Partiyalar büdcədən maliyyələşsin - Arzuxan Əlizadə

12:42 03.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən Müharibəsindən sonra siyasi partiyalar arasında münasibətlərin formaca dəyişməsi, məzmunca müsbət nəticələrə hesablanan addımlar, mülahizələr irəli sürülsə də, “kül altında közün közərdiyi” də müşahidə olunur. Hazırkı mərhələdə aparılan islahatların siyasi partiyalardan da yan keçmədiyi müəyyən nüansları ilə diqqət çəksə də, siyasi partiyaların vaxtaşırı bir-birinin “köhnə yaralarını qopartdığı” müşahidə olunur. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə maraqlı fikirlər söyləyib.

- Arzuxan bəy, son bir neçə gündə media və sosial şəbəkələr üzərindən AMİP, Ümid Partiyası arasında bir-birlərinə qarşı ittihamedici, sərt çıxışları görürük. Niyə bu siyasi partiyalar bir-birini ittihamdan əl çəkmir?

- Əslində, bu məsələ son iki gündə baş verib. Hamıya yaxşı məlumdur ki, ölkədə son 3 il ərzində siyasi partiyalar arasında münasibətlərin istiləşməsi istiqamətində addımlar atılıb. Çox təəssüflər olsun, bəzi siyasi partiya rəhbərləri şou-biznesdə olan müğənnilər kimi tanınmaq, üzə çıxmaq, gündəmdə qalmaq üçün qalmaqallara üstünlük verirlər.

- Ümid Partiyasının buna ehtiyacı var?

- Bəlkə də ehtiyacı var ki, bu cür addımlar atır.  İki gün əvvəl saytlardan birində yazılmışdı ki, Etibar Məmmədov seçki koalisiyası yaratmaq istəyir. Burada heç bir qəbahət yox idi. Heç kəs də bunu özünə qarşı təhqir kimi qəbul etməməlidir.  Amma bu təxəyyülün məhsuludur. Təəssüflər olsun, ondan 2 gün sonra adını çəkdiyiniz siyasi partiyanın sədri, rəhbərliyində olan bir-iki nəfər də eyni qaydada hərəkət etdi.

- Adını çəkmək istəmirsiniz, küsübsünüz? Ümid Partiyasının sədri İqbal Ağazadə...

- Xeyr, heç kəsdən də küsməmişik.  Sadəcə olaraq, həmin şəxs  xoşagəlməz fikirlər bildirdi. Bir yandan deyir, Etibar bəyin şəxsiyyətinə böyük hörmətim var, digər tərəfdən, xoşagəlməz ifadələr səsləndirir. Onun müavinləri, yanında olan bəzi funksionerlər çox yersiz ifadələr səsləndirməklə gündəmə gəldilər. Qarşı tərəfdən də cavablar oldu. Sözün açığı, mən qarşısını almaq istədim. Təhqir bir dəfə olunanda cavabı verilməyəndə qarşı tərəf fikirləşir ki, yox, elə bunların üstünə getmək olar. Bunlar elə hesab edirlər ki, Azərbaycan siyasətində olan adamlar heç nəyi bilmirlər. Axı cəmi 20 il əvvəl olan hadisələr hamının yadındadır...

Əslində, partiyalar arasında bu cür münasibətlərin olmasını istəməzdim. Hesab edirəm, partiyalar sivil münasibətlər əsasında formalaşmalıdır Partiya sədrləri sivil münasibət, siyasi əxlaq nümayiş etdirməlidirlər ki, cəmiyyət də müsbət fikir oyansın. Amma belə məsələlər üzündən cəmiyyətdə siyasi partiyalara münasibət neqativ olur.

- 44 günlük müharibədən əvvəl və sonra iqtidar-müxalifət dialoqu, müxalifətin öz arasında dialoq yaratma cəhdləri baş verdi. Düşündük ki, artıq siyasi partiyalar arasında barış elan olunub. Necə hesab edirsiniz, bu gün ölkədə vəziyyətin hələ də gərgin olduğu bir ərəfədə hansısa maraqlı güclər yenə də daxildə vəziyyəti gərginləşdirməyə çalışa bilərmi?

- Ola bilsin, bu hansısa dairələr vasitəsilə idarə olunan məsələdir. Görünür, kimlərsə maraqlıdır ki, siyasi partiyalar arasında münasibətlər pisləşsin. Azərbaycanda dövlətçiliyi, millli dəyərləri hər şeydən üstün tutan partiyalar var və bu siyasi təşkilatlarla da yolumuza birgə davam edəcəyik. Birgə davam edəcəyik ki, Azərbaycan daha da inkişaf etsin, güclənsin.

44 günlük müharibə zəfərlə bitdi. Amma problemimiz bununla bitibmi, yox. İstər daxildə, istər sərhəddə kifayət qədər gərginlik var. Şimaldan, Cənubdan basqılar var ölkəyə. 

- Postmüharibə dövründə siyasi partiyaların münasibətlərində hansı yenilənmə müşahidə olunur?

- Təəssüflər olsun, uzun müddət ərzində ölkənin siyasi gündəmində siyasi partiyaların mövqeyi ilə bağlı çox ziddiyyətli məqam yaranmışdı.  Xüsusilə də 2002-ci il referendumunda proporsional seçki sistemi ləğv edildikdən sonrakı dövr ərzində siyasi partiyaların bütövlükdə ölkənin siyasi gündəminə təsir etmək imkanları azalan istiqamətdə getdi. 

Siyasi partiyalar ölkənin siyasi sisteminin əsas seqmentlərindən biridir və bu təşkilatların ölkəmizin gündəminə təsir etmək imkanlarından məhrum olunması ölkənin inkişafına təsir edə biləcək amillərdən biridir. Ona görə də siyasi partiyalara lazımi şərait yaradılmalıdır.  Siyasi partiyalara məhdudiyyətlər qoyulmamalıdır. 

- Bu günlərdə “Siyasi partiyalar haqqında” qanunun qəbul olunmasından danışılır. Necə hesab edirsiniz, qanunda hansı müddəaların yer almasını mühüm hesab edirsiniz?

- “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul olunub və bugünədək, təxminən, ona 27 dəfə düzəliş olunub.  Bu gün “Siyasi partiyalar haqqında” Qanunda bir sıra məqam var ki, onlara düzəlişlər, dəyişiklik, əlavələr edilməlidir.

Birmənalı olaraq hesab edirəm ki. siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Dövlət büdcəsi hər birimizin dövlət büdcəsinə verdiyimiz vergilər hesabına formalaşır. Həmin büdcədən dövlətin vacib institutlarından biri olan siyasi partiyaların maliyyələşməsi olduqca mühüm məsələdir. Belə olmayacağı təqdirdə, siyasi partiyalar qaranlıq mənbələrdən maliyyələşə bilirlər ki, bu da hər bir halda dövlətin əsaslarına təhlükə yarada biləcək amildir.

Siyasi partiyaların qeydiyyatdan keçməsi ilə bağlı məsələlər sadələşdirilməlidir.  Siyasi partiyanın mövcudluğuna, yaxud sıradan çıxmasına insanlar özləri qiymət verməlidirlər. Bir siyasi partiya normal rəqabətli seçkilərdə uğur qazanmırsa, parlamentdə təmsil oluna bilmirsə, bələdiyyələrdə təmsil oluna bilmirsə, prezident seçkilərində iştirak etmirsə, onun fəaliyyəti böyük sual yaradır. Ona görə də belə partiyaların ləğvi məsələsi də qoyula bilər.

- Parlamentdə təmsil olunan müxalifət partiyasının nümayəndəsi təkliflə çıxış edib ki, siyasi partiya rəhbəri, həm də dövlət qulluqçusu statusuna malik olmalıdır. Sizcə, bu status nəyi dəyişəcək, əhəmiyyəti nədir?

- Bunların hər biri ayrı-ayrılıqda müzakirə oluna biləcək məsələlərdir.  Partiyalarda rəhbərlikdə təmsil olunan çoxlu vətəndaşımız var ki, bu gün heç yerdə işləmirlər və müəyyən yaşa çatdıqda fəaliyyətlərinə görə təqaüd ala bilmirlər. Bu yaxınlarda Müsavat Partiyasının uzun müddət başqanı olmuş İsa Qəmbərə bu səbəbdən 180 manat müavinət təyin olundu. Baxmayaraq ki, uzun müddət partiya sədri olub, bir müddət parlament spikerinin müavini olub, amma iş yeri qeyd olunmadığına, vergi ödəmədiyinə görə ona müavinət verilmədi. Bundan əvvəl bizim istiqlalçı deputatlarımız oldu ki, deputatlara verilən müavinətlərdən kənarda qaldılar. Qanunvericiliyə dəyişiklik olunmalıdır.

- Partiyalara ofislər veriləndə, iqtidar partiyaları ilə bir yerdə işğaldan azad olunmuş rayonlara səfərlərə gedib, birgə tədbirlər keçirən zaman sizə qısa şəkildə desək, “hakimiyyətə qulluq edən müxalifət” adı qoyuldu. Partiyalara maliyyə ayrılarsa, hansı münasibət sərgilənəcək? Partiyalara maliyyə ayrılarsa, cəmiyyətdən növbəti qınağa tuş gəlmə ehtimalı varmı?

- Birincisi, qərargahların verilməsi ilə bağlı çox yanlış yanaşmalar oldu. O yanaşmanı ortaya atan partiyalardan biri də Müsavat Partiyası idi. Hansı ki, 2001-ci ildə bizim qərargahımız əlimizdən alınan vaxt Müsavat Partiyasına dövlət tərəfindən qərargah verilmişdi. Məhz onlar da partiyalara qərargahlar veriləndə başladılar ki, “hakimiyyətə işləyəcəklər” və sair... Xalq Cəbhəsi Partiyası da qərargahla təmin olunmuşdu, amma onlar da buna qarşı danışdılar. Bir çox hallarda dövlətlə hakimiyyəti qarışdırırlar. Qərargahın verilməsi dövlətin borcudur və burada qəbahət yoxdur. Bu, siyasi partiyanın fəaliyyətinə müsbət təsir edə bilər. Biz eyni zamanda şəffaf maliyyələşməni nəzərdə tuturuq və bu da Azərbaycan dövlətinin büdcəsi hesabına ola bilər. O büdcədən maliyyələşmə hakimiyyətədən maliyyələşmə deyil.  Ona görə də bu, siyasi partiyaların fəaliyyətinə bu və ya digər formada təsir etməyəcək. Cəmiyyət buna da hazır olmalıdır. Cəmiyyət doğru-düzgün məlumatlandırılmalıdır ki, kənar fikirlər səslənməsin.

Oxunma sayı 169