Ukraynada ikinci ildir davam edən müharibə Qərb ölkələrinə bel bağlamağın nə dərəcədə yanlış olduğu reallığını bir daha təsdiqlədi. Kiyevi reallaşması onsuz da möcüzə kimi görünən vədlərlə Rusiya ilə müharibəyə təhrik edən, ölkənin tamamilə dağıdılmasına yol açan Qərb indi Kiyevə göstərdiyi hərbi və maliyyə dəstəyini azaltmaq, hətta tamamilə dayandırmaq, Moskva ilə separatçı danışıqlara başlamaq niyyətindədir. Ən azından, Qərb ölkələrinin siyasi mərkəzlərinin açıqlamaları, rəsmilərin məlumatları və mətbuatn bu istiqamətdə silsilə məqalələr (təbii ki, hökumətlərinin sifarişi ilə) dərc etməsi bu qənaətə gəlməyə ciddi əsas verir.
Sirr deyil ki, Ukraynanın Rusiya işğalına qarşı müharibəsində Kiyevin əsas sponsoru ABŞ sayılır. Bir aydan çoxdur ki, Konqresdə Ukraynaya növbəti yardım paketinin ayrılması dalana dirənib. Bir çox ekspertlər, əslində, bunu Ağ evlə Konqresin gizli razılaşması kimi görürlər. Məqsəd sanksiyalarla, artıq Rusiyanı zəiflətdiklərini düşünən Vaşinqton rəhbərliyinin Ukrayna böhranına son qoymağı düşünməsidir. Burada Ukraynanın ərazi böütövlüyünün pozulması, iqtisadiyyatının dağıdılması, şəhərlərinin xaraba qalması, milyonlarla sakininin qaçqın düşməsi faktı isə ikinci plandadır.
Ukraynanın bu müharibədə ikinci güvəndiyi əsas mərkəzlərdən olan Brüsseldə də (Avropa İttifaqı) üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsində çətinliklər olduğunu «etiraf» edirlər.
«Aİ-nin Ukraynaya dəstək məsələsində çətinliklər var», – bu barədə “Blomberg” məlumat yayıb. Bildirilib ki, Brüssel Ukraynaya artilleriya mərmilərinin tədarükü ilə bağlı problemlər yaşayır: “Görünür, qurum martın sonuna qədər Kiyevə 1 milyon artilleriya mərmisi göndərmək vədini yerinə yetirməyəcək”. Həmçinin qeyd olunub ki, davamlı yardım vədlərinə baxmayaraq, Aİ müxtəlif maliyyə paketləri üzərində razılığa gəlməkdə çətinlik çəkir: “Bundan başqa, Rusiyaya qarşı sanksiyaların tətbiqi təxirə salınıb”.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, ABŞ gələn il Ukraynaya hərbi yardımı azaldacağı təqdirdə, nə baş verəcəyini bilmir. “Aİ Şurası tok-şou deyil və mən astroloq deyiləm, gələn il ABŞ-da nə baş verəcəyini bilmirəm. Biz bu cür spekulyasiyaları müzakirə etməkdənsə, daha ciddi hərəkət etməliyik”. Borrell cari işlərlə məşğul olduğunu və spekulyasiyaya vaxt itirməyə hazır olmadığını vurğulayıb. O, həmçinin bəyan edib ki, Avropa İttifaqının öz sursat-anbarı yoxdur, ona görə də assosiasiya ölkələri Ukraynaya mərmi tədarük etməlidir.
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis isə bir qədər də irəli gedərək deyib ki, ABŞ və Avropada Ukraynaya dəstəklə bağlı tərəddüd yaranıb. Onun sözlərinə görə, Qərb müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməkdə tərəddüdlüdür: “Bu, Rusiya Prezidenti Vladimir Putində müharibədə qalib gələ biləcəyinə inam yarada bilər”.
Nazir hazırda vəziyyətin qeyri-müəyyən olduğunu diqqətə çatdırıb: “Biz çox vacib qərarlar qəbul etmək bacarığını artıq nümayiş etdirmişik. Avropa artıq liderlik nümayiş etdirib. İndi biz bunu bir daha etməliyik”. Q.Landsberqis, həmçinin Ukrayna və Rusiya arasında danışıqlara qarşı çıxıb: “İstənilən danışıqlar Moskvanın qələbəsi deməkdir”.
Slovakiya müdafiə naziri Robert Kaliniak isə ölkəsinin Ukraynaya hərbi yardımı dayandırması barədə NATO-nun Baş katibi Yens Stoltenberqə məlumat verib. Qeyd olunub ki, Slovakiya hökuməti sənədi qəbul edib. Məlumat görə, Slovakiyanın tərəfdaşları bu qərar hörmətlə yanaşır.
Ukraynanın gözdən çıxarılması kampaniyası Qərb mətbuatında daha çox qabardılmağa başlayıb. Sanki, Ukraynanın artıq məğlub olduğuna dair beynəlxalq ictimai rəy formalaşdırılmasına start verilib.
Məsələn, Böyük Britaniyanın The Times nəşri yazır ki, Ukrayna və Qərb kəşfiyyat xidmətləri arasında əlaqələr zəifləyir. Vaşinqton və London Kiyevin öz planlarını onlara tam açıqlamadığından şübhələnirlər. Bu, xüsusilə Rusiyaya qarşı yönəlmiş təxribat əməliyyatlarına aiddir: «Ukraynanın silahlı münaqişəni təxribat və təkcə hərbi deyil, həm də siyasi hədəfləri məhv etməklə Rusiyaya ötürmək strategiyasına dair şübhələr daha vacibdir. Kiyevin hesablamalarına görə, bu, ruslarımüharibəyə qarşı yönəltməyə başlayacaq. Amma Qərbdə çoxları hesab edir ki, bunun tam əksi baş verə bilər və bu, Vladimir Putinin Ukrayna əleyhinə çıxışına sərf edəcək».
Britaniyanın “The Telegraph” nəşri isə hərbi əməliyyatların gedişinə toxunub. Bildirilir ki, qışın başlaması ilə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı rəsmən başa çatmış hesab edilə bilər. Ukrayna qoşunları böyük miqdarda texnika və canlı qüvvə itirərək əhəmiyyətli nəticələr əldə edə bilməyib. Gələn il isə uğurlu olmayacaq. Ukrayna üçün bu, ciddi aşınma münaqişəsinə çevriləcək. Maraqlıdır ki, bu uğursuzluğun səbəbi də etiraf edilir: “Biz ukraynalılara hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyi qadağan edirik, bu da onları çox məhdud cəbhədə hücuma keçməyə məcbur edir. İkincisi, sadəcə, onların həqiqətən başqa uğur şanslarının olmadığına əmin olmaq üçün biz Kiyevə tank tədarük etməyə razılıq verməzdən əvvəl bir neçə ay tərəddüd etdik və sonra onları ora göndərmək üçün daha bir neçə ay sərf etdik. Bütün bunlar yalnız ruslara Surovikin xəttini qurmaq üçün kifayət qədər vaxt verməkdir.Kobud desək, burada Ukraynanın hərbi uğursuzluğu yox idi. Məhz biz Qərbdə onları əlləri arxada bağlayaraq döyüşməyə məcbur etmişik. Onların səyləri ilə hər hansı bir irəliləyiş əldə etmələri heyranedicidir”.
“The Guardian” isə Ukraynanın Avropa İttifaqına qəbulu şansını dəyərləndirib. Bildirilir ki, Aİ-yə üzv olan 27 ölkənin dövlət başçıları dekabrda Brüsseldə görüşəndə Aİ tarixində ən mühüm qərarlardan birini qəbul etməli olacaqlar: “Ukraynanın təşkilata üzvlüyü ilə bağlı danışıqlara başlayıb-başlamamaq. Bu həftə Avropa Komissiyası danışıqlara başlamağı tövsiyə etdi, yəni Avropa Şurası, demək olar ki, yaşıl işıq yandıracaq. Amma bu, Ukraynanın yaxın gələcəkdə Aİ-yə daxil olmasına icazə veriləcəyi demək deyil. Əslində, bu münaqişəli ölkə heç bir sonu olmayan danışıqlarda tələyə düşə bilər”.
“Qərbin Ukraynanı yarıyolda qoyacağı əvvəldən də məlum idi. ABŞ və kollektiv Qərb heç vaxt müttəfiqlərini sona qədər dəstəkləməyib. İlkin mərhələdə dəstək verib, bir qüvvəni başqa qüvvəyə qarşı qoyandan sonra geri çəkiliblər. Rusiya-Ukrayna müharibəsində də eyni hadisəyə şahid oluruq”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov Qərbin Ukraynaya münasibətilə bağlı şərhində bildirib.
Ekspert bildirib ki, ABŞ və onun Avropa İttifaqında olan müttəfiqlərinin qarşısında duran birinci vəzifə Rusiyanı bataqlığa çəkmək, sanksiya tətbiq etməklə iqtisadiyyatını zəiflətmək və çökdürməkdən ibarət idi. İkinci məsələ NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsindən ibarət idi. ABŞ- bütün Avropanı Rusiya ilə qorxudaraq yenidən öz ətrafında cəmləməsinə nail olmaq niyyətini də güdür. Bunlar hamısı baş verib.
Ekspert hesab edir ki, ABŞ-a, Avropaya lazım olan Rusiyanın sərhədlərinə yaxınlaşmaq idi. Rusiya Ukraynanın NATO-ya girişinə maneə olmağa müvəffəq olsa da, əvəzində Fillandiya NATO-ya üzv oldu və beləliklə NATO sərhədləri böyüdü.
“Rusiya Ukrayna ilə müharibəyə başlamaqla faktiki bataqlıqdadır. Rusiyaya qarşı tətbiq olunan misli görünməmiş sanksiyalar onun iqtisadiyyatını ağır duruma salıb. Növbəti ildən Avropa ölkələrinin Rusiyadan qaz, neft alışını dayandırması vəziyyəti daha da dramatikləşdirəcək.
Ukrayna müharibədə canlı qüvvə, dinc insanını itirməsi, infrastrukturunun dağıdılması, ərazilərinin bir hissəsinin əlindən çıxması və xarici ölkələrə borclanması ilə çıxılmaz vəziyyətə düşüb. Rusiya da cəbhədə istəyinə nail ola bilmədi. Müharibənin uzanması ilə hərbi qüdrətinin mübahisəsini yaratdı. Bu müharibədə qazanan tərəfin ABŞ və Qərb oldu. Avropa və Qərb istəklərinə çatandan sonra əlavə xərc çəkib Ukraynanı silah-sursatla təmin etməkdə maraqlı deyil. Amerika, Qərb üçün Ukraynada nə baş verməsinin bir o qədər də önəmi yoxdur. Onlara lazım olan Rusiyanı uçuruma salmaq idi. ABŞ Senatı bəhanə eləməklə yardımı dayandırdı. Digər ölkələr də "İmkanımız yoxdur” və yaxud “Hərbi arsenalımız əlavə qüvvə göndərməyə imkan vermir" deyib, kənara çəkiliblər. Bunlar əvvəldən planlaşdırılmışdı. İndi Yaxın Şərqdə baş verənlər bəhanəsi ilə İsrailə kömək etməyin vacib olduğunu əsas gətirən Qərb özü kənara çəkilib Ukraynanı danışıqlara getməklə bağlı təkliflər verir”.
R.Bayramov hesab edir ki, müttəfiqləri yem kimi irəli verməsi ABŞ və Qərbə yaxşı heç nə vəd etmir. Onun fikrincə, bu siyasəti sonda onları təklənmiş vəziyyətə gətirib-çıxaracaq, güvənini itirəcək:
"Çox təəssüf ki, ABŞ, Qərb koalisiyası Ukraynaya qırıcı təyyarələri və uzaqmənzilli raketləri verməkdə tələsmir. ABŞ nə Ukraynanın qalib gəlməsini, nə də Rusiyanın tamam məğlub olmasını istəmir. ABŞ-ın Ukrayna üzərindən yeni bir siyasi nizamın qurulması ilə bağlı strateji planı var. Ona görə də Rusiyanı zəiflədir". Bunu isə politoloq Məhəmməd Əsədullazadə Qərbin və ABŞ-ın Ukraynaya xəyanət etməsi ilə bağlı Qərbin aparıcı tədqiqat mərkəzlərində gedən məqalələr kontekstində bildirib.
M.Əsədullazadənin qənaətincə, Ukrayna parçalansa, bu, Rusiyanın geosiyasi mövqelərinin güclənməsi, Avropa, Qərb NATO üzərində qələbə əldə etməsi ilə nəticələnə bilər. "Bu da postsovet məkanının bərpası da ola bilər. Ona görə də, Ukrayna müharibəsi uzun çəkir, onun lokal hücumları olsa da ciddi nəticə vermir. Rusiya ciddi müdafiə sistemi qurub. Rusiya Müdafiə sənayesi müharibə qaydalarına uyğun yenidən formalaşıb. Rusiya-Ukrayna müharibəsi geopolitik müharibədir. Qərblə Rusiya arasında nüfuz uğrunda savaş gedir. Rusiya əvvəlki statusunu qaytarmaq, Şarqi Avropanı, postsovet məkanını yenidən nəzarətə götürmək istəyir. Amma Qarb koalisiyası bunun qarşısını alır. Ona görə də Rusiya və Qərb Ukraynada toqquşdu".
Ləman Əliyeva