Paşinyan kimin agentidir: Qərbin, bəlkə Rusiyanın?

10:59 15.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hazırda Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya sadiq hesab olunan Serj Sərkisyanı “məxməri” inqilabla devirib  hakimiyyətə gəldiyi ilk günlərdən Rusiyameyilli əksər şərhçi və araşdırmaçılar onun Qərbin, daha doğrusu, ABŞ kimi dövlətlərin alətlərindən biri olan, “rəngli inqilab”lar ustası, dələduz milyarder  Corc Sorosun “adamı” olduğunu vurğulayırdı.  Azərbaycanın 44 günlük müzəffər savaşından, yəni işğal altındakı torpaqlarımızın əksər hissəsinin birbaşa nəzarətimizə keçməsindən sonra,  Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın “mənəvi oğlu” haqqındakı fikirlər daha da haçalandı. Opponentləri onu nəinki Qərbin, ABŞ-ın, Türkiyənin, hətta Azərbaycanın “agenti” adlandırmaqdan belə çəkinmədilər.  2021-ci ilin əvvəllərindən isə daha bir ağlasığmaz iddia yayılmaya başladı: əksəriyyətin onun Rusiyaya qarşı olduğunu düşündüyü Paşinyan guya elə Rusiyanın özünün gizli agentidir...

Bəs əslində Paşinyan hansı ölkənin adamı, yaxud agentidir?  Bu suala daha yüksəkehtimallı cavab tapmaq üçün  obyektimizin müxtəlif ölkələrin agenti olması haqda əsas fikirləri nəzərdən keçirərək təhlil və müqayisə etməyə çalışaq.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambarsumyanın bu il iyunun əvvəlində baş nazir vəzifəsini icra edən N. Paşinyanın  Qərbin agenti olması ilə bağlı  açıqladığı məlumatdan sitat:

“Üç il əvvəl ölkəmizin xaricində xüsusi xidmət orqanları birisini işə cəlb edə bildi. Ləqəbi “Çaqqal” idi. Onun nəinki vətən sevgisi, hətta hissləri, inamı yox idi. Vampir kimi davranır, pulu və şantajı sevirdi. O, islah olunmayan yalançı idi. Bu keyfiyyətləri ilə bölgədəki geopolitik maraqlarını həyata keçirən xarici xüsusi xidmət orqanları üçün müstəsna bir tapıntı idi. “Çaqqal” dağıdıcı hərəkətlərə tam hazır idi. Öz  niyyətini həyata keçirmək üçün pul problemi yaşamırdı. Xeyriyyə təşkilatları və digər adlar altında maliyyə mənbələri yaradıldı. Məsələn, bu prosesdə xarici fondlar – USAİD, NDİ, “Freedoom House”, Açıq Cəmiyyət – Ermənistan kimi təşkilatlar fəal iştirak etdirdi. Bu strukturların rəngli inqilablarda böyük təcrübələri var…

Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabitləri Paşinyanı agent olmaqda ittiham edirlər.  Xüsusi xidmət orqanları əvvəlcə Paşinyanın agent olduğunu bilməyiblər. Baş nazirin xarici kəşfiyyatla əlaqələri barədə Rusiya tərəfi məlumat verib. Əslində, ruslar Paşinyan barədə hər şeyi bildiklərini, baş nazir onlara qarşı oyun oynayarsa, hər şeyi üzə çıxaracaqları barədə mesaj verirlər” –sitatın sonu.

“Ermənistanda Arsaxı, Sünik və Gegarkunikin yüksəkliklərini Azərbaycana hədiyyə edən Nikol Paşinyan adlı bir azərbaycanlı agent var”. Bu fikir isə Ermənistanın Vatikandakı keçmiş səfiri, terrorçu eks-prezident Serjik Sərkisyanın kürəkəni Mikael Minasyana məxsusdur.

“Qatı turk yenə də gizli danışıqlar apardığını və yeni anti-erməni sənədini imzalayacağını elan etdi.

Fakt 1. Yenidən xalqdan gizli, təkbaşına dövlətin taleyini həll edir, Ermənistanın suverenliyini təhlükə altına atır və ölkəni təslim edir.

Fakt 2: Yenidən gizlicə Azərbaycanın xeyrinə növbəti güzəştlərə getməyə razılaşdı.

Fakt 3: Düşmən Ermənistan ərazisində irəliləməyi və güclənməyə davam etdiyi təsdiqləndi (250 nəfərlik Azərbaycan ordusu 500 nəfər oldu).

Fakt 4. Tavuş kəndlərini düşmənə təslim edəcəyini təsdiqlədi və bəlkə də ardınca Sevan və Jermuk dağlarını da verəcək” – sitatın sonu.

Rus-erməni mediameykeri, jurnalist, "İzvestiya” qəzeti redaksiyasının direktorlar şurasının sədri Aram Qabrelyanov isə 2021-ci il yanvarın 21-də jurnalistlərə verdiyi müsahibəsində belə iddia edib:

"Paşinyan Serj Sarkisyanın rəhbərliyi altında ingilis kəşfiyyatı tərəfindən işə götürüldü və türklərə verildi. Artıq bütün gizli kartlar açılıb. Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsi Ermənistan ərazisindən Naxçıvana dəhliz açmaqdır. 1 marta qədər sənədi imzalayacaq və 1 martda "təşəkkürlər, salam əleykum, sağ olun” deyib pulu götürüb gedəcək” - sitatın sonu.

Göründüyü kimi, artıq martın 1-dən 4 ay yarım keçib. Ancaq Paşinyan hələ də İrəvandakı kabinetindədir. Üstəlik, seçkilərdə də qalib gəlib…

Paşinyanın Rusiya xüsusi xidmət orqanlarının agenti olması haqda müəllifinin adı gizli saxlanılan və Rusiyanın “FİSHKİ.NET” nəşrində dərc olunmuş aşağıdakı versiya isə bugünədək üzə çıxan iddialar arasında daha məntiqli və əsaslı görünür.

Həmin materialın tərcüməsini bütövlükdə nəzərinizə çatdırırıq:

«Son aylarda Ermənistanın baş naziri o qədər rusiyapərəst bəyanatlar verib ki, Ermənistanın bütün əvvəlki liderləri hamısı birgə bunu edə bilməyiblər. O,  Ermənistanla Rusiya arasındakı münasibətləri yaxşılaşdırmağı, iki ölkə arasındakı inteqrasiya dərəcəsini artırmağı və s. təklif ediи. 

"Ermənistan-Rusiya əməkdaşlığını və Rusiya Federasiyası ilə hərbi-siyasi müttəfiqliyi dərinləşdirmək gündəmimizdəki mövzulardan biridir. Rusiya tərəfindən də analoji  istək var"- Nikol Paşinyan 20 yanvar 2020-ci il tarixli çıxışında növbəti dəfə bəyan edib.

Paşinyan sayəsində Qarabağda sülhməramlı adı altında Rusiya Federasiyasının bütöv bir quru qoşun birliyi peyda oldu… Və görünən odur ki, onun hakimiyyətə gəlməsinin mənası məhz bundan ibarət idi: Türkiyənin oraya girişini məhdudlaşdırmaq üçün Rusiya Silahlı Qüvvələri birləşmələrinin Cənubi Qafqaza yeridilməsi. Paşinyanın sözləri ilə əməlləri üst-üstə düşmür. Sözdə o, "Sorosun adamı", "Qərb xüsusi xidmətlərinin agenti"dir, amma əslində bütün siyasəti Ermənistan və Rusiyanın inteqrasiyasına və SSRİ-nin bərpasına yönəlib...

Nikol Paşinyan klassik casusluq modelinə əsasən hərəkət etdi – özünü onlara “özlərininki” kimi təqdim edərək Ermənistanın qərbyönümlü müxalifət dairələrinə nüfuz etdi və sonra  onun imicinin hazırlandığı məqsədin tam əksini etdi. Almaniyanın yuxarı dairələrinə nüfuz edən, lakin SSRİ-nin mənafeyi naminə işləyən Stirlits personajı da belə idi...

Nikol Paşinyan:

1) Bütün hay-küyə rəğmən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı sonda həbs etmədi. Eks-prezidentə qarşı təhdidlərin bir mif olduğu ortaya çıxdı. Və Köçəryan  Ermənistanda rusiyapərəst sayılır;

2) Ermənistanda digər rusiyapərəst siyasətçi sayılan  keçmiş prezident və baş nazir Serj Sarkisyana qarşı, demək olar ki,  heç bir şey etmədi;

3) Ermənistandakı qərbyönümlü ideyanın reytinqini məhv etdi. Qarabağdakı müharibə zamanı “qərbyönümlü” lider kimi imicini tam aşağı saldı;

4) Ermənilərə, ruslara və bütün dünyaya "qərbyönlü" ideyanın bu fikri qəbul edən insanların torpaqlarının itirilməsinə gətirib çıxardığını göstərməklə Vladimir Putinin hakimiyyətini, Serj Sarkisyanın, Robert Köçəryanın isə imicini gücləndirdi;

5) Ermənistanın keçmiş prezidentləri tərəfindən Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana verilməsi ilə bağlı qəbul edilmiş Madrid prinsiplərini bir çox cəhətdən həyata keçirdi.

Hazırda Nikol Paşinyan və Vladimir Putin ölkələrini dəmir yolu ilə birləşdirəcək nəqliyyat infrastrukturu qurmağa hazırlaşırlar.

Rusiyanın 2018-ci ildə Ermənistanın daxili işlərinə müdaxiləsinə gəldikdə:

Bütün bunlardan belə çıxır ki, Nikol Paşinyan “qərbyönümlü” bir siyasətçi, “Sorosun adamı” deyil, əksinə, Rusiyanın Ermənistandakı maraqlarını təmsil edir. 2018-ci ildə onun hakimiyyətə gəlməsi erməni müxalifətinin onu öz çevrələrinə alması üçün KİV-də və sosial şəbəkələrdə fəal şəkildə Paşinyanın “qərbyönümlü” olduğu barədə məlumat yayan Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildi.  Ancaq bunun bir tələ olduğu ortaya çıxdı. Və erməni xalqına "qərbyönümlü" deyil, rusiyapərəst bir lider nəsib oldu.

Mövcud təhlillərə, faktlara və siyasətdə baş verənlərə əsaslanaraq 2018-ci ildə Rusiyanın Ermənistanın daxili işlərinə qarışdığına və müdafiəsini hakimiyyətə gətirə bildiyinə dair birmənalı nəticəyə gələ bilərik. Erməni xalqı yanıldıldı.

Rusiya ilə münasibətdə dünyanın fərqli bir yerində yerləşən ABŞ-ın qorxduğu məhz oxşar proseslərdir. Ancaq Ermənistan, demək olar ki, Rusiya ilə qonşu olduğu üçün daxili işlərinə müdaxilə təhdidlərinə məhəl qoymadı və müstəqil siyasət yürüdə bilmədi. Ermənistanın keçmiş prezidentləri də onun "qərbyönümlü" imicini dəstəkləməklə və publikaya Paşinyanın "əleyhdarları" rolunu oynamaqla onun hakimiyyətə gəlməsinə öz töhfəsini verdi”.

Sonda ekspert qismində keçmiş təhlükəsizlik əməkdaşı, ləğv olunmuş Azərbaycan Milli Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərin də “Paşinyan hansı ölkənin agentidir” sualına münasibətini  təqdim edirik:

“Bilirsiniz, kimisə - hansısa dövlət, hökumət adamını hansısa ölkənin agenti olmasında suçlamaq üçün əldə tutarlı əsaslar, sənədlər olmalıdır.  Əlimizdə heç bir tutarlı fakt, sənəd olmadığı halda isə şübhələndiyimiz hər hansı bir siyasətçinin, dövlət başçısının, nazirin və s. yalnız siyasi yönü haqda fikir söyləmək olar.  Mən əslində Paşinyanın Rusiyayönümlü olduğunu düşünənlərdən deyiləm. Daha çox o fikirdəyəm ki, Paşinyan qərbyönümlüdür.  Və bu da bizim - Azərbaycanın maraqlarına uyğundur. Belə olduğu halda Ermənistan qismən də olsa, əsas müttəfiqinin birinin dəstəyini itirir. Təsəvvür edin ki, seçkilərdə Xocalı canisi, Ermənistanın eks-prezidenti Robert Köçəryan qalib gələydi və indi baş nazir o, olardı. Putinin dostu... Təbii ki, hazırkı  variant bizim üçün ən əlverişli variantdır. Yeri gəlmişkən, qeyd edim ki, savaşın əsas tərəflərindən biri kəşfiyyat savaşıdır. Bu baxımdan  əslində Azərbaycan kəşfiyyatı elə bir gücə sahib olmalıdır ki, Ermənistanda istədiyi partiyanı hakimiyyətə gətirə bilsin.  Azərbaycanın bunun üçün kifayət qədər resursları var. Bizim müvafiq qurumlar elə bir informasiya siyasəti aparmalıdır, psixoloji savaşı elə qurmalıdır ki,  Ermənistan daim səksəkədə  olsun və ermənilər bütün partiyalardan, onların liderlərindən şübhələnsinlər”.

Beləliklə, Paşinyanın hansı ölkənin agenti olması haqda son nəticəyə gəlməyi oxucuların öz öhdəsinə buraxırıq...

 

Oxunma sayı 6547
Siyasət rubrikasından digər xəbərlər