Paşinyanın devrilməsi Bakıya sərf etməyəcək - Turan Rzayev

11:49 09.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Politoloq Turan Rzayevlə hafta.az üçün söhbətimizdə  Brüssel görüşü öncəsi Qarabağ və Ermənistan sərhədləri məsələləri ətrafındakı siyasi durum, amerikalı məşhur politoloq Pol Qoblun Ermənistan-Azərbaycan qarşıdurmasının həlli və tərəfləri sülhə gətirmək üçün verdiyi təkliflər, Ermənistan baş naziri Nikol Paşinyanın devriləcəyi halda mühitin hansı istiqamətdə dəyişə biləcəyi və s. mövzularda danışdıq.

- Brüssel görüşü öncəsi Qarabağda və ya Ermənistanla sərhəddə hansısa gərginlik gözlənilirmi?

- Gərginliyin olması rəsmi İrəvanın atacağı addımlardan asılı olacaq. Bütün hallarda rəsmi Bakı regionda gərginliyin yaranmasını istəmir. Bizim niyyətimiz davamlı müharibə olsaydı, şübhəsiz, bunu etmək üçün ordumuz da, siyasi iradəmiz də var idi. Rəsmi Bakı indiki halda sərhədlərin demarkasiya və delimitasiyasının Ermənistandan provakasiya olmadan və süni maneələrsiz aparılmasını, Zəngəzur dəhlizinin açılmasını istəyir. Bu istək həm 44 günlük müharibənin qalibiyyəti, həm də 10 Noyabr bəyanatından irəli gəlir. Ermənistan bu məsələdən nə qədər yayınmaq istəsə də, buna nail ola bilməyəcək. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın deyil, regionda marağı olan bütün qüvvələrin istəyidir. Ermənistan bütün bunlara baxmayaraq, öhdəliklərdən yayınmaq istəsə, bu gərginliyin yenidən yaranmasına gətirib çıxara bilər. Brüssel görüşünə gəldikdə isə görüşöncəsi bu və ya başqa formada gərginliyi artırmaq heç kəsə sərf etmir. Rəsmi İrəvan buna əl atsa, bu görüşöncəsi onun özü üçün yaxşı heç nə vəd etməyəcək. Düşünürəm, gərginliyi artırmaqdan çox tərəflər hazırda görüşöncəsi bunu azaltmağa çalışır. On erməni divresantının Ermənistana təhvil verilməsi əvəzinə minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi bunu göstərir...

-  Məşhur politoloq, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl Caliber.az-a müsahibəsində Ermənistan-Azərbaycan qarşıdurmasının həlli və tərəfləri sülhə gətirmək üçün 3 variant təklif edib:

–   birincisi, bir tərəfin digər tərəf üzərində qeyd-şərtsiz və tam hərbi qələbəsi;

–    ikincisi, xarici oyunçu tərəfindən sülh nizamlanmasının sırınması;

–    üçüncüsü, tərəflərin sövdələşməsi.

Elə bir sövdələşmə ki, Ermənistan və Azərbaycan malik olduqlarından  imtina etmək müqabilində istədiklərini alacaqlar. Yəni Ermənistan və Azərbaycan kompromisə gedəcək və hər tərəf özünə lazım olanı əldə edəcək. Zəhmət olmasa, hər bir variant haqda fikirlərinizi söyləyərdiniz...

- ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl kifayət qədər təcrübəli insandır. Onun Ermənistan-Azərbaycan qarşıdurmasının həlli və tərəfləri sülhə gətirmək üçün təklif etdiyi 3 variant da maraqlıdır. Hesab edirəm, onun təklif etdiyi 1-ci variant hazırda aktualdır. Rəsmi Bakı Ermənistan kapitulyasiya aktı imzalayana qədər müharibəni davam etdirə bilərdi. Ermənistan 10 Noyabr bəyanatını imzalayana qədər müharibəni davam etdirdi. 10 Noyabr bəyanatı yekun sülh müqaviləsi olmadığı üçün iki ölkə arasında siyasi müstəvidə müharibə hələ də davam edir. Yəni rəsmi İrəvan sərhədlərin demarkasiya və delimitasiyasını icra etməsə, Zəngəzur dəhlizini açmasa, rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq Ermənistanı sülhə məcburetmə əməliyyatına başlaya bilər...

Pol Qoblun ikinci təklifinə gəldikdə isə deyə bilərəm ki, o, “xarici oyunçu tərəfindən sülh nizamlanmasının sırınması” deyərək Rusiyanı nəzərdə tutur. Yəni Pol Qobl faktiki olaraq Rusiyanın tərəfləri zorla danışıqlar masasına oturtduğunu demək istəyir. Hər halda bu, onun öz fikridir, lakin  düşünmürəm ki, mövcud danışıqlar prosesi Kremlin Bakı və İrəvana diqtəsi ilə baş verir. Soçidə keçirilən son görüş zamanı ölkə başçısının Putin ilə səmimi ünsiyyəti  buna misal ola bilər. Digər tərəfdən, regionda Türkiyə faktoru da var ki, bu faktor da özlüyündə Kremli ehtiyatlı davranmağa vadar edir. Yəni görünür, Pol Qobl mövcud vəziyyətdə Bakının diplomatiyasını hesaba almadan Rusiya faktoruna görə belə variantı irəli sürür. Maraqlıdır, prosesdə Rusiya yox, ABŞ iştirak etsə idi, Pol Qobl Vaşinqtonun vasitəçiliyini “xarici oyunçu tərəfindən sülh nizamlanmasının sırınması” kimi adlandıra bilərdi?

Üçüncü varianta gəldikdə,  deyə bilərəm ki, indiki halda bu, real deyil. Tərəflərin sövdələşməsi elə bir sövdələşmədir ki, Ermənistan və Azərbaycan malik olduqları nələrdənsə imtina etmək müqabilində istədikləri bir şeyi alacaqlar, demək doğru deyil. Bu, faktiki olaraq qalib və məğlub tərəfin eyniləşdirilməsi, işğalçı və işğala məruz qalanın eyni tutulmasıdır. Rəsmi Bakı onsuz da Ermənistana çox güzəştə gedir. Rəsmi İrəvana indiki halda ediləcək bir güzəştin ardı-arası kəsilməyəcək. Rəsmi Bakı Zəngəzur dəhlizinin açılması sonrası Ermənistanın blokadadan çıxması, 6-lıq platformada region ölkələri ilə bərabər hüquqda iştirak etməsi, hətta gələcəkdə reallaşacaq enerji layihələrində iştirak etməsini təklif edir. Bundan böyük güzəşt, kompromis ola bilərmi?..

- Azərbaycan əsasən  Rusiyanın təklif etdiyi həll variantına, hazırkı Ermənistan hakimiyyəti isə Qərb variantına üstünlük verir. Belə olan halda iki ölkə arasında sərhədlərin müəyyən olunması və sülh sazişinin imzalanması məsələsi illərlə çəkə bilməz ki?

- Azərbaycanın Rusiya ilə birlikdə təklif etdiyi variant daha məqbuldur. Sərhədlərin demarkasiya və delimitasiyası, eyni zamanda, Zəngəzur dəhlizinin açılması hansı əsasla qeyri-konstruktiv hesab edilə bilər? Ermənistana gəldikdə, rəsmi İrəvan 27 illik “danışıqlar prosesin”də olduğu kimi, indi də prosesi uzatmağa çalışır. Digər tərəfdən, Ermənistan Qərb variantına üstünlük verə bilər, lakin Qərbin regiona təsir imkanı Kreml qədər deyil. Bu mənada Ermənistan Qərbin təklifi ilə çətin ki, nəsə etsin...

- Ermənistanda Paşinyan devrilərsə və yenidən Rusiyameyilli hakimiyyət qurularsa, proseslər hansı istiqamətdə inkişaf edə bilər? Revanşist güclər daha da fəallaşar, yoxsa əksinə, rəsmi İrəvan tərəfindən Putinin qarant durduğu 10 Noyabr Bəyanatında nəzərdə tutulan bütün işlərin görülməsi üçün addımlar atılar?

- Hesab edirəm, Paşinyanın devrilməsi rəsmi Bakıya sərf etməyəcək. Baxın, bu heç də Paşinyana rəğbətdən irəli gəlmir. Real yanaşmaq lazımdır. Kreml Paşinyanı cəzalandırır, həm də ehtiyat edir. Paşinyanın qərbpərəst siyasəti Kreml nəzdində qəbuledilməzdir. Moskva Paşinyanı nəzarətdə saxlamaq üçün daxildəki rusmeyilli qüvvələrdən istifadə edir. Bu, o demək deyil ki, Kreml Paşinyanı devirmək istəyir.  Rusiya anlayır ki, Paşinyan imkan düşən kimi Qərbə inteqrasiya edəcək və rus asılılığından çıxacaq. Buna görə də bu və ya başqa formada ona təzyiq etmək istəyir. Paşinyanın hakimiyyətdə qalması rəsmi Bakıya ona görə sərf edir ki, Paşinyan hakimiyyətdə qaldıqca Kreml daim Ermənistandan narahat olacaq. Digər tərəfdən, Nikol Paşinyan səhv etməyə meyilli bir rəhbərdir ki, bu da Bakıya sərf edir. Qarabağ klanı yenidən hakimiyyətə gəlsə, düşünürəm, regiondakı siyasi balans əsaslı sürətdə dəyişə bilər. Əvvəla, ona görə ki, bu baş versə, Rusiya Ermənistandan daha narahat olmayacaq və 44 günlük müharibə öncəsi vəziyyət təkrarlana bilər. Söhbət 27 illik mənasız danışıqlar prosesi və status-kvonun saxlanılmasıdır. Bu mənada Paşinyanın hakimiyyətdə qalması bizim maraqlarımıza cavab verir...

- Sizcə, Rusiya lideri Putinin və baş diplomatı S.Lavrovun “status məsələsinə sonra baxıla bilər” kimi fikirləri, eləcə də Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin ölkənin Müdafiə Nazirliyinin rəsmi saytındakı gündəlik informasiya bülleteni və xəritələrində Azərbaycan Respublikasının öz ərazisi üzərindəki suveren haqlarına hörmətsizlik edərək  “Dağlıq Qarabağ” ifadəsini inzibati ərazi vahidi kimi işlətməsi,  Şuşanı, hətta Laçını “Dağlıq Qarabağın rayonu” kimi təqdim etməsi, Xankəndini “Stepanakert”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni” və s. adlandırması və digər davranışları Kremlin də yaxın gələcəkdə Qarabağdakı ermənilərə status verilməsinə nail olmaq niyyətindən xəbər vermirmi?  

- Hesab edirəm,  Qarabağ klanı hakimiyyətdə olsaydı və ya gələcəkdə olsa, bu senari özünü doğrulda bilərdi. Mövcud şərtlər daxilində bu mümkün deyil. Digər tərəfdən, ölkə başçısı Prezident İlham Əliyev birmənalı surətdə qeyd edib ki, bu və ya başqa formada status məsələsi müzakirə predmeti deyil. Məncə, bu sözdən sonra status məsələsi ilə bağlı bütün suallar mahiyyətini itirir. Düşünmürəm ki, Kreml Paşinyan hakimiyyətdə olduğu müddətdə Qarabağ ermənilərinə status verilməsinə çalışsın. Digər tərəfdən, bu heç Kremlin səlahiyyətində olan məsələ də deyil. Hesab edirəm ki, bizim ölkədə proseslərə regional sferadan baxılır. Kreml ətrafında, yəni beynəlxalq aləmdə geo-siyasi vəziyyət də gərgindir. Rəsmi Moskva ABŞ təzyiqləri ilə üz-üzədir. Belə real təhlükə altında, çətin ki, Kremli Qarabağ düşündürsün...

Oxunma sayı 54