“Oktyabrın 18-də biz Müstəqilliyin Bərpası gününü qeyd edəcəyik. Son yüz ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqillik imkanına iki dəfə nail olmuşdur. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdir. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
S.Qafarova 17 oktyabr iclasının ölkəmiz və xalqımızın həyatında dönüş yaradan tarixi günlər ərəfəsində keçirilməsinə xüsusilə diqqət çəkib..
S.Qafarova bildirib ki, 1990-cı illərinin əvvəlləri ölkəmizin ağır problemlər qarşısında qaldığı bir dövrdür. O zaman hakimiyyətə gəlmiş iqtidar cəmi bir il ərzində Azərbaycanı siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdı. Ölkə vətəndaş müharibəsi və dağılmaq həddinə gəlib çıxmışdı. Dövlət həyatının bütün sahələrində hərc-mərclik, ordu adı ilə yaradılan silahlı dəstələrin özbaşınalığı vəziyyətin gərginliyini daha da artırırdı. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına əlverişli şərait yaradırdı. Yüz minlərcə soydaşımız doğma yurdlarını tərk etməyə məcbur olurdu. Müstəqil Azərbaycan dövlətinin iflasa uğraması təhlükəsi tam real idi. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyinin itirilməsinə yol vermədi. 1993-cü il iyunun 15-də ali dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi”.
S.Qafarova eyni zamanda Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə bu il mayın 16-da və iyunun 14-də Milli Məclisin xüsusi iclaslarında dünya miqyaslı siyasi və dövlət xadiminin misilsiz xidmətlərindən minnətdarlıq duyğuları ilə danışıldığını xatırladıb.
“Xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində reallaşdıra bilmişdir. Ümummilli Lider dünyanınük güclərinin iradəsinə qarşı çıxaraq, Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən keçirərək sabitlik və inkişaf dövrünə çatdırdı. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir”.
Spiker Ulu Öndərin böyük siyasətə qayıdışının onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlandığının parlamentdə dəfələrlə qeyd olunduğunu önə çəkib. Bildirib ki, xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun bu binada atdığı addımlar, gördüyü tədbirlər parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir.
“Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar gətirmişdir. Milli Məclisin oktyabrın 12-də keçirilən xüsusi iclasında da vurğulandığı kimi, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmışdır. Cəmiyyət və dövlət həyatının bütün sahələrində yeniləşmə və yüksəliş dövrü yaşanmışdır. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezident institutu təsis edilmişdir. Məmnunluqla qeyd etmək olar ki, möhtərəm cənab Prezidentin ən yaxın silahdaşı olan görkəmli siyasi və dövlət xadimi Mehriban xanım Əliyeva bu məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, tarixi ədalətin, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmışdır”.