İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC ilk dəfə Özbəkistana elektrod ixracına başlayıb.
Hafta.az xəbər verir ki, bu barədə İZİA-dan məlumat verilib. Bildirilib ki, şirkət tərəfindən bu ölkəyə ümumilikdə 200 ton həcmində məhsul göndərilməsi nəzərdə tutulur. Bu, həmçinin Azərbaycanın Özbəksitana ilk elektrod ixracıdır.
Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində iki növdə olmaqla 8 ölçüdə elektrod istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir. İnvestisiya dəyəri 7.5 milyon manat olan zavodda 20 nəfər daimi işlə təmin edilib.



