mahiyyətini təşkil edən 5 əsas bəndi açıqlayıb. Bu 5 bənd bunlardır, 1. Bacarıqlı insanlar, möhkəm ailə, sağlam cəmiyyət, 2. Sabit inkişaf, güclü iqtisadiyyat, 3. Yaşıl və rəqəmsal transformasiya ilə rəqabətə davamlı istehsal, 4. Fəlakətə davamlı yaşayış sahələri, davamlı mühit və 5. Ədalətə əsaslanan demokratik yaxşı idarəçilik.

Ərdoğan deyib ki, 12-ci İnkişaf Planı dövründə onlar orta hesabla 5 faiz sabit və balanslı artımı hədəfləyirlər.

“2028-ci ildə milli gəliri 1 trilyon 589 milyard dollara, adambaşına düşən gəliri isə 17554 dollara çatdırmağı nəzərdə tutmuşuq. Hər il orta hesabla 3 faiz məşğulluq artımı təmin etməklə, dövrün sonunda işsizliyin 7,5 faizə enəcəyini gözləyirik. Mal ixracını 375 milyard dollara, turizm gəlirlərini isə 100 milyard dollara çatdıraraq cari açığı sıfıra yaxın səviyyəyə endirməyi hədəfləyirik. 2028-ci ilin sonuna qədər inflyasiyanı daimi olaraq təkrəqəmli rəqəmlərə endirməyi və 4,7 faizə endirməyi düşünürük. Ümid edirəm ki, dövlətimizi və millətimizi Türk əsrinə aparan yolda istiqamətləndirəcək 12-ci İnkişaf Planı faydalı olacaq”, - prezident Ərdoğan bildirib.