Rusiya ordusu fevralın 24-də üç hissədən Ukraynaya hücum elədi və qısa vaxtda sərhədyanı bölgələrdə xeyli ərazini nəzarəti ələ aldı. Amma bundan sonra döyüşlər əvvəlkindən daha da şiddətli keçsə də, Ukraynanın iri şəhərləri, kənd və qəsəbələri ağır bombardman nəticəsində xarabaya çevrilsə də, razılaşaq ki, hücumlar bir az səngidi. Daha doğrusu rus qoşunlarının irəliləyişi yavaşıyıb və ya ümumiyyətlə dayanıb. Çox maraqlıdır, iki-üç günə Ukraynanın bütün ərazisini zəbt edəcəyini və paytaxt Kiyevə nəzarəti ələ keçirən kimi öz adamını ukraynanılara kölə-lider təyin edəcəyini düşünən rəsmi Moskvanın planlarında yanlışlıq hardadır, bu məkrli planı hesablayarkan Putin harda səhv edib?
Haft.az-ın yazdığına görə, “Grey Hare Media” təşkilatının sədri, təhlükəsizlik və kəşfiyyat üzrə mütəxəssis, istefada olan ingilis polkovnik Filip İngram bildirib ki, Putinin hücum planlarında əslində bir neçə xəta olub. Bunlarda birincisi, Putin ukraynalıların öz vətənlərini belə qəhrəmancasına, qanları bahasına müdafiə edəcəklərini düşünməmişdi. “Üstəlik, Rusiya hesab etmişdi ki, heç bir dövlət Ukraynaya görə Rusiya ilə münasibətlərini pis etməyəcək. Yəqin bunu fikirləşərkən, Putin 2014-cü ildə Krımı işğal və ilhaq qərarına qol çəkdikdə Qərbdən o qədər də kəskin reaksiya görməməsini nəzərə alıb. Amma fakt budur ki, Qərbin demək olar bütün ölkələri Ukraynaya ən müasir və çevik təsir gücünə malik silahları verdi və verməkdədir. Hansı ki, Rusiya kəşfiyyatı Putinə Ukrayna xalqının rus istilası olduğu təqdirdə ölkələrini müdafiə etməyəcəklərinə dair məlumat vermişdi” deyən cənab İngram qeyd edir ki, bu savaşda Putin demək olar ki, öz kəşfiyyatı tərəfindən aldadılıb..
Mütəxəssisin fikrincə, ikincisi, ruslar öz hərbi gücünü yanlış dəyərləndiriblər. Təchizatları olması qədərindən çox aşağıdır və olan da etibarlı deyil. Bununla yanaşı, rus qoşunlarının komandan və nəzarət əməliyyatları hər sahədə zəif qurulub. “Orduda qarmaqarışıq qruplar mövcuddur və komandanlıq öz işini yetərincə icra edə bilmir. Ən pisi isə, əsgərlər onları ilhamlandıracaq hər hansı konkret ideya əsasında döyüşmədiklərini, müharibənin adil olmadığını başa düşürlər. Bu da belə nəticə verir ki, ordu apardıqları əməliyyata qətiyyən inanmır” deyən polkovnik qeyd edir ki, həm də, hücumlar başlayandan bəri Rusiya Ukrayna səmasına nəzarət edə bilmədi. Hava üstünlüyünün olmaması, hücum edən tərəfin sərbəst hərəkət etmə qabiliyyətini məhdudlaşdırmaqla yanaşı, ukraynalıların əks-hücumunu da dayandıra bilmədi. Amma bütün bunlara rəğmən Moskva əsgərlərə hücum əmri verdi və bu, açıq-aşkar xətadır.
Üçüncü amil isə, deyir polkovnik, Putin beynəlxalq ictimaiyyətin Rusiyanın təcavüzünə qarşı Ukraynanın yanında olmasını hesaba almayıb. Məhz dünyanın Ukraynaya siyasi, diplomatic, iqtisadi, maliyyə, texniki, hərbi, humanitar və sair sahələrdə dəstək verməsi Rusiyanı bütün sahələrdə sarsıdıb.
“Ukraynalılar, Rusiya ordusuna zərər vermək üçün fərqli taktikalardan istifadə edirlər. Bunlar rus tanklarına qarşı eyni modeldən olan tankları çıxarmaq, tank və təyyarə əleyhinə raketlərlə təchiz edilmiş kiçik hərbi qruplardan istifadəyədək olan hücum üsullarıdır. Avropa Birliyinə üzv ölkələrlə yanaşı, ABŞ və İngiltərədən verilən müasir silahların da çox böyük rolu var müharibədə. Nəzərə alaq ki, Rusiyanın hücuma keçməsindən əvvəl İngiltərə Ukraynaya minlərlə NLAW modelli ((İngiltərə - İsveç istehsalı – V.T.) tank əleyhinə raket vermis və ondan istifadə üçün ukraynalı əsgərlərə təlim keçmişdi. Hansı ki, ukraynalılar həmin raketlərlə rus tank və digər zirehli texnikasını necə yox etdiyini ilk gündən isbatlayır. Eyni zamanda, yerdən havaya raketlərlə neçə-neçə rus təyyarə və helikopterləri düşürülüb”, - deyir F.İngram.
İngilis polkovnik qeyd edir ki, ruslar şərqdən, cənubdan və şimaldan olmaqla, üç istiqamətdən irəliləyərək paytaxt Kiyevi almağa çalışır. Çünki onların əsl məqsədi, Kremldən də dəfələrlə bəyan olunduğu kimi, Ukraynada hakimiyyəıti devirərək Rusiyanın adamını iqtidara gətirməkdir. Yəni Ukraynada oyuncaq hökumət qurmaq istəyirlər. Eyni zamanda, bu üç istiqamətdən hücumların Kiyev xəttində birləşməsini məqsədi Ukraynanın Dnepr çayından şərqdə qalan hissəsinə birmənalı şəkildə nəzarəti ələ almaq, ondan sonra ölkənin qalan qərb bölümünü işğala hazırlaşmaq olub.