Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub.
Hafta.az yazır ki, tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova uşaqlarımızın dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin respublikamızın ən çətin günlərində də “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Prezident kimi mən bu gün yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də onun gənclərindən və uşaqlarından asılıdır” deyib. "Ulu öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Mütəmadi xeyriyyə aksiyaları keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və köməkliyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətlərdir" deyən T.İsmayılova əlavə edib ki, rayonun bir çox məktəbləri də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub, müasir standartlar səviyyəsində yenidən qurularaq uşaqların ixtiyarına verilib.

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 150 şagirdə yeni məktəbli formaları təqdim olunub.
Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğı üçün prezident İlham Əliyevə və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.