“Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə şifahi danışıqlar aparması, heç bir sənəd imzalanmaması Moskvanın mövqeyindən irəli gəlib. Çünki Putin Paşinyana etibar etmir və onun hakimiyyətdən getməsində maraqlıdır”.
Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazədə Paşinyanın Moskva səfərini şərh edərkən bildirib. Politoloq hesab edir ki, bu görüşdə Paşinyana verilən əsas təlimatlar hökumətdə Rusiyaya yaxın şəxsləri nazir təyin etmək və Qərblə əlaqələrdə məsafə saxlamaq olub.
“Təbii ki, təhlükəsizlik və bütün istiqamətlərdə Rusiyadan asılı olan Paşiyan Putinin bu təlimatlarını yerinə yetirəcək. Amma, Paşinyan Rusiyanın mövqelərini zəiflətmək üçün gələn ildən planlı şəkildə fəaliyyətə başlayacaq. Orduda Rusiyaya yaxın generalları istefaya göndərməklə özünə qarşı silahli hərbi çevriliş cəhdinin qarşısını alır, həm də Moskvanın ordu üzərində nəzarətini neytrallaşdırır. Amma, onun buna nail olacağı mümkün deyil. Çünki Rusiya Ermənistan ordusunu yenidən qurur və öz kadrlarını rəhbərliyə gətirəcək”.
Politoloq bildirib ki, Paşinyan müxtəlif istiqamətlərdə Rusiyanın təsirini azaltsa da ordu üzərində buna nail ola bilməyəcək. “O zaman nail ola bilər ki, Rusiyadan hərbi kömək istəməsin. Paşinyanın Moskvaya səfəri göstərir ki, o, bir müddət iki masada oturmaq niyyətindədir. Darmadağın olan ermeni ordusunu yenidən qurmaq Paşinyanın avrointeqrasiya siyasətinə mane olacaq və Moskvadan asılı saxlayacaq”.