Oktyabrın 14-16-da Düşənbədə “Dushanbe Invest-2025” Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Hafta.az-ın yazdığına görə, bu barədə Tacikistan baş nazirinin birinci müavini Hokim Xolikzodanın sədrliyi ilə keçirilən “Düşənbə İnvest-2025”in hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin birinci iclasında bildirilib.
Xolikzoda vurğulayıb ki, ölkədə belə genişmiqyaslı tədbirin keçirilməsi birbaşa xarici investisiyaların cəlb edilməsinə, Tacikistanın investisiya potensialının təşviqinə, region və dünya dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, eləcə də beynəlxalq aləmdə ölkənin investisiya nüfuzunun yüksəldilməsinə kömək edəcək.
İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri, Forumun təşkilat komitəsinin sədr müavini Sulton Rəhimzoda hazırlıq işlərinin gedişi, tədbirin keçirilmə tarixi və yeri, proqramın strukturu, maliyyə aspektləri, sərginin təşkili, əlaqədar tədbirlər və digər maddi-təşkilati məsələlər barədə iştirakçılara məlumat verib. Bildirilib ki, tədbirin əsas məqsədi Tacikistanda yaşıl investisiyalar üçün imkanların təqdim edilməsidir.
Qeyd olunub ki, forum Tacikistan bazarına çıxmaqda maraqlı olan aparıcı beynəlxalq investisiya şirkətlərinin, maliyyə institutlarının və müəssisələrin diqqətini cəlb etmək məqsədi daşıyır. Hokim Xolikzoda tədbirin yüksək məzmunlu və təşkilati səviyyədə keçirilməsini təmin etmək üçün təşkilat komitəsinin üzvlərinə tapşırıqlar verib.
Tədbirdə Tacikistanda biznesin inkişafında maraqlı olan beynəlxalq investisiya şirkətləri, maliyyə təşkilatları, dövlətlər və kommersiya strukturlarının iştirakı gözlənilir. Forumun proqramına panel sessiyaları, işgüzar görüşlər, investisiya layihələrinin təqdimatları, yaşıl texnologiyalar və davamlı inkişafa həsr olunmuş sərgi daxildir.