“Qırğızların dağıdılmış evlərində Rusiyaya məxsus partlamamış raketlər aşkarlanıb” - Hökümə Xəlilova

10:10 05.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusu az qala 30 il erməni işğalında qalmış Vətən torpaqlarımızı azad edəndən sonra düşündük ki, Türk torpaqlarında bəlalar arxada qaldı. Amma görünən odur ki, yanılmışıq. Bu günlərdə yeni qaynar münaqişə Tacikistanla Qırğızıstan arasında yaşandı. Onlarla insanın ölməsinə və yaralanmasına səbəb verən bu münaqişə keçmiş Qarabağ problemindən bir az fərqlidir. Çünki Tacikistanla Qırğızıstan bir-birinə ərazi iddiası etmir, milli-etnik düşmənçilikləri də hiss olunmur – sonunda hər iki xalq müsəlmandır. Bunların problemi yerli əhəmiyyətli sosial amillərdən qaynaqlanır. Hətta bizdəki məlumata görə su üstündə yaranıb narazılıq. Amma göründüyü kimi, kiçik narazılıqlar böyük fəlakətə çevrildi və çox sayda insanın itkisinə yol açdı.  Deməli, bölgədə nüfuz qazanmaq üçün böyük güclərin mübarizəsi gedir və yerli əhəmiyyətli gördüyümüz problemlər tezliklə aradan qaldırılmasa, qarşıda daha böyük münaqişələrin yaşanacağını ehtimal etmək olar.

Almatı və Bişkek Mərkəzli “Media Türkel” Qrupunun prezidenti, TÜRKSOY mükafatı laureatı Hökümə Xəlilova ilə bu müstəvidə söhbətimiz oldu. Qırğızıstanla Tacikistan arasında yaşanan ağır nəticəli gərginliyin bir sıra məqamlarından söz açan müsahibimiz, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevi əzəli torpaqlarımızın düşmən işğalından qurtarılması və qələbəmiz münasibətilə “Media Türkel” qrupu adından təbrik etməyi də unutmadı. Bildirdi ki, Azərbaycan və Türkiyənin birgə səyləri ilə qazanılan bu tarixi zəfər, bu gün Türk birliyinə əməldə çox böyük ehtiyacın olduğunu göstərir. Mövzuya gəlincə, baş verən qarşıdurmada tərəflərdən hansının haqlı olduğunu bilmək istədim. Müsahibimiz razılaşmadı - ədalətin kimin yanında olub-olmamasının əhəmiyyət daşımadığını bildirdi.

- Müharibə maharibədir. Tarixi Vətənimizdə bunu 30 il yaşadıq və münaqişənin, torpaq üstündə savaşın nə demək olduğunu bilirik. Ermənistanla Azərbaycan arasında illər boyu davam edən münaqişədə ədalət Azərbaycanın tərəfindəydi. Çünki Azərbaycan işğal altında olan tarixi, əzəli torpaqlarını düşmən tapdağından azad edirdi. Qırğızıstan - Tacikistan sərhəd münaqişəsində isə, iki qonşu, dost və eyni hərbi blokda olan respublikanın heç biri ərazi zəbt etməmişdi. Sadəcə iki ölkənin torpaqları girintili-çıxışlı olaraq bir-birinin içindədir. Dünyanın heç bir yerində Orta Asiya respublikalarında olduğu kimi ikinci bir xəritəyə rast gəlinməyib. Diqqət edin: Tacikistan 1940-cı illərin, Qırğızıstan isə 1950-ci illərin SSRİ dönəmindəki xəritəsinə əsasən torpaqlarını müəyyənləşdirir. İki respublikanın sərhədinin uzunluğu 1000 kilometrə yaxındır. Bu günədək rəsmi olaraq 400 kilometrdən artıq sərhəd zolağı delimitasiya və demarkasiya olmayıb. Bunu həll etmədən münaqişənin sona çatmasından danışmağa dəyməz. Yenə də qarşıdırma yarana bilər.

- Belə qarşıdurma özbəklərlə qırğızlar arasında da yaşanmışdı...

- Özbəklərlə qırğızlar arasında Fərqanə vadisində münaqişələr olub əvvəllər. Amma daha son 10 il ərzində Tacikistanla Qırğızıstan arasında yaranmış ciddi münaqişə kimi yox. Özbək - qırğız münasibətləri günümüzdə Özbəkistanın hazırkı prezidenti Şevkət Mirziyoyevin doğru, düzgün və ağıllı siyasəti sayəsində məcrasını dəyişərək dostluq, mehriban qonşuluq və nəhayət Türk Keneşinin ayrılmaz tərkibi kimi  inkişaf edir. Elə məhz, Tacikistan - Qırğızıstan sərhəd münaqişəsinin dayandırılması, Özbəkistan liderinin bilavasitə vasitəçiliyi nəticəsində baş verib.

- Bildiyimə görə problem su məsələsindən qaynaqlanır. Amma bəllidir ki, Özbəkistandan fərqli olaraq, Qırğızıstan və Tacikistanın hər ikisi su ehtiyyatı baxımından yüksək təmin olunublar. Yəni keçmiş SSRİ-də də ən çox su ehtiyyatına malik ölkələr hesab edilib. Su üstündə tanklarla savaşmağa nə ehtiyac vardı sizcə, bəlkə su bəhanədir?

- Həqiqətən də su ehtiyatı Ulu Türküstanın bu qismində boldur. Aral gölünün quruması, zaman-zaman təbii hadisələr vaxtı da su mənbələrində yöndəyişimi baş verib. Bütün bunlar indiyədək sərhədyanı ərazilərdə yaşayan əhali tərəfindən heç bir ciddi qarşıdurmalar olmadan həllini tapırdı. Bu gün isə siyasilər və politoloqlar başqa bir qüvvənin strateji əhəmiyyət kəsb edən Qırğızıstanla Tacikistan arasında bəzi məsələlərin qeyri-sabit olmasından istifadə edərək məkrli niyyətlərini həyata keçirməyə çalışdıqlarını bildirir. Baxın, dinc əhali öldürülür. Azərbaycanda da erməni işğalçılarının hətta raketlərin gücündən istifadə etməklə döyüş bölgələrindən uzaq olan, Gəncə, Bərdə şəhərlərində vadalizm sayəsində çoxlu dinc əhali qətlə yetirildi. Mənə bir azərbaycanlı kimi tanış olan bu acı olaylar indi vətəndaşı olduğum Qırğızıstanda yaşandı - 34 qırğız qardaşımız Tacikistan tərəfindən silahlı müdaxilə sayəsində öldürüldü, evləri yandırıldı. Tacikistan isə 20-yə yaxın itki verdi. Qalan sərhəd kəndlərinin əhalisi isə ölkənin daxilinə doğru təhliyə edildi. Yəni 30 minədək sakin… Hazırda Qırğızıstanda 56 min tacik, Tacikistanda isə 67 min qırğız yaşayır. Onların taleyi nə olacaq, onlar nə etməlidirlər? Türk dünyası sevdalısı olaraq son olaylarda həyatını itirən qan qardaşlarımızın faciəsi ürəyimizi bərk ağrıttı. Bunu ciddiyə almaq lazımdır. Ağır texnika ilə su problemi həll olunmur, helikopterlərdən əhalinin yaşadığı məntəqələr raket atəşinə tutulmur. İndilərdə hərbi ekspertlər də aşkar ediblər ki, qırğızların dağıdılan evlərində Rusiyaya məxsus partlamamış raketlər mövcuddur.

- Maraqlıdır, bu respublikaların üzv olduğu hərbi təşkilat – KTMT necə reaksiya verdi?

- Üç gün davam edən sərhəd münaqişəsi zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınından anında səsləniş, yaxud müraciət daxil olmadı. Bu barədə çox deyiləsi sözlər var. Ancaq Qazaxıstan və Özbəkistan rəhbərliyindən başqa heç bir dövlətdən ciddi təkliflər və çağırışlar gəlmədi. Türkiyə Cumhuriyəti Qırğızıstanın yanında olduğunu Xarici işlər naziri Mövlüt Çavuşoğlu vasitəsilə bildirdi. Baxmayaraq ki, Azərbaycandakı 44 günlük Qarabağ savaşında qələbəmizə aparan mübarizəyə yetərincə dəstək almadıq, xalqımız, bloqerlər, elm-bilim insanlarımız qırğız - tacik münaqişəsinin tez bir zamanda durdurulmasını istədilər. Azərbaycan Qırğızıstan kimi, Tacikistanla da ikili əməkdaşlıq əlaqələrinə malikdir.

- Ümumiyyətlə, bölgə ölkələri ərazisində, xüsusilə də  Fərqanə vadisinin ətraf bölgələrində qarşıq anklavlar mövcuddur. Şəxsən mən iki il əvvəl Özbəkistana səfərim çərçivəsində Fərqanə vadisini gəzərkən Əndican ərazisindən Qırğızıstanla sıfır nöqtəyədək getdim. Orda olarkən yerli adamlardan bəziləri də anklavların olmasını qeyri normal adlandırırdı. Bu anklavları ərazi mübadiləsi və ya başqa mümkün yollarla həll eləmək mümkündürmü, niyə Orta Asiyanın 70 il bir bayraq altında yaşayan xalqlarının siyasi dairələri oturub məsələni kökündən həll etmirlər? 

- Sovet İttifaqının dağılmasından otuz ildən çox vaxt keçir. Bu il türk cümhuriyyətləri 30-cu müstəqillik ildönümünü qeyd etməyə hazırlaşırlar. Ancaq bədniyyətlərin qaranlıq kölgəsi və gizli əli hələ də türk coğrafiyalarını təqib edir. Üç hegemon dövlət, bölgədə ağalıq etməyə çalışır. Bəlkə də bu üç dövlət Ulu Türküstanı artıq aralarında bölüblər?!.

- Yeri gəlmişkən, ilk olaraq Moskva, ardıyla da Türkiyə vasitəçilik təklifləri verdilər. Hətta Türkiyə Qırğızıstana hərbi dəstək mənasında silah-sursat satacağını bildirdi. Burada Türk həmrəyliyi gündəmə gəlir. Həqiqət necədir: qonşu türk respublikalarının – Özbəkistan və Qazaxıstanın yanaşımı necədir münaqişəyə?  Və onu da nəzərə alaq ki, hər iki respublikanın ərazisində xarici hərbi bazalar var...

- Türkiyənin münaqişənin durdurulmasına dair vasitəçiliyi haqqında hələ ki, elə bir rəsmi açıqlama olmayıb. Ancaq onu deyim ki, XİN başçısı Mövlüt Çavuşoğlu Türkiyə adına başsağlığı və keçmiş olsun diləkləri üçün Qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə telefon söhbətində ölkəsinin qardaş qırğız xalqının yaralarının sağalması, yaşayış və dövlət obyektlərinin inşasına, yardıma ehtiyacı olanlara köməklik göstərməyə hazır olduğunu bildirdi. Özbəkistan və Qazaxıstanın mövqeyini də açıqladım. Bu ölkələrin rəhbərləri də şəxsən münaqişə edən hər iki respublika başçıları ilə telefon danışıqlarında vasitəçilik təkliflərini vermis, təcili silahlı toqquşmanı dayandırmalarını istəmiş, hər cür humanitar yardım göstərməyə hazır olduqlarını söyləmişdilər.

- Atəşkəsə razılaşıblar, hərbçilər geri çəkilib, demək olarmı ki, münaqişə bitdi və bir də təkrarlanmayacaq? Bundan sonrası necə olacaq, məlum problemin yaxın gələcəkdə həll ediləcəyini gözləmək olarmı?

- Mayın 2-də səhər tezdən atəşkəs rejimi qüvvəyə minib. İndiyədək elə ciddi atəşkəs pozuntuları olmayıb. Ağır texnika və qüvvələrin əvvəlki mövqelərinə çəkilməsi təmin olunub. Hər iki tərəfdən 3+3 nəfər olmaqla nəzarət qrupu yaradılıb. Bu arada, Tacikistan prezidenti qırğızıstanlı həmkarı Sadır Caparovu mayın ortalarında yaranmış məsələlərin birdəfəlik həllinə nail olmaq üçün Düşənbəyə dəvət edib. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupu birgə çalışmalarını davam etdirir.

- Münaqişə bölgəsində soydaşlarımızdan yaşayan varmı, ümumiyyətlə bu münaqişədə yerli azərbaycanlıların mövqeyi necədir, onlar nə düşünürlər, problemin həlli yollarına nə kimi töhfələr verə bilərlər və sair...

- Münaqişə bölgəsində soydaşlarımız yoxdur. Bu olaylara Qırğızıstan Xalqları Assambleyasının tərkibində fəaliyyət göstərən Azəri İctimai Birliyinin prezidenti, Qırğızıstanın əməkdar hüquqşünası, ədliyyə polkovniki, Respublika baş prokurorluğunun müşaviri Əzizağa Əliyev dövlət telekanalı “Alatoo 24” proqramında münasibətini bildirdi. Birmənalı olaraq ölkədə məskunlaşan 20 mindən çox azərbaycanlı bu iki qonşu, dost ölkənin ramazan ayı günlərində fitnələrə uyaraq silahlı qarşıdurmaya əl atmalarını düşmən qüvvələrin dəyirmanına su tökmək kimi dəyərləndirdilər. Vətəndaşı olduqları Qırğızıstanın acısının acıları, sevincinin sevinci olduğunu dedilər. Ehtiyacı olan münaqişə bölgəsi sakinlərinə gündəlik tələbat malları, ərzaq göndərdilər.

Oxunma sayı 4058