Qaxda yaş barama tədarükünə başlanılıb - REPORTAJ

12:31 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il hava şəraitinin baramaçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq, Qax rayonunun kümçüləri yetişdirdikləri məhsulun tədarükünə başlayıblar.

Hafta.az xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, qədim ənənələrə söykənən baramaçılıq və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlət dəstəyi ilə reallaşdırılan layihələr nəticəsində bölgələrdə bu sahəyə maraq xeyli artıb. Ölkəmizdə kümçülərin pulsuz ipəkqurdu toxumu ilə təmin olunması və cəmi bir ay müddətində çəkilən zəhmətin real bəhrəsini görməsi baramaçılığın cəlbediciliyini yüksəldib. Hazırda Qax rayonundakı əksər təsərrüfatlarda ipəkqurdları barama sarıma mərhələsini tamamlayıb və yaş barama tədarükü sürətlənib.

Azərbaycanda ipəkçilik təkcə ənənəvi kənd təsərrüfatı sahəsi deyil, həm də ölkənin qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, ixrac potensialının artırılması və regionların məşğulluq probleminin həlli baxımından strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən sahənin dirçəldilməsi dövlət proqramlarında xüsusi bəndlərlə öz əksini tapıb.

Artıq bir neçə gündür ki, Qax rayonunda da yüksək ixrac potensialına malik yaş baramanın budaqdan təmizlənərək məntəqələrə təhvil verilməsi prosesinə start verilib.

Rayonun tanınmış kümçülərindən olan Fərhad Mustafayevin təsərrüfatında qədim el adəti üzrə baramanı budaqdan təmizləmək üçün iməcilik təşkil edilib. Qadınlı-kişili hər kəs məhsulun vaxtında və itkisiz tədarük olunması üçün bir araya gəlib. Kümçünün sözlərinə görə, barama nə qədər tez yığılıb məntəqəyə təhvil verilərsə, ondan alınan ipək bir o qədər təmiz və keyfiyyətli olar. Keçmişdən gələn iməcilik ənənəsi bu gün də çəkilən zəhmətin hədər getməməsinə xidmət edir.

“Biz bu işlə keçmişdə də məşğul olmuşuq. Təqribən 7-8 il əvvəl dövlətin dəstəyi ilə bu sahə yenidən bərpa olundu və biz yenidən işimizə qayıtdıq. Builki mövsüm davamlı yağışlara görə ciddi sınaq ili oldu. Lakin böyük səylə çətinlikləri geridə qoyduq”, – deyən Fərhad Mustafayev bu il bəslədiyi 70 qram ipəkqurdu toxumundan 210-220 kiloqram yüksəkkeyfiyyətli yaş barama əldə etməyi hədəflədiyini bildirib.

Əmircan kənd sakini Sahib Ramazanov da rayonda baramaçılıqla məşğul olan ən iri fermerlərdən biridir. Artıq 12 ildir bu sahədə çalışan təcrübəli fermer qeyd edir ki, builki qeyri-sabit hava şəraiti ipəkqurdlarının barama sarıma müddətini bir qədər gecikdirib. Kümçü ipəkqurdlarının sağlam barama sarıması üçün son günlərdə onları keyfiyyətli yemlə təmin etməyin vacibliyini vurğulayır. Yaxın günlərdə iməcilik təşkil edəcək fermer bu mövsüm təqribən 250 kiloqram məhsul gözləyir.

Rayon sakini Elçin Abduləzizov isə bu sahədə ilk addımlarını atan gənc kümçülərdəndir. O, ailəsi ilə birlikdə ilk dəfə ipəkqurdu yetişdirib və əldə etdiyi yaş barama məhsulunu artıq Qax Damazlıq İpəkçilik Stansiyasında fəaliyyət göstərən tədarük məntəqəsinə təhvil verib. Bu ili özü üçün sınaq dövrü hesab edən Elçin 20 qram ipəkqurdundan 60 kiloqram məhsul əldə etdiyini və nəticədən razı qaldığını diqqətə çatdırıb. O, növbəti ildə bəsləmə həcmini və istehsalı daha da artırmaq əzmindədir.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşı Nurlan Həsənov bildirib ki, builki qeyri-sabit hava şəraiti bəzi aqrar sahələr üçün əlverişli olsa da, kümçülər üçün ciddi çətinliklər yaradıb. Bununla belə, əsas çətinliklərin arxada qaldığını deyən DAİM rəsmisi qarşıdakı bir həftə ərzində rayonda barama tədarükünün tam başa çatdırılacağını proqnozlaşdırır.

“Qax rayonu respublikanın aparıcı aqrar bölgələrindən biridir və burada baramaçılıq zəngin ənənələrə malikdir. Bu il rayonda 96 kümçüyə, ümumilikdə, 220 qutu ipəkqurdu toxumu paylanılıb. May ayında havaların normadan artıq yağıntılı keçməsi prosesə öz mənfi təsirini göstərdi və bu, bəzi təsərrüfatlarda ümumi məhsuldarlığa təsir edə bilər. Lakin kümçülərimizin fədakar əməyi sayəsində ipəkqurdları itkisiz şəkildə barama sarıdı və hazırda məhsul yığımı uğurla aparılır”, – deyə Nurlan Həsənov qeyd edib.

DAİM əməkdaşı onu da əlavə edib ki, rayonda bu gəlirli sahəyə əhalinin marağı ildən-ilə artmaqdadır. Bu tələbatı qarşılamaq üçün, ilk növbədə yem bazasının genişləndirilməsi, yəni yeni intensiv tut (çəkil) bağlarının salınması istiqamətində planlı işlər görülür. Eyni zamanda, baramaçılıqla məşğul olmaq istəyən şəxslər üçün mütəmadi olaraq DAİM-də nəzəri təlimlər təşkil edilir, həmçinin Qax Damazlıq İpəkçilik Stansiyasının bazasında praktiki məşğələlər keçirilir./azertag.az/