“Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir” -  Vanq Yi

09:08 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin xarici işlər naziri Vanq Yi Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransının (MSC 2024) “Çinin dünyadaki yeri” adlı sessiyadakı çıxışında ölkəsinin beynəlxalq strategiyası və təhlükəsizlik siyasəti ilə bağlı qiymətləndirmələr edib.

Hafta.az-ın yazdığına görə, Yaxın Şərqdə sülhün bərqərar olması üçün Fələstin xalqına qarşı tarixi ədalətsizliyin sona çatmasının lazım olduğunu vurğulayan Vanq, "Fələstin xalqı nəsillər boyu didərgin düşüb, öz vətənlərinə dönə, müstəqil dövlət qura bilməyib. Bu, dünyada davam edən ən uzun ədalətsizlikdir. Biz bunun 21-ci əsrdə davam etməsinə imkan verməməliyik" deyib.

Çinin Fələstin məsələsində bərabərlik və ədalətin tərəfdarı olduğunu, münaqişələri sona çatdırmaq və mülki insanları qorumaq üçün çalışdığını vurğulayan Vanq, müstəqil Fələstin dövlətinin qurulmasını sürətləndirmək, İsraillə Fələstinin həqiqətən dinc-yanaşı yaşamasını təmin etmək üçün hərtərəfli dəstək vermək üçün səylərin göstərildiyini söyləyib. O, bu müstəvidə beynəlxalq sülh konfransının çağırılmasının tərəfdarı olduqlarını qeyd edib.

Cənab Vanq Yi İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə təzyiq göstərməsinin ardından ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi birliyin Yəməndəki hədəflərə hücumları ilə Qırmızı dənizdə gərginliyin Qəzza böhranına təsirinə diqqət çəkərək deyib ki, Qırmızı dənizdə təhlükəsizliyin təmini üçün tədbirlər beynəlxalq hüquqa uyğun olmalı, yəni  Təhlükəsizlik Şurasının verdiyi səlahiyyətlə edilməlidir.

Qırmızı dənizdəki gərginliyin kökünün Qəzzadakı vəziyyət olduğunu bildirən Vanq, “Qəzzada dərhal atəşkəs elan olunmalı və qarşıdurmalara son qoyulmalı, humanitar dəhlizlərin önünü kəsən maneələr aradan qaldırılmalı və iki dövlətli həll prosesini canlandırmaq üçün beynəlxalq sülh konfransı keçirilməlidir. Biz humanitar böhranın daha çox davam etməsinə icazə verə bilmərik” deyə bəyan edib.

İsrailin təhlükəsizliyinin ancaq iki dövlətli sülh yolu ilə təmin oluna biləcəyini ifadə edən Vanq, "Bir ölkə başqalarının etibarsızlığı bahasına öz təhlükəsizliyini təmin edə bilməz" xəbərdalığını edib.

2023-cü ilin dünyanı daha çox qarışıqlıq və problemlərlə qarşı-qarşıya qoyacağını bildirən Vanq, proteksionizm və təhlükəsizlik anlayışından sui-istifadənin qlobal iqtisadiyyata mənfi təsir göstərdiyi beynəlxalq sistemin təktərəflilik və blok siyasəti nəticəsində pozulduğuna diqqət çəkib.

Ukrayna böhranı davam edərkən, Yaxın Şərqdə qarşıdurmaların yenidən ortaya çıxdığına və süni intellektdən istifadə, iqlim dəyişikliyi, kosmos və qütb bölgələrinin yeni problemləri ortaya çıxardığına diqqət çəkən Vanq deyib ki, dünya necə olursa olsun, dəyişikliklərdən sonra Çin məsuliyyətli böyük ölkə olaraq öz prinsip və siyasətlərini qoruyun saxlayacaq.

Vanq Yi Çinin Ukrayna böhranında sülhü təşviq etmək və danışıqları asanlaşdırmaq səylərindən əl çəkmədiyini, Sədr Si Cinpinin bu mövzuda Rusiya və Ukrayna liderləri ilə danışıqlar apardığını və Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Cay ilə görüşlər keçirdiyini bildirib.

Çinin Ukrayna məsələsində tərəf olmadığını, səylərinin yeganə məqsədinin münaqişəni sona çatdırmaq və sülh danışıqlarına yol açmaq olduğunu vurğulayan Vanq, “Problemin həlli üçün bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət olunmalı, bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqları aradan qaldırılmalıdır. Bu, ciddi qəbul edilməli və sülhə töhfə verən bütün səylər dəstəklənməlidir” deyib.

Vanq həmçinin bildirib ki, Çin Koreya yarımadasındakı münaqişələrin siyasi həllini dəstəkləyir, Myanmada tərəflər arasında atəşkəsin əldə olunmasına vasitəçilik edir və ASEAN ölkələrini daxili işlərə qarışmamaq prinsipi çərçivəsində problemi çözməyə təşviq edir. Bununla yanaşı, Pekin Əfqanıstanda yeni administrasiyaya inklüziv siyasi çərçivə yaratmağı tövsiyə edib. O, ölkəyə mötədil siyasətin qəbulu, terrorizmin yenidən yaranması və yayılmasının qarşısını almaq üçün səmərəli dəstək verdiyini bildirib.

Vanq Cənubi Çin dənizindəki suverenlik mübahisələrinə gəlincə, bölgənin tarixən Çinə aid olduğu iddiasını təkrarlayıb və buradakı mübahisələrin güc yolu ilə deyil, dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını və buna uyğun olaraq 2002-ci ildə 10 ASEAN ölkəsi ilə Cənubi Çin dənizində Tərəflərin Davranış Kodeksi Bəyannaməsini imzaladıqlarını nəzərə çatdırıb. O, bununla da regionda naviqasiya və uçuş azadlığına yol açdıqlarını deyib.

Tayvan məsələsinə gəlincə, Vanq deyib ki, Tayvan Çinin ayrılmaz hissəsi və daxili işidir, vətəndaş müharibəsindən sonra yenidən birləşmə ilə bağlı yaranan ayrılıq gec-tez sona çatacaq. O əlavə edib ki, Tayvan boğazında sülh və sabitlik üçün “tək Çin” prinsipi qorunmalı və Tayvanın "müstəqilliyinə" qarşı çıxmaq lazımdır.

Böyük güclər arasında əlaqələrin qlobal sabitlik üçün vacib olduğunu vurğulayan Vanq deyib ki, rəqabət yalnız qlobal riskləri artıracaq. Ona görə də problemlərin həlli üçün əməkdaşlıq və koordinasiyaya ehtiyac var.

Çin və ABŞ liderlərinin keçən il San-Fransiskoda keçirdikləri görüşün iki ölkə arasındakı münasibətlərin gələcəyinə baxışı ortaya qoyduğunu bildirən Vanq, Çinin bu anlaşma çərçivəsində öz fundamental maraqlarını qətiyyətlə müdafiə edəcəyini, əlaqələrin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan prinsiplərinə əsaslanaraq davam edəcəyini bildirib.

Vanq Çinin ikitərəfli münasibətlərini ən böyük qonşusu Rusiya ilə ittifaq qurmamaq, qarşıdurmalara girməmək və üçüncü tərəfləri hədəf almamaq prinsipləri çərçivəsində davamlı şəkildə inkişaf etdirdiyini, bunun hər iki ölkənin maraqlarına töhfə verdiyini bildirib.

Çin və Avropanın dünyanın iki ən böyük bazarı, gücü və sivilizasiyası olduğunu bildirən Vanq, tərəflərin geosiyasi və ideoloji təxribatlardan uzaq durmalı, bir-birini rəqib deyil, tərəfdaş kimi görməli olduğunu vurğulayıb.

Çin iqtisadiyyatının 2023-cü ildə dünya iqtisadi artımının üçdə birinə uyğun gələn 5,2 faiz böyüyəcəyinə diqqət çəkən Vanq, “Çin dünyanın ən böyük bazarı olmağa doğru irəlilədikcə, bu, qalan ölkələrə daha çox qazanc təmin edəcək. Yüksək keyfiyyətli inkişafın Çin xalqının yeni dövrdəki ən mühüm siyasi razılaşması olduğunu vurğulayan Vanq, Si Cinpinin Çinin dünyaya qapılarını daha çox açacağını vurğuladığını xatırladıb.

Çinlə iqtisadi əlaqələrdə asılılıqla bağlı riskləri azaltmaq üçün Qərbin və Avropanın son yanaşmasına gəlincə, Vanq, “Riskləri azaltmaq adı ilə Çini iqtisadi cəhətdən kənarlaşdırmaq tarixi səhv olardı. Dünya iqtisadiyyatı kiçik göllərə bölünə bilməyən bir okeandır. İqtisadi qloballaşma tendensiyası geri dönməzdir” deyə xəbərdarlıq edib.