“Paşinyan Moskvada mina xəritələrini AZƏRBAYCANA VERƏCƏK, ƏVƏZİNDƏ...”

16:52 26.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gəldi. Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonundakı ilk Hava Limanının açılışına qatıldı. Zəngəzur dəhlizinin təməli qoyuldu.

Noyabrın 8-9-da isə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Vladimir Putinin Rusiyada görüşəcəyi bildirilir. Üçtərəfli görüşdə yeni sənədlərin imzalanması gözlənilir.

Bunun ardınca Prezident İlham Əliyev noyabrın 12-də İstambula səfər edəcək və Rəcəb Tayyib Ərdoğanla növbəti dəfə görüşəcək.

Regionda müşahidə olunan bu proses mühüm hadisələrin gedişindən xəbər verir. Maraqlıdır, bu rəsmi görüşlər indiki real vəziyyətdə nəyə hesablanır. Gözlənildiyi kimi Rusiyada baş tutacaq üçtərəfli görüşlərdə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiyası, kommunikasiyaların açılması ilə bağlı hansı razılaşmaların əldə olunacağı, hansı sazişlərin imzalanması nəzərdə tutulur. Rusiya və Türkiyənin də iştirak etdiyi bu görüşlərdə Azərbaycanı qane etməyən hansı şərtlərin ortaya atılması mümkündür?

Politoloq Zərdüşt Əlizadə hafta.az-a bildirib ki, 44 günlük müharibədə hər iki tərəf böyük itkilər versə də, bu gün tərəflər səy göstərməlidirlər ki, bölgəni ağır post-müharibə vəziyyətindən çıxarmaq mümkün olsun, davamlı sabitlik, sülh əldə edilsin.  Politoloq hesab edir ki, məhz bunun üçün Azərbaycan və Ermənistan rəhbərləri Rusiyanın, Türkiyənin vasitəçiliyi ilə müəyyən əlaqələr qurmaqla danışıqlara başladılar və məsələlərin öz həllini tapmalı olduğunu müəyyənləşdirdilər. 

“Bunlardan birincisi dünənə qədər bir-birini tanımayan düşmən dövlətlərin arasında sərhədlərin əvvəlki xəritələrə uyğun olaraq delimitasiyası və demorkasiya əməliyyatlarının həyata keçirilməsidir. Bu çox mürəkkəb, ağır qərarların qəbul olunacağı məsələlərdir. Çünki Ermənistan Azərbaycanın sərhədlərini Qarabağın Azərbaycan torpaqları olması ilə birgə tanımalıdır. Eyni zamanda erməni dövlət ideologiyasının təməl qüsurlarından biri olan  Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi ideyasından əl çəkməsi və etiraf etməsi baş verməlidir.  Bu da ermənilər üçün ağrılıdır”.

Z.Əlizadə hesab edir ki, müharibədən sonra yaranmış vəziyyət ermənilərin xeyrinə deyil. Onun fikrincə, Türkiyənin, Rusiyanın, dünya dövlətlərinin mövqeyi  artıq Ermənistanı delimitasiya məsələsində danışıqlara başlamağa, bu məqsədə hansısa dövlət komissiyası yaratmaqla qərar qəbul etməyə məcbur edib.

“Görünür ki, Moskvada  keçiriləcək üçtərəfli görüşdə Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin qəbul elədiyi qərarlardan biri də delimitasiya ilə bağlı olacaq.  İkinci qərar isə Ermənistanın minalarla bağlı xəritələri Azərbaycana verməsi olacaq. Əvəzində Azərbaycanda saxlanılan erməni hərbçilərinin Ermənistana qaytarılması mümkündür.  Bu da sülh istiqamətində Azərbaycanın xoş niyyətini nümayiş etdirəcək. Bundan sonra artıq tərəflər arasında ümumi razılıq yaranar və nəqliyyat, kommunikasiya  xətlərinin açılması qərarı gerçəkləşər. Yəqin ki, bunlar həyata keçiriləndən sonra Azərbaycan və Türkiyənin bu məsələ ilə bağlı mövqelərini möhkəmlətmək, müəyyənləşdirmək üçün İlham Əliyev noyabrın 12-də Türkiyəyə səfəri gözlənir”.

Politoloq bütövlükdə hesab edir ki, 44 günlük müharibə nə qədər ağır olsa da, sülh istəkləri ilə bağlı addımları göstərir ki,  Qarabağ münaqişəsi tədricən səngiməyə və öz  həllini tapmağa yönlənib. 

Z.Əlizadə hesab edir ki, Türkiyə ilə Rusiya arasında razılıq olmasaydı, bu proses baş tuta bilməzdi. Onun sözlərinə görə, necə ki, 1920-ci illərin əvvəllərində Rusiya-Türkiyə razılaşmasının nəticəsində bölgə müəyyən bir tarixi dönəmə şahid oldu, indi də Türkiyə-Rusiya razılaşması bölgə üçün çox mühüm rol oynayır.

“Bu proses eyni zamanda Rusiya-Türkiyə əməkdaşlığıni dərinləşdirir və hər iki dövlətin beynəlxalq aləmdə mövqeyini gücləndirir. Rusiya ilə Qərb arasında əməkdaşlıq yoxdur, Türkiyə ilə Qərb arasında bir çox məsələlərdə fikir ayrılıqları var. Rusiya ilə Türkiyə arasında fərqli yanaşmalar olsaydı, Qarabağ məsələsində ortaq məxrəcə gəlib real fəaliyyət göstərə bilməzdilər”.

Z.Əlizadə bildirib ki, Azərbaycan tərəfi müharibədə qalib tərəfdir və bu danışıqlarda, əldə olunan razılaşmalarda Azərbaycanı qane etməyən qərarların qəbul olunacağını düşünmürəm. 

Oxunma sayı 2425
Siyasət rubrikasından digər xəbərlər