Qarşımızda Suriya, Liviya nümunəsi var - Ceyhun Məmmədov

10:42 02.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsindəki qələbədən sonra Azrbaycan bölgədə yeni reallıqlar yaradıb. Bir çox güclər bu reallıqlara qarşı müəyyən planlar həyata keçirməyə çalışır. Bu məsələdə ölkə daxilindəki bəzi kəsimlərdən də istifadə olunur. Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Həftə içi” qəzetinə müsahibəsində aktual məsələlərə toxunub.

- Ceyhun müəllim, 44 günlük müharibədən Ermənistana 5 baza prinsipi əsasında təkliflər paketi təqdim edən Azərbaycan işğalçı, separatçı dövlətin sülhə cəlb edilməsini gözlədiyi halda müxtəlif süni əngəllərə şahidlik edirik...

- Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın qələbəsi heç də bütün dövlətlər tərəfindən birmənalı qarşılanmır. Bu gün bir sıra qüvvələrin Azərbaycanda sabitliyi pozmağa cəhd etdiklərinin şahidi olur, zaman-zaman müxtəlif qərəzli hesabatların yayıldığını müşahidə edirik. Əslində isə onlar əsas diqqəti sülhün təmin olunmasına yönəltməli idilər.

Bir müddətdir, Ermənistan paytaxtında mitinqlər keçirilir, 400 nəfərdən çox adam həbs olunub. Bununla bağlı heç bir beynəlxalq qurumun hesabatını, reaksiyasını görmürük. Bu, Ermənistanda baş verən ilk hadisə deyil. Belə etirazlar illərdir baş verir və hökumət tərəfindən sərt formada yatırılır. Biz bir dəfə də görmədik ki, beynəlxalq qurumlar buna görə Ermənistan hökumətini qınasın. Bir müddət əvvəl Bakının mərkəzində bir qrup gənc, ayrı-ayrı qrupların nümayəndələri aksiya keçirdilər. Onlara qarşı hər hansı zorakılıq, yaxud həbslər olmadı. Aksiyaçılar Daxili İşlər Nazirliyinin qarşısına qədər getdilər. Polis aksiyaçıları dinc şəkildə müşahidə etdi. Böyük Britaniya Səfirliyi dərhal bu məsələyə reaksiya verib, aksiyaçılara təzyiq və neqativ halların baş verməsi ilə bağlı bəyanat yaydı.  Təbii ki, bu, anlaşılan deyil. Nəzərə alaq ki, bizim Böyük Britaniya ilə çox yaxşı münasibətlərimiz var. Belə bəyanatların, açıqlamaların verilməsi qəbuledilən deyil. Bilirsiniz ki, Azərbaycanın ayrı- ayrı qurumları buna öz reaksiyalarını verdilər.

Ermənistan daxilində bu qədər mitinq və qarşıdurmaların olmasına baxmayaraq, Qərbdən heç bir addım atılmır, Azərbaycana qarşı ittihamlar, iddialar səsləndirməkdə davam edirlər.

– Həmin ərəfədə Azərbaycana qarşı LGBT mövzusunun istifadə edilməsi barədə yayılan məlumatların mətbuatı “bəzəməsi”, birdən-birə bu mövzunun bu qədər şişirdilməsi və bu cür kampaniyanın aparılması nəyə xidmət edir?

– Bu məsələni LGBT təşkilatlarının qabartdığı aydındır. Onlar da Azərbaycanda keçirilən təxribatların bilavasitə iştirakçılarıdır.  Təəssüflə qeyd etmək lazımdır ki, bir çox insanlar bu məsələyə sadəlövh yanaşırlar. Hesab edirəm ki, bu da ümumi problem yaradan məsələdir.

Burada Qərb-Rusiya qarşıdurması fonunda Azərbaycana təzyiqlərin artması ehtimalları var. Nəzərə almaq lazımdır ki, bunun arxasında Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəməyən beynəlxalq qurumlar var, dövlətlər var. Erməni diasporasının xaricdə fəaliyyəti və bizim bir sıra xaricdə oturan azərbaycanlıların maliyyələşdirilməsi Azərbaycana qarşı Qərbin təzyiqlərini artıraraq öz niyyətlərinə nail olmaq istəyirlər. Bu da özünü bir sıra istiqamətlərdə açıq büruzə verir.  Görünür, Azərbaycanda olan mövcud sabitlik,  yaratdığı reallıq bir sıra qurumları və dövlətləri narahat etməkdədir.

– Ceyhun müəllim, indiki Azərbaycan reallığına baxanda necə hesab edirsiniz,  xarici əks qrupların gənclərimizin milli ruhuna təsir etmək gücləri varmı?

- Bizim qarşımızda Suriya, Liviya nümunəsi var və bunların tarixinə, yaratdığı nəticələrə baxanda görürük ki, bu, həmin dövlətlər üçün çox ciddi faciələr  yaradıb. Birmənalıdır ki, Qərbdə oturan müəyyən dairələr, ermənilər, erməni diasporası Azərbaycanda sabitliyi pozmaqda maraqlıdırlar. Düzdür, dövlət insanların həyat şəraitinin yaxşılaşdırılması, dövlətin inkişafı üçün müəyyən addımlarını atır. Hesab edirəm ki, burada vətəndaşların da üzərinə çox ciddi vəzifələr düşür ki, onlar ayıq-sayıq olmalıdırlar. Bu qüvvələr müxtəlif pərdələr, müxtəlif çağırışlar altında Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Bu sabitliyin pozulması da yalnız bir sıra dövlətlərin, xüsusilə Ermənistanın maraqlarına xidmət edir.

- Bəzən Rusiya mətbuatında keçmiş Dağlıq Qarabağ ərazisindəki - hansı ki, orada hazırda rus sülhməramlıları var –separatçı rejimi təbliğ etmək, “Dağlıq Qarabağda ilk rus mərkəzi açıldı” başlığı altında məqalələr dərc etməklə məşğuldur...

- Rusiyadakı bir sıra dairələr də Azərbaycanda sabitliyin pozulmasında maraqlıdırlar. Burda söhbət ondan gedir ki, bu gün Qərb keçmiş münaqişənin tənzimlənməsi ilə bağlı  təşəbbüsü ələ almaq istəyir. Əlbəttə, Rusiya da istəyir ki, burada əsas aparıcı rolu özü oynasın. Bu baxımdan, Rusiyanın bir sıra dairələri  keçmiş münaqişənin tamamilə həllində maraqlı deyil. Ona görə də bəzi hallarda Azərbaycana qarşı bəyanatları, hesabatları görürük, fərqli münasibətlər olur. Hesab edirəm, bu ilk deyil. Azərbaycan Rusiya ilə strateji müttəfiqliklə bağlı sənəd imzalayıb və bu sənəddə Azərbaycanın suverenliyi, ərazi bütölüyü və digər məsələlər qəti və konkret şəkildə təsbit olunub.  Biz hesab edirik ki, Rusiyanın rəsmi dairələri Azərbaycana qarşı bu kimi halların qarşısını ala bilərlər.

– Belə bir şəraitdə gənclərimizdən dini baxışlı “etirazçılar” hazırlanması cəhdləri varmı?

– Bir sıra qüvvələr çalışır ki, öz məkirli niyyətlərini həyata keçirməkdən ötrü din amilindən də istifadə edib, radikal gəncləri də bu prosesə cəlb eləsinlər. Ona görə bizim qarşımızda duran vəzifələrdən biri də bu istiqamətdə daha diqqətli olmaqdır.  “Dini etiqad və azadlığı” haqqında  qanuna edilən dəyişiklik də elə bu baxımdan xüsusi önəm daşıyır.  Bu baxımdan da biz çalışmalıyıq ki, öz dini təhlükəsizliyimizi  təmin edək.

- “Dini etiqad azadlığı” ideyası gənclərə necə təqdim olunmalı, maarifləndirmə işi necə aparılmalıdır?

- Dini etiqad haqqında qanunda edilən dəyişikliklər çox mühümdür və özündə bir neçə məqamı əhatə edir. Bunlardan biri odur ki, ibadət yerlərinə, Məscidlərə din xadimini dövlət qurumu təyin edəcək. Məscidə, ziyarətgaha din xadiminin təyin olunması  böyük prosedurdur. Burada həmin şəxsin dövlətçiliyə sadiqliyi cidid bir yoxlamadan keçməlidir. Bu adam 500 nəfərlə danışır, müraciət edir. Cəmiyyətdə bir narazılıq var ki, bəzi din xadimləri neqativ danışır, mövhumatı yayırlar. Ona görə də bura yalnız ali dini təhsili olan insanları seçəcəyik. Bir həkim, bir müəllim, bir mühəndis onun diplomu olmadan həmin sahədə işləyə bilərmi? Yox! Din sahəsində də dinlə əlaqəsi olmayan, dini bilgiləri kifayət qədər olmayan, yas mərasimləri aparan, məscidlərdə fəaliyyət göstərən insanlar var. Biz bu mühiti saflaşdırmalıyıq.  Bu baxımdan belə bir qərarın qəbul olunması çox önəmli idi.  Artıq təlimat hazırlanıb və orada hər bir məsələ dəqiq öz həllini tapıb və hər bir məsələ orda ciddi və əsaslı şəkildə göstərilib.

Qanunda digər məsələ ianələrlə bağlıdır. Kimsə istəsə gedib məscidə yaxınlaşıb ianə verə bilər, kimsə istəsə onlayn qaydada edə bilər. Nəzirlərin verilməsində hesabatlılıq, dəqiqlik, şəffafalıq olmaldıır ki, insanlar verdikləri ianələrin aidiyyatı üzrə xərcləndiyini bilsinlər. İnam - etimad mühiti yaransın.

Məlumdur ki, Azərbaycan Prezidenti 2018-ci ildə İlahiyyat İnstitutunun yaradılması ilə bağlı mühüm sənəd imzaladı. Əvvəlki dövrlərdə vətəndaşlarımız dini təhsil almaq üçün adətən xaricə gedirdilər və bir sıra hallarda həmin gənclər xaricdə zərərli dini təsirlərə məruz qalırdılar. Bu gün o gənclərin arasında dövlətinə, Vətəninə sadiq kifayət qədər gənclərimiz də var. Eyni zamanda xarici ölkədə təhsil alarkən həmin ölkələrin zərərli dini təsirlərinə məruz qalan gənclərimiz də var. Bunu zaman-zaman Azərbaycandakı dini proseslərdə hiss etmişik. Belə ki, qeyri-ənənəvi təriqətlərin yayılmasına cəhdlər olunub və zaman-zaman Azərbaycanın müvafiq qurumları addımlar atıblar. Nəzərə alsaq ki, biz həm də müsəlman ölkəsiyik və  bu gün Azərbaycan əhalisinin mütləq əksəriyyəti - 96 faizi İslama etiqad edir və bizdə dini etiqad azadlığı var, yenə də dini təhlükəsizliyini təmin etməyə çalışmalıyıq. Hesab edirəm ki, İlahiyyat İnstitutunun yaradılması bizə həm dini təhlükəsizliyi təmin etməyə, öz dini təhsil sistemimizi qurmağa, eyni zamanda gələcəkdə din sahəsinə kadrların yetişdirilməsinə öz töhfəsini verəcək. 

Din sahəsində bir sıra problemlər mövcuddur. Dərin dini biliklərə malik olmayan şəxslər dini təbliğat aparırlar və bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Hesab edirəm ki, Azərbaycanın müstəqillik tarixində, Azərbaycanın din tarixində qəbul edilmiş qərarlardan biri də belə bir institunun yaradılmasıdır. Ulu Öndərin dövründə Dini Qurumlarla İş üzrə Komitə yaradıldı. Qeyd etdiyimiz kimi, 2018-ci ildə isə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu, ölkə rəhbərliyinin dinimizə, milli- mənəvi dəyərlərimizin güclənməsinə növbəti töhfəsidir və gənclərimizin sağlam dini bilgilərə yiyələnmələrinə  öz müsbət təsirini göstərəcək.

– Belə qeydlər var ki, Azərbaycan öz İslam modelini yaratmaldır. Bu nə deməkdir? Ümumən, dünyanın din siyasətinə baxanda bu istiqamətdə nə dərəcədə adekvat  addımlar ata bilirik?

- Dinə yanaşmada dünyada müxtəlif modellər var. Məsələn, sovet dövrü 70 il mübarizə apardı, bu mübarizə heç bir effekt vermədi. Bu gün biz onun fəsadlarını yaşayırıq. Bəzi ölkələrdə artıq dinə daha geniş yer verilir. Din elə bir sahədir ki, bütün hallarda sən onunla əməkdaşlıq etməlisən. Yəni dinlə mübarizə, onun qarşısını almaq istənilən effekti vermir.  Dünyada belə bir yanaşma var ki, ideologiyalara qarşı ideologiyalar qoyulmalıdır. Bu gün biz özümüz öz sistemimizi qurmasaq, o zaman xarici təsirləri özümüzdə hiss edəcəyik. Din xüsusi sahədir və dini qurumlarda çalışan mütəxəssislər bunu bilməldiir. O baxımdan İnstitut iki istiqamətdə kadr hazırlığını qarşısına məqsəd qoyub.  Bunlardan biri ayrı-ayrı dövlət qurumlarında çalışacaq mütəxəssislərin yetişdirilməsidir.

Bəzən ekspertlər, məmurlar “model” ifadəsini qəbul etmirlər. Biz öz modelimizi yaradırıq. Dini modelimiz, dini baxışımız nədir? Biz dinə necə yanaşmalıyıq?.. Bu model özündə bu sualları açıq ehtiva edir. Bizdə dini etiqad azadlığı var, tolerantlıq var, multikulturalizm var... Müsəlman ölkəsiyik və  öz dəyərlərimizi qoruyuruq. Biz dünyəvi dövlətik, müsəlman dövlətiyik, din dövlətdən ayrıdır, amma dövlət dindən ayrı deyildir. Biz öz dəyərləimizi qoruyuruq. Dövlət dini proseslərə nəzarət etməl, dövlət-din münasibətləri tənzimlənməlidir. Bu kontekstdə birinci məsələ bir məmur, müəllim kadrları yetişdirməkdir. Bizim dini modelimizdə bu var.  

İkinci məsələ, İnstitut din xadimləri yetişdirir. Bu günədək bunu xaricdən gələn kadrlarla, bir sıra hallarda dini savadı olmayan insanlarla həll edirdik. Bu da bizə bir sıra hallarda problemlər yaradırdı.

Hazırda postmüharibə dövründə yaşayırıq. Bizim milli ideologiyamızda Xalq Cümhuriyyəti dövründən gələn  türkçülük, İslam və demokratikləşmə var. Dindən istifadə edərək, gənclərimizi milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirə bilərik. Dinimizin xüsusiyyətlərində  “Vətəni sevmək imandandır”, “Vətən yolunda şəhid olmaq”, “Şəhidlik ən uca məqamdır” tezisləri, şüarları yer alır. Vətən müharibəsində şəhid olanların statistikasına baxsaq, onların arasında xeyli iman əhlinin  olduğunu görərik. Bu baxımdan hesab edirəm ki, dövlətləri saxlayan onun dəyərləridir.  Cənab Prezident hər zaman bunu xüsusi vurğulayır. Bu gün Prezidentin tapşırığı ilə  Daşaltıda məscid inşa edilir, Zəngilanda məscid bərpa edilir, Hadrutda, Suqovuşanda məscid tikilir. Bu da onu göstərir ki, dövlət rəhbəri milli-mənəvi dəyərlərin formalaşmasına öz töhfəsini verir.

Dünya siyasətində ölkələri dağıtmaq üçün din və milli məsələlərdən istifadə edirlər. Bu baxımdan Azərbaycanın çox unikal bir nümunəsi var. Məsələn, Bakının mərkəzində erməni kilsəsini qoruyuruq. 1990-cı illərin əvvəllərində bəziləri deyirdi ki, bu, erməni kilsəsidir, biz bunu dağıtmalıyıq. Çox primitiv  yanaşma idi.  Bakıda iki yəhudi sinaqoqu, üç pravoslav kilsəsi, katolik kilsəsi fəaliyyət göstərir. Bu da Azərbaycandakı mövcud tolerantlığı müəyyənləşdirir. Bəzən insanlarımız buna adi bir məsələ kimi baxırlar, bu, adi məsələ deyl.  Ermənilər Qarabağ müharibəsində çox çalışdılar ki,  “xristian-müsəlman münaqişəsi” görüntüsü yaradaraq dəstək əldə etsinlər, amma nə baş verdi? Azərbaycan elə bir siyasət həyata keçirtdi ki, Rus Pravoslav Kilsəsi Azərbaycanı dəstəklədi.  Roma Katolik Kilsəsi Azərbaycana hər hansı bir adi irad bildirmədi, çünki Azərbaycan təkcə Bakıda yox, Vatikanda da kilsələri bərpa və təmir etdirir. Biz bunu yəhudilərlə bağlı deyə bilərik. Qubada olan “Qırmızı qəsəbə” dünyada unikal məkanlardan biridir. Burada dinlər arasında yüksək münasibət var. Bir tərəfdə 3 sinaqoq, bir tərəfdə müsəlman məscidləri fəaliyyət göstərir. Bu siyasət çox uğurla aparılır.

Oxunma sayı 77