Peşə təhsil müəssisələrinin akkreditasiyası keçiriləcək

14:48 28.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti ildə peşə təhsil müəssisələrinin akkreditasiyası keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, diplomların beynəlxalq səviyyədə tanınması üçün işlər görüləcək.

C.Kərəmov həmçinin bildirib ki, 2023-cü ildə 21 minə yaxın peşə təhsilinə qəbul olub.

“Biz bu artımı bütün müəssisələrdə aparmırıq. Qəbulu ancaq keyfiyyətli təhsil verə bilən müəssisələrdə aparırıq. Son 5 ildə tələbə qəbulunda 50 faizə yaxın artım var. Hər il müraciətlərdə artımlar olur. Bizim ölkə üçün qəbulun səviyyəsi azdır. Bunu şərtləndirən amillər var. Biz həm də əmək bazarında olan vətəndaşların ixtisasartırmasını həyata keçiririk”,- deyə o, bildirib.

 

O əlavə edib ki, əmək bazarının vəziyyəti ilə bağlı ciddi araşdırmalara ehtiyac var.

“İstehsalata cəlb olunan tələbələrin aldıqları müavinətlərə müəyyən vergi güzəştlərinin tətbiq edilməyini istəyirik. Bu, gəlir kimi yox, xərc kimi qeydə alınmalıdır. Elə edilməlidir ki, müəssisələr də gənc kadrları cəlb etməkdə maraqlı olsunlar . Peşə təhsili sahəsində yeni təhsil modellərinin hazırlanması istiqamətində işlər aparılır . Bizim 5 ixtisas qrupu üzrə 200-ə yaxın yeni ixtisas təsnifata salındı. Təxminən 30-a yaxın ixtisas isə təsnifatdan çıxarıldı”,- deyə o, bildirib.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.