Rusiya prezidenti Putinin göstərişi ilə ev dustağı edilən iki yüksək vəzifəli kəşfiyyatçının əməliyyat vəsaitlərini mənimsədiyi iddia edilsə də, Qərb mediası bunun sadəcə bir bəhanə olduğunu və Putinin Ukrayna müharibəsindəki uğursuzluqda məhz kəşfiyyat orqanlarını ittiham etdiyi bildirilir. FSB-nin Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri, ev dustaqlığında olan Sergey Beseda bu məqamda Putinin Kiyevdəki bir nömrəli mənbəyi kimi görünür.
Hafta.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 20-ci gününə qədəm qoyduğu bir vaxtda Rusiya prezidenti Putin hələ də istədiyi nəticəni əldə etməyib. Keçən həftə mediada əksini tapan xəbərlərdə Putinin Ukrayna müharibəsinin uğursuz kəşfiyyat və zəif strategiyaya görə məyus olduğunu düşünərək 8 generalı vəzifəsindən uzaqlaşdırdığına dair məlumatlar var idi.
İndi bütün dünyaya məlumdur ki, Rusiya tərəfi müharibənin ilk iki həftəsində aşkar səhvlərə yol verib. Bəs bu aşkar səhvlərə görə kim günahlandırılacaq? Britaniyanın “Teleqraf” qəzetinin təhlilinə görə, Putin artıq günah keçisi seçib.
Əvvəlki bir çox xəbərlərdə Putinin çox qəzəbli olduğu və uğursuzluğa görə Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) hədəfə aldığı məlum idi. Ötən günlərdə gələn bir xəbər bütün iddiaları təsdiqlədi.
Rusiyalı jurnalist Andrey Soldatovun iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə FSB-nin iki siması həbs edilib. FSB Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Sergey Beseda və onun müavini hazırda ev dustaqlığındadır.
İddia olunurdu ki, kəşfiyyat orqanının iki kritik isminin ev dustaqlığına alınmasına səbəb 2014-cü ildən bəri ayrılan əməliyyat vəsaitlərinin mənimsənilməsi olub. Putin FSB-nin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnovdan daha ciddi yoxlama tələb edib.
Bununla belə, “Teleqraf” qəzeti araşdırmanın Besedanın həbsi üçün sadəcə bir bəhanə olduğunu və əsl səbəbin Besedanın Ukraynadakı rolu olduğunu iddia edir.
FSB mahiyyətcə daxili təhlükəsizlik qurumu olsa da, onun operativ məlumat departamenti Rusiyayönlü siyasət və təsir edənlər şəbəkələri yaratmaqla, xüsusən də qonşu ölkələrdə xarici əməliyyatlar aparır. Bu məqamda Beseda Kiyevdəki siyasi vəziyyətlə bağlı Putinin əsas mənbələrindən biri kimi görünür.
Beseda Ukraynada o qədər fəal idi ki, 2014-cü ildən Böyük Britaniyanın sanksiyaları altındadır.
Teleqraf qəzeti, Putinin Ukraynaya müdaxiləyə qərar verərkən oxuduğu xəbərləri hazırlayan Besadanın prezidentə eşitmək lazım olanı deyil, eşitmək istədiklərini söylədiyi və "Beseda seçilən yeni günah keçisi ola bilər" deyə yazıb.
Son zamanlar Putin administrasiyasının təməl daşı olan FSB də daxil olmaqla təhlükəsizlik xidmətləri daxilində parçalanma və narahatlıq əlamətləri ortaya çıxıb. FSB analitikindən olduğu iddia edilən son dərəcə tənqidi e-poçt məktubları uzun müddətdir ki, Qərb mediasında yayılır. Sözügedən elektron məktubda Putinin təkbaşına müharibə qərarını verdiyi kabinet də daxil olmaqla bir çox qurumun bu qərardan və onun nəticələrindən narahat olduğu iddia edilir.