Parisin ifşa olan casus oyunu - TƏHLİL

15:54 28.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

"İdentificator.in.ua" saytı dekabrın 21-də məlumat yayaraq bildirib ki, Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsinin aşkarlanması həmin mərkəzləri yenidən aktivləşdirib.

Fransa casus şəbəkəsi ilə bağlı yerləşdirilən xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.

Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının araşdırdığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq.

Yayılan xəbərlərdə Fransa Prezidenti Emmanuel Makronun Fransa Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. Xatırladaq ki, B.Emyer bu ilin aprelində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə səfər etmişdi.

Afrika və Cənubi Qafqaz regionunda kəşfiyyatın uğursuzluğundan sonra onun mümkün istefası müzakirə edilməyə başlanılmışdı. Hələ 2023-cü ilin avqustunda E.Makron Fransa xarici kəşfiyyatının rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib.

Beləliklə, Fransanın ölkəmizə qarşı növbəti çirkin və qərəzli bir qəsdinin üstü açılıb. Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə səslənən sülh təşəbbüsləri, müvafiq qərarlar, addımlar Fransa kimi dövlətləri narahat edir. Onun iki ölkə sərhədində gərginlik yaratmaq planı baş tutmadıqda, daxildə qarşıdurma yaratmaq cəhdi işə düşüb.

“Öz maraqlarını təmin etmək üçün başqalarına qarşı təzyiq yolunu davam etdirən Fransa və yaxud digər Qərb dövlətləri bizə nə qədər ziyan vuracaqlarsa, özlərini Cənubi Qafqazdan daha çox uzaqlaşdıracaqlar. Çünki Azərbaycanla dost olamadan, Azərbaycanın mövqeyini, maraqlarını regionda təmin etmədən, heç bir kənar dövlətin Cənubi Qafqaz maraqlarını təmin etmələri mümkün deyil”.

Bunu hafta.az-a politoloq Rəşad Bayaramov Ermənistanı himayə edən Fransanın Qafqaz siyasəti və Makronun indiki durumu ilə bağlı şərhində bildirib.

R.Bayramov bu gün Azərbaycanın haqlı olaraq Fransanı oyundankənar vəziyyətdə saxladığını qeyd edib. O, artıq Ermənistanla son danışıqların ikitərəfli formatda keçirildiyini qeyd edərək, bu günlərdə Sankt-Peterburqda MDB başçılarının zurvə görüşündə, prezident İlham Əliyevlə, erməni baş nazir Paşinyan arasında olan ayaqüstü söhbətin vasitəçilər olmadan baş tutmasını təsadüfi saymayıb.

“Əgər Ermənistan müstəqil dövlət olmaq istiqamətində addımlar atacaqsa, Qərb, Fransa regionda Rusiyanın regiondan uzaqladırılması yolunun Ermənistanla Azərbaycan arasında sülhdən keçdiyini dərk edəcəklərsə, o zaman həm Azərbaycan, Ermənistan, eləcə də region dövlətlərinin hər biri üçün daha yaxşı inkanlar yaranacaq”.

Politoloq Fransa və Qərbin Cənubi Qafqazla bağlı dəyişməyən mövqeyi və bu istiqamətdə bölgə ilə bağlı çıxardıqları oyunlara diqqət çəkib.

“Fransanın Cənubi Qafqaz maraqlarının arxasında əsas iki məqam dayanır: Bunlardan biri  Cənubi Qafqaz regionunun Avropa və Asiya arasında dəhliz rolu oynamasıdır. Yəni, Cənubi Qafqaz Orta Asiyanı Avropa, Şərq-Qərblə birləşdirən körpü rolunu oynayır. Dəhlizlərin Cənubi Qafqazdan keçməsi ayrı-ayrı ölkələrin bu regiona olan maraqlarını artırır.  Çünki dəhlizlər üzərində nəzarət təkcə dəhlizlərin keçdiyi region üzərində nəzarət deyil, həm də o dəhlizlərdən istifadə eliyən bütün ölkələrə təsir etmək imkanı əldə etmək deməkdir.

Digər vacib amil isə Cənubi Qafqazın Qərbin,  ABŞ-ın özünə əsas düşmən elədiyi iki ölkənin  -İranla Rusiyanın sərhəddində yerləşməsidir. Bu baxımdan, ABŞ və Fransanın Cənubi Qafqaz maraqları uzun illərdir ki, davam edir və zaman -zaman da hər iki dövlət maraqlarının təmin edilməsindən istifadə edirlər”.

 R.Bayramov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında atəşkəs dövründə aparılan danışıqlar zamanı Fransanın konkret addımlar atmaması, işğala qarşı mövqe bildirməməsi, prosesi uzatmağa çalışması regionda dayanıqlı sülhə qarşı olmaları məhz bu amillərlə bağlıdır. 

“Amma 2020-ci il 44 günlük savaşda Azərbaycanın qazandığı qələbə  regionda yeni reallıqların yaranmasına gətirib çıxartdı. O zaman ABŞ və Fransa artıq təsir imkanlarını əldən buraxmamaq üçün digər mövqe ortaya qoydular. Bu zaman münaqişə tərəflərindən birini davamlı dəstəkləməklə Azərbaycan ərazisində separatçı rejimin qorunub saxlanılmasını təmin etmək və separatçı rejimi beynəlxalq təhlükəszilik zəmanəti altında regiona soxulmaq idi. Fransa bir neçə dəfə BMT-də Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsziliyi məsələsini ön plana çəkərək, regiona beynəlxalq missiyaların yerləşdirilməsi ilə bğlı qətnamələrin qəbul edilməsinə cəhd göstərdi".

R.Bayramov hesab edir ki, Azərbaycanın apardığı antiterror əməliyyatları və ondan sonrakı məsələnin BMT-də müzakirə olunub nəticəsiz qalması, Avropa İttifaqında Azərbaycanla bağlı qətnamə qəbuluna Macarıstanın veto qoyması və nəhayət beynəlxalq tribunalarda Azərbaycana qarşı qərarların qəbul olunmasına nail ola bilməmələri, eləcə də agentura şəbəkəsinin aşkarlanması Qərbin, Fransanın planlarını alt-üst etdi.

“Fransanın agentuta şəbəkəsinin fəaliyyətinin qarşısı  Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində ifşa olunaraq alındı. Bu Qərbdə böyük əks-səda doğurdu.  Makronun məcbur olaraq Fransa Xüsusi Xidmət orqanının rəhbərini vəzifəsindən azad etdi. Bu, onu göstərr ki, biz beynəlxalq tribunalarda Fransanın təzqyiqlərinin qarşısını almağa müvəffəq olduğumuz kimi, kəşfiyyat  agentura şəbəkəsinin əl qolunu bağlamaqla, Fransaya növbəti zərbəni vurmağa nail olduq. Sonrakı proseslər Fransanın hadisələrə yanaşmasından asılı olacaq”.

"Azərbaycanın Xarici İşlər Nazirliyinin Fransa səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” elan etməsi bir daha göstərir ki, Fransanın uğursuz xarici siyasəti nəticə etibarilə ancaq özünə düşmən qazandırır. Dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib. Bununla yanaşı, Cənubi Qafqazda regional gücə çevrilən Azərbaycanın müstəqil xarici siyasəti bu dövlətin bütün planlarını alt-üst edib. Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarına, necə deyərlər, “çomaq soxub”.

Bunu isə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Fransanın agentura şəbəkəsinin ifşasının Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində baş verdiyini vurğulayan deputat əlavə edib: “Xatırlatmaq yerinə düşər ki, Qərb mediası Prezident Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib. Fransa hazırda demək olar ki, hər bir cəhətdən Azərbaycanın qarşısında məyusluq hissi yaşayır. Çünki siyasi meydanda da Prezident İlham Əliyev Fransa liderini məğlub etməyi bacarıb. Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT səviyyəsində, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri cavabsız və nəticəsiz qalıb. Bu baxımdan biz diplomatik yolla da bu dövləti proseslərdən kənarda tuta bilmişik. Əslində, bundan bir növ Ermənistan nəticə çıxarmalıdır. Çünki onun havadarı olan Fransanın beynəlxalq hüquqazidd əməllərinin ifşa olunması gələcək üçün yaxşı heç nə vəd etmir”.

Milli Məclisin deputatı Azər Badamov ermənidən çox ermənilik edən Fransanın yenə də "oyun"dan kənar vəziyyətdə qaldığını bildirib. Deputat təəssüflə qeyd edib ki, Azərbaycanın zəfərini həzm edə bilməyən dövlətlər var.

Onun sözlərinə görə, həmin dövlətlər Ermənistana dayaq olur, onu silahlandırır və yenidən regionda gərginliyi artırmağa çalışır: “Bu dövlətlərin başında Fransa dayanır. Rəsmi Paris heç cür Azərbaycanın uğurlarını, pozulmuş ədalətin bərpa edilməsini qəbul edə bilmir. Torpaqlarımız işğal altında olduğu 30 ildə Fransa ölkəmizə olan qəzəbini açıq şəkildə ifadə etmirdi. Amma BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin icra olunmaması üçün ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olaraq gizli şəkildə çalışdı və Azərbaycanın erməni işğalı ilə barışması üçün əlindən gələni etdi. Biz də saf niyyətlə Fransa ilə dostluq əlaqələrini qurmağa, şəhərləri qardaşlaşdırmağa və xalqlarımızı yaxınlaşdıraraq əlaqələri möhkəmləndirməyə çalışırdıq".

A.Badamov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul etdirməyə cəhdlər göstərən Fransanın iç üzü açıldı: "Sonradan da rəsmi Paris BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirmək cəhdlərini davam etdirdi. Lakin Azərbaycanın dost dövlətləri Fransanın çirkin niyyətinin həyata keçməsinə imkan vermədi. Fransa müharibədən sonra da Azərbaycanla Ermənistan arasında münasuibətlərin normallaşdırılması prosesinə töhfə vermək adı altında yenə meydana çıxdı. Hətta ATƏT-in keçmiş Minsk Qrupunu da yenidən canlandırmağa çalışdı. Bu qrup tarixin arxivinə göndərildiyindən Fransanın bütün cəhdləri boşa çıxdı. Azərbaycana qarşı cəhdləri boşa çıxan Makron hakimiyyətinin nümayəndələri keçmiş qondarma quruma humanitar yükləri göndərmək adı altında Laçın sərhəd-buraxılış məntəqəsinə qədər gələrək ölkəmizə durbinlə baxdılar və selfi çəkdirib geri qayıtdılar. Azərbaycana qarşı ABŞ senatında da qətnamələr qəbul etdilər. Hətta Almaniyanı da Azərbaycana qarşı kampaniyaya cəlb etdilər. ABŞ-nin Milli Konqresində keçirlən dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayn Azərbaycanla əlaqələrin əvvəlki kimi olmayacağını bəyan etdi. Azərbaycandakı ABŞ səfirliyi tərəfindən ABŞ-də təhsil alanlarla görüş adı altında onlar agentura şəbəkəsini yığmağa çalışdılar".

Parlamentari xatırladıb ki, 19-20 sentyabrda keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Fransa yenə hərəkətə keçərək Azərbaycana qarşı uydurma sənədlər qəbul etdirmək istəyib: "Fransanın Ermənistanla birgə yalanları yenə də tutmadı və tarixin zibilliyinə atıldı. Nəticədə isə vasitəçilk adı altında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılamısına vasitəçilik etmək adı ilə mane olanlar "oyun"dan kənar vəziyyətə düşdülər. Noyabrda Dubayda keçirlən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) son 33 illik tariximizdə ilk dəfə olaraq Ermənistan öz namizədliyini geri çəkərək Azərbaycanın COP29-a ev sahibliyi edilməsi sənədinə imza atdı. Sonra da dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Prezident Administarsiyası ilə Ermənistan Baş Naziri Aparatı arsında birbaşa əlaqə yaradılaraq hərbçilər dəyişdirildi. Hazırda isə sülh müqaviləsinin imzalanması üçün vasitəçilərin iştirakı olmadan sənədlər mübadilə olunaraq razılaşdırılır".