Putin heç vaxt sülh sazişinin imzalanmasına imkan verməyəcək - Sülhəddin Əkbər

13:54 17.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər hafta.az-a müsahibəsində son günlər erməni silahlı qüvvələrinin  Azərbaycan-Ermənistan sərhədində, eləcə də Qarabağ istiqamətində atəşkəsi pozması barədə fikirlərini ifadə edib, Rusiya-Qərb, ABŞ geo-siyasi qarşıdurması fonunda Ermənistanla sülh sazişinin imzalanması haqda proqnozlarını səsləndirib.

- Sülhəddin bəy, iyunun sonu iyulun əvvəlindən başlayaraq ermənilər tərəfdən Ermənistanla sərhəddə, demək olar ki, gündəlik atəşkəsin pozulması xəbərlərini eşidirik. Son günlər isə artıq Qarabağda: Ağdamda, Şuşada da atəş səsləri eşidilir. Bu, nədən xəbər verir?

-Tarixi düşmənlərdən nə gözləmək olar?  Hələ Rusiyadan, Ermənistandan  çox şey gözləmək olar. Onlar hələki sakit dayanıblar.  Görünür, nəyi isə gözləyirlər, hazırlaşırlar. Azərbaycan isə hazırda Rusiyanın, özünün və müttəfiqlərinin gücünü nəzərə alaraq məcburən düşdüyü bu vəziyyətlə müvəqqəti barışıbdır...

Təbii ki, biz yaranmış vəziyyətdə Azərbaycanın nə etməli olduğu haqda düşünməliyik. Bu mövzuda dayanmadan təkliflər veririk. Burada əsas  məsələ ondan ibarətdir ki, Azərbaycan daxili gücünü və potensialını daha da artırmalıdır. Beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalı və mövqeyini gücləndirməlidir. Eyni zamanda, Türkiyə ilə yanaşı, digər müttəfiqləri, potensial əməkdaşlarla əlaqələri yeni şəraitə uyğun daha yüksək səviyyədə qurmalıdır. Məsələn, qardaş  Pakistanla da Türkiyə ilə 2010-cu ildə imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin analoqunu imzalamalıyıq.  Düşmən görməlidir ki, Azərbaycanın yanında yalnız Türkiyə deyil, eyni zamanda  nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistan da dayanıb. Yəni biz əslində faktiki vəziyyəti rəsmiləşdirməliyik... 

Artıq uzun illər ölkəmizə siyasi, diplomatik, mənəvi, həmçinin hərbi-texniki  dəstək verən İsraillə münasibətləri rəsmiləşdirməli və bu dövlətlə strateji əməkdaşlıq haqqında müqavilə imzalanmalıdır. İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. Bunu gecikdirməyin mənası yoxdur... 

Onu da nəzərə almalıyıq ki, İkinci Qarabağ savaşı başa çatıb atəşkəs barədə razılaşma imzalansa da, Ermənistanla sülh sazişi yoxdur. Bu da o deməkdir ki, müharibə hər an yenidən alovlana bilər. Həm bunu , həm də savaşın yeni, siyasi-diplomatik müstəviyə keçdiyini nəzərə alıb biz Ermənistanı bu sahədə də udmalıyıq. Ondan ötrü də Ermənistanın arxasında duran tərəflə işləməliyik.  Rusiya ilə onsuz da mümkün olan iş aparılır. Buna toxunmaq istəmirəm. Yəni hakimiyyət o işi bu günədək bacarıb, bundan sonra da davam edəcək. O sahədə heç bir təklifim yoxdur.

-Bəs Qarabağda, Zəngəzurdakı qalan problemlərimizi həll etmək üçün ABŞ-la, Avropa Birliyi ilə necə işləməliyik?

-ABŞ-la Gürcüstan imzaladığı klimi, biz də strateji tərəfdaşlıq xartiyası imzalamalıyıq. Halbuki Gürcüstandan öncə o, bizə təklif olunub.  Eyni zamanda NATO-dan kənar əsas müttəfiq statusunu almaq üçün ABŞ-la danışığa başlamalıyıq.  Belə status alan 16 ölkə var ki, onlardan 8-i müsəlman ölkəsidir. Azərbaycan da həmin statusu ala bilər... 

Həmçinin NATO ilə genişləndirilmiş və ya dərinləşdirilmiş tərəfdaşlıq sazişi imzalanması da mümkündür...   

Avropa Birliyi ilə münasibətlər, heç olmasa, yeni səviyyəyə qaldırılmalıdır.  Bu sahədə biz Ermənistandan geridə qalırıq. Bildiyiniz kimi, bu il martın 1-dən Ermənistanla Avropa Birliyi arasında yeni saziş qüvvəyə minib. Azərbaycan isə ən azı hazırda müzakirə olunan və imzalanması yubadılan  sazişi imzalamalıdır. 

- 44 günlük savaşda yanımızda olduğu  bilinən Böyük Britaniya ilə münasibətlər haqda nə deyə bilərsiniz?

-Böyük Britaniya ilə onsuz da yaxşı münasibətlərimiz var. Niyə biz bunu rəsmiləşdirməyək?  Oardaş Türkiyə ilə də Böyük Britaniya arasında sıx münasibətlər qurulub. Və bu münasibətlər getdikcə inkişaf etdirilir. Odur ki,  həmin ölkə ilə də strateji tərəfdaşlıq haqqında, azad ticarət zonasının yaradılması haqda  sazişlər imzalanmalıdır. Bunda onlar da maraqlıdır... 

Biz addımların sayını artıra bilərik. Mən, sadəcə, əsas məsələlərə toxundum. Və biz deyilən addımları atmaqla düşmənə son zərbəni vurmağa hazırlaşmalıyıq və onun vaxtını düzgün müəyyən etməliyik. Strategiyada, güc, zaman və məkan həlledicidir. Azərbaycan Türkiyə ilə birlikdə 10 Noyabr razılaşmasından bəri Rusiyanın “sülhməramlı” missiyasının icra etməli olduğu, lakin icra etmədiyi  nə qədər məsələ varsa, hamısını sənədləşdirib Kremlin, Putinin qarşısına qoymalıdır. Bunun vaxtı çatıb. Artıq Rusiya ilə bağlı aktiv fazaya keçmək lazımdır.  Moskvadan konkret tələb olunmalıdır; ya  həmin məsələləri təcili həll et, ya da Azərbaycan dövlət olaraq özünün, müttəfiq və tərəfdaşlarının  hesabına yerdə qalan vəzifələrini də antiterror əməliyyatı aparmaqla yerinə yetirəcək. Qarabağdakı məsələləri tam və qəti həll edəcək...

-Rusiyanın Qarabağ, Ermənistanla barış məsələlərində bizə təzyiqlərini azaltmaq üçün  hansı vasitələrə əl atmalıyıq?

- Əsas bir vasitə var: daim Rusiyaya göstərmək lazımdır ki, o,  Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində inhisarçı tərəf deyil, burada başqa tərəflər də var. Bunun üçün Azərbaycan xüsusən ABŞ-la sıx işləməli və bu super dövləti də çox ciddi şəkildə prosesə cəlb etməlidir. Məsələn,  ABŞ-dan Azərbaycan-Ermənistan sərhədindəki delimitasiya, demarkasiya  prosesi, qarşılıqlı etimad yaradan addımlar atılması, nəhayət, sülh sazişinin imzalanması məsələlərində vasitəçilik etməsini istəmək olar.  O halda görün, Rusiya necə əl-ayağa düşəcək.  Necə ki, ABŞ Gürcüstan üzərindən Ağdamın mina xəritələrinin verilməsindən ötrü bir addım atan kimi Rusiya tez-tələsik bu məsələdə də aktivlik göstərdi və  bu dəfə iki rayonun- Füzuli ilə Zəngilanın mina xəritələrinin verilməsinə şərait yaratdı....

- Axı Qərb, ABŞ, Avropa da son 30 ildə olduğu kimi, ikiüzlülüyündən əl çəkmir...

-Əslində Qərb ikiüzlü yox, deyək ki, çoxüzlüdür. Biz artıq 30 ildir müstəqilliyimizi qazanmışıq və bu ilkin idealist təəssüratlarımızdan əl çəkməliyik. Ortalıqda xristian təəssübkeşliyi də var. Biz artıq real politikanı öyrənməliyik. Savaşın strateji xarakter aldığını hərtərəfli  və dərin savaş olduğunu bilməliyik. Bu mübarizənin bitmədiyini və bitməyəcəyini anlamalıyıq. Əgər biz müstəqil dövlətiksə, permanent müharibələr, münaqişələr olacaq. Bunlara daim hazır olmalıyıq...

-Söhbət həm də ondan gedir ki, artıq 8 aydan çoxdur Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti heç bir mandatsız Qarabağda - Azərbaycan torpağında ürəyi istədiyi kimi fəaliyyət göstərir. Amma istər ABŞ, istər Avropa ölkələri və onlara bağlı beynəlxalq qurumlar bu mövzuda rəsmi Moskvaya heç nə demir. Halbuki, başqa regionlarla bağlı,  digər mövzularda Putin hakimiyyətinə kifayət qədər təzyiqlər olunur...

-Moskvaya Qarabağ mövzusunda ona görə ciddi söz demirlər ki, ortalıqda xristian təəssübkeşliyi var və Rusiya onların da xristian qardaşlarının, yəni ermənilərin hüquqlarını qoruyur...

- ABŞ və Fransa da “avtoritar” dedikləri Rusiya ilə bərabər Minsk Qrupunun həmsədrləri kimi səfirlərinin Azərbaycan dövlətinin təşkil etdiyi xarici diplomatların Şuşaya səfərinə qatılmasına izn vermədilər... 

- Bilmək lazımdır ki, İslama qarşı mübarizədə, müsəlman ölkələrindəki xristianlarla bağlı məsələlərdə ABŞ-ın, Avropanın Rusiya ilə dil tapmasında problem yoxdur. Münaqişələr, vətəndaş savaşları baş verən  digər müsəlman ölkələrindəki problemlərə münasibətləri də eynidir....

-Sülhəddin bəy, dövlət başçısı İlham Əliyev  son çıxışlarında vurğulayır ki, biz Ermənistanla sülhə hazırıq, ancaq rəsmi İrəvan bunu istəmir. Necə hesab edirsiz, daha hansı qüvvə və amillər Azərbaycan-Ermənistan sülh sazişinə əngəl törədir?

-Əslində sülh sazişi hər iki ölkəyə; həm Azərbaycan, həm  də Ermənistana lazımdır. Eyni zamanda sülh yalnız bu ölkələrə deyil, region ölkələrinin inteqrasiyasını istəyən bütün qüvvələrə lazımdır. Yəni əgər bir regionda müharibə, münaqişə varsa, bu, o deməkdir ki, orada yollar bağlanır, ticari, iqtisadi,  nəqliyyat, enerji əlaqələrində ciddi problemlər yaşanır.  30 ildən çoxdur, Güney Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda Abxaziya, Osetiya münaqişələri xalqların normal, rifah halında yaşayışına mane olur...  

Əslində bunlara Rusiya ilə region dövlətləri arasında olan bir münaqişə kimi baxsaq, daha doğru olar.  Çünki əslində Rusiya onillərdir ki, Azərbaycana qarşı Ermənistan  və Qarabağdakı separatçı rejim vasitəsilə bir vəkalət müharibəsi  aparır. Eyni proses Abxaziya və Osetiya vasitəsilə Gürcüstana qarşı da aparılır. Və nə zaman ki, “vəkil”lərin başı əzilir, o zaman Rusiya meydana çıxır. Necə ki, 2008-ci ildə Gürcüstanda və 2020-ci ildə Azərbaycanda belə oldu...  O baxımdan bütövlükdə Güney Qafqazda sülh məsələsi Rusiya problemi ilə bağlı olan məsələdir. Nəyə görə?  Çünki regiondakı bu münaqişələr SSRİ dağıldıqdan sonra Rusiyadan ayrılıb müstəqilləşən ölkələrin xarici siyasi vektorunu öz istədiyi kimi müəyyən etməsinə, demokratikləşib Qərbə inteqrasiyasına mane olmaq üçün məhz Moskva tərəfindən törədilib və idarə olunur. Bu minvalla Kreml həmin ölkələri yenidən tam öz nəzarətinə qaytarmaq və mümkündürsə,  imperiyanı yeni şərait və şərtlərə uyğun bərpa etməyə cəhd göstərir. MDB, KTMT, Avrasiya İqtisadi Birliyi – hamısı bu məqsədə xidmət edir. Rusiya regionlarda, bu halda Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına imkan verərsə, artıq nə Moskvaya, nə də onun “sülhməramlı” ordusuna ehtiyac qalmayacaq.  Eyni zamanda Türkiyə ilə də barışıq yaranacağından Ermənistandakı “türk  qorxusu” da aradan qalxacaq. Və Moskva bu ölkəni “kiminsə hücumu”ndan qorumalı olmayacaq... Ona görə də Putin iqtidarı heç vaxt sülh sazişinin imzalanmasına imkan verməyəcək... Odur ki, Rusiyanın özündə demokratik bir hakimiyyət yaranıb postsovet regionlarından, Moskva yeni müstəqil dövlətlərə qarşı aqressiv siyasətdən əl çəkməyincə istər Ukrayna, istər Moldova,  istər Gürcüstanda, istərsə də Azərbaycan və Ermənistan arasında sülhdən, tam sabitlikdən danışmaq tezdir...

-Bəs Azərbaycanla Ermənistan arasında  sülh yaranmasında maraqlı olmayan digər dövlətlər hansılardır, sizcə?

-İkinci maraqlı olmayan əsas dövlət İrandır. Çünki rəsmi Tehran müstəqil, iqtisadi cəhətdən güclənən, inkişaf edən, xüsusən də demokratikləşən, azad ölkəyə çevrilən bir Quzey Azərbaycanın mövcudluğunu qətiyyən istəmir. Üçüncüsü də,  regionda Rusiyanın inhisarçılığıyla gedən proseslərdən narazı qalan dövlətlər var.  Onlar  bütövlükdə Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdırlar. Amma dırnaqarası  “sülhyaratma” prosesinin Rusiyanın nəzarətində olmasından narazıdırlar. Bunlar başda ABŞ və Fransa olmaqla aparıcı  Qərb dövlətləridir. Ona görə də  nəzərə alsaq ki, Ermənistan daxilində də narazı qüvvələr; Rusiyanın uzantısı olan “5-ci kalon”, Fransanın  və Amerikanın uzantıları var, gözlənlir ki, seçkidə qələbəsinin təsdiqlənməsindən sonra Paşinyan ciddi şəkildə bu proseslərə girişəcək və üçtərəfli razılaşmanın yerdə qalan bəndləri də yerinə yetirilməsinə çalışacaq...  Çünki həmin bəndlər, xüsusən delimitasiya, demarkasiya problemləri həll  olunmadan sülh sazişinin  imzalanması mümkün deyil...

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, sülh prosesi hələ də axsayacaqdır. Çünki bir daha təkrar edirəm, konkret olaraq Azərbaycan-Ermənistan sülh sazişi geopolitik planda Rusiya məsələsinə bağlıdır....

Oxunma sayı 1859