Paşinyanın devrilməsi inandırıcı görünmür - Ərəstun Oruclu

11:35 22.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün bu dəfəki söhbətimizdə Ukraynada Rusiya ordusunun ciddi uğursuzluqlarının ardınca postsovet məkanında baş verən Azərbaycan-Ermənistan sərhədindən çoxsaylı itkilərlə nəticələnən qarşıdurma, Qırğızıstan-Tacikistan sərhədində yenidən alovlanan silahlı münaqişə, bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri və digər olayların bir-biri ilə geo-siyasi baxımdan bağlılığı haqda danışdıq. Həmçinin son hadisələr fonunda Ermənistanda  Paşinyan hakimiyyətinin Rusiyayönümlü müxalifət tərəfindən devrilməsi cəhdləri, eləcə də Ukraynadakı faktiki silsilə hərbi məğlubiyyətlərdən sonra Rusiyanın hazırkı prezidenti Vladimir Putinin siyasi səhnədən getməsinin vaxtı və s. haqda müzakirə apardıq.

-Ərəstun bəy, Ukraynada Rusiya ordusunun yüzlərlə məntəqədən çıxarılmasıyla cəbhədə ciddi dönüş yaranmasından sonra Ermənistanın Azərbaycanla sərhəddə təxribatı nəticəsində yaranmış qanlı qarşıdurma, ardınca Qırğızıstan-Tacikistan sərhədində yenidən alovlanan silahlı münaqişə... Və bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri... Bu hərbi və siyasi olaylar arasında geo-siyasi baxımdan hansı bağlılıq, əlaqə görürsüz?..

-Sadalanan hərbi və siyasi proseslər; istər Ukrayna-Rusiya konflikti və bunun ardınca Ukraynanın əks-hücuma keçərək Rusiyanı ciddi məğlubiyyətlərə uğratması və həmən bu  mərhələdə Azərbaycan-Ermənistan sərhədində gərginlik və nəhayət, Tacikistan-Qırğızıstan münaqişəsinin alovlanması və s. onu göstərir ki, artıq Rusiya Qərb istiqamətində, yəni Ukraynadakı məğlubiyyətini anladığından digər istiqamətlərdə revanş götürməyə can atır. Bəs həmin istiqamətlərin mahiyyəti nədən ibarətdir?..

 Ümumiyyətlə, Ukrayna konfliktinin  başlıca səbəblərindən biri Rusiyanın böyük Şərq-Qərb dəhlizini Qara dəniz və Ukrayna üzərindən kəsmək cəhdi idi. Amma NATO-nun, Qərbin, xüsusilə də ABŞ-ın müqaviməti nəticəsində bu cəhdin qarşısı alındı. Yəni hələlik alınmaq üzrədir. Və belə görünür ki, tamamilə alınacaq da... Artıq hərbi strateji vəziyyət Ukraynanın xeyrinə dəyişməyə başlayıb. Və Moskva üçün sözügedən dəhlizi kəsməyin iki yolu qalır; bunun biri Mərkəzi Asiyadır, digəri isə Cənubi Qafqazdır. Bilirik ki, Mərkəzi Asiyada Rusiya ilk cəhdi bu ilin yanvarında Qazaxıstanda etdi. Amma orada Çin çox aktiv şəkildə proseslərə müdaxilə edərək Rusiyanı faktiki olaraq Qazaxıstandan sıxışdırıb atdı. Və bu gün də görünür ki, Qazaxıstanda verilən qərarlar, bəyanatlar, atılan addımlar birmənalı  və açıq şəkildə anti-Rusiya xarakteri daşıyır.  Belə olduqda bölgədəki vəziyyəti gərginləşdirmək və Mərkəzi Asiyada destablizasiya yaratmaq üçün Rusiya iki zəif həlqə olan Qırğızıstan və Tacikistana əl atdı. Özbəkistanı manipulyasiya etmək asan deyil.  Türkmənistan isə bu proseslərdən bir qədər araılıdır və bəhs edilən dəhlizə aidiyyatı cüzidir. Odur ki, bu dəfəki hədəf Tacikistanla Qırğızıstan seçildi. Qeyd edilən münaqişələr bir-biri ilə birbaşa əlaqəlidir və məhz Rusiya tərəfindən qızışdırılır.

Dediyim kimi,  Şərq-Qərb dəhlizini kəsən digər yol Cənubi Qafqazdan keçir. Və Rusiya buradakı Ermənistan-Azərbaycan konfliktini yenidən alovlandırmaq, bölgəyə qoşun yeritmək və Yaxın Şərq istiqamətində keçən kommunikasiyaları nəzarətə götürmək məqsədi güdür. Hələlik bu da alınmır. Biz gördük ki, məhz elə Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT çərçivəsində Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridilməsinə razılıq vermədi...

Deməli, bütün sadalanan konfliktlərdə əlaqə birbaşadır...

 Nensi Pelosinin bölgəyə səfərinə gəldikdə bu, öncədən planlaşdırılmış səfər idi. Bu, yeni səfər  deyildi. Sadəcə olaraq Ermənistanla sərhəddəki son qarşıdurmanın ardınca baş tutdu. Və Pelosi, başqa sözlə, ABŞ göstərdi ki,  Ermənistan üzərindən bu və ya digər dəhlizin açılmasında maraqlı deyil. Və İrəvandan səslənən bəyanatlar da buna açıq işarədir. Artıq Ermənistanda Rusiyanı KTMT-dən çıxmaqla hədələyirlər. Və erməni ictimai-siyasi dairələrində açıq şəkildə anti-Rusiya siyasi xətti yürütmək haqqında müzakirələr gedir...

-Sizcə, bütün bu baş verənlərdən sonra Zəngəzur dəhlizinin tezliklə açılması mümkün olacaqmı?

-Son baş verənlər, yəni Ermənistanın Qərbdən, xüsusən ABŞ-dan dəstək alması onu göstərir ki, Zəngəzur dəhlizinin açılması tezliklə mümkün olmayacaq. Və ümumiyyətlə, bunun mümkün olub-olmayacağı özü böyük bir sualdır. Mən belə görürəm prosesi... Hər bir halda bundan sonra Ermənistana qarşı “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq xeyli dərəcədə çətin olacaq. Bir şərtlə ki, Ermənistanın daxilində hansısa destablizasiya baş verməsin. Amma nəzərə alsaq ki, ABŞ-ın da Ermənistana təsiri yetərincədir, Ermənistandakı Paşinyan hökuməti Amerikayönlü hökumətdir, ABŞ da böyük geo-siyasi xəritədə fəaliyyət göstərən super güc kimi, əlbəttə, öz tərəfdaşlarını qoruyacaq. O cümlədən də Paşinyan hökumətini... Yəni bütün bunlar Zəngəzur dəhlizinin açılması prosesini nəinki gecikdirmiş olur, ümumiyyətlə, dediyim kimi həmin prosesi şübhə altına alır...

-Yəqin ki, bu gedişlə Rusiya “sülməramlı” hərbi kontingenti ərazimizdən çıxarılmamış Xankəndi, Xocalı və s. məntəqələrimizin yurisdiksiyamıza keçirilməsi də mümkün olmayacaq?

-Rusiyanın dırnaqarası “sülhməramlı”larının nəzarətində qalan Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərə gəldikdə, təbii ki, həmin ərazilər bu gedişlə Azərbaycanın nəzarəti altına keçməyəcək. Ən azı, ona görə ki, belə bir addım atılacağı halda Rusiya ilə Azərbaycanın Ermənistana qarşı mövqeləri üst-üstə düşsə belə, bu, Rusiyanın maraqlarına zidd olacaq. Ona görə zidd olacaq ki, həmin bölgələrin Azərbaycanın yurisdiksiyasına keçməsi Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsidir. Məlumdur ki, bu halda oradakı erməni əhali birdəfəlik çıxıb gedəcək. Və yalnız Azərbaycana etnik təmizləmə və s. kimi mövzularda təzyiqlər ediləcək. Amma eyni zamanda bunlarla paralel Rusiya da bölgəni tamamilə tərk etməli olacaq. Və xüsusilə də nəzərə alsaq ki, bu gün Rusiyanın özünün Ermənistanda hərbi-siyasi mövcudluğu sual altına düşüb, əlbəttə ki, Kreml Qarabağı nəinki tərk etmək haqda düşünəcək, buralarda daha da möhkəmlənməyə çalışacaq...

- Azərbaycanla son silahlı toqquşmalar zamanı erməni ordusunda da baş vermiş çoxsaylı canlı itkilərdən sonra Ermənistandakı mövcud hakimiyyətə rusiyayönümlü müxalifətin təpkiləri ilə paralel Qərbin, ABŞ-ın dəstəyi də olduğundan, yəqin ki, artıq Paşinyanın devrilməsi gözlənilmir?

-ABŞ-ın açıq dəstəyi olduğu bir halda Paşinyanın hakimiyyətdən uzaqlaşdırmaq rusiyayönümlü müxalifət üçün çətin olacaq. Onu da unutmayaq ki, Nensi Pelosi son dövrdə Ermənistana səfər edən yeganə ABŞ təmsilçisi deyil. Bundan öncə təsir imkanları baxımından Pelosidən heç də geri qalmayan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru da İrəvana səfər etmiş, Paşinyanla görüşmüşdü... Belə olduğu halda, əlbəttə ki, Paşinyanın  mövqeləri güclənir. Yenə də xatırlatmaq yerinə düşər ki, Ermənistan Amerikanın ən böyük səfirliyi yerləşən 3 ölkədən biridir. Deməli, amerikalılar heç də asanlıqla öz tərəfdaşları olan Paşinyanın devrilməsinə imkan verməyəcəklər. Xüsusilə, Rusiyanın indiki vəziyyətində, onun sisteminin, dövlət maşınının sınmış olduğu bir durumda Paşinyanın devrilməsi inandırıcı görünmür. Və eyni zamanda nəzərə alsaq ki, ABŞ-Ermənistan münasibətlərinin  bu dərəcədə yaxınlaşması Amerika, Fransa və digər Qərb ölkələrindəki,  həmçinin Yaxın Şərq ölkələrindəki erməni diasporunun marağındadır. Odur ki, həmin rusiyapərəst müxalifət qrupları təklənmiş vəziyyətdə qalacaq. İnanmıram ki,  yalnız Rusiyadan dəstək almaqla onlar Paşinyanı devirə bilsinlər. Paşinyan ordunu da xeyli dərəcədə təmizləyib. Artıq Ermənistan ordusunda da güc yolu ilə dövlət çevrilişi edəcək güclü bir rusiyapərəst komanda qalmayıb. Düzdü, Moskvaya bağlı bu və ya digər adamlar var. Amma onlar artıq açar fiqurlar rolunda deyillər...

- Ukrayna ordusunun son irəliləyişləri ilin sonunadək Putinin  siyasi səhnədən getməsinə gətirib çıxara bilərmi?

-Əvvəlcədən də demişdik ki, Ukrayna ordusunun uğurları, qələbəsi Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Və bu məsələ də artıq reallaşmaqdadır. Təkcə Ukraynada deyil, bir sıra müxalif Rusiya mənbələrində də Putinin hakimiyyətdən gedəcəyi bir aksiom kimi təqdim olunur. Bu isə artıq ölkənin daxilindəki ab-havaya təsir etmək və ictimai rəyi buna hazırlamaq deməkdir. Yeri gəlmişkən, hətta Kreml təbliğatçılarının da tonu dəyişib. Artıq onlar tamam başqa şeylər danışır və başqa addımlar atırlar. Putinin əsas, şəxsi qoçusu olan Ramzan Kadırovun da ritorikası dəyişib. Eləcə də Putinin ən yaxın çevrəsindəki ən təsirli adamlar, görünən budur ki, artıq psixoloji baxımdan onun siyasi səhnədən getməyinə hazırdırlar. Bəs Putinin özü buna hazırdırmı?  Mənə elə gəlir ki, yola salınmaq məqamı çatanda artıq onun rəyini soruşan olmayacaq... 

Onu da deyim ki, bəlkə də bu hadisə ilin axırından da tez baş verdi. Bunu da istisna etmirəm. 

Oxunma sayı 2069