QMİ-nin səlahiyyətləri Dini Komitəyə verilməlidir - Tural İrfan

15:28 12.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycana olan mənfi münasibətləri üzündən yaranan gərginlik və bu prosesdə dini amildən istifadə olunması, ölkəmizdə müəyyən islahatlar aparma zərirətini ortaya qoyub. Azərbaycan “özünün dini ənənəsini xarici təsirlərdən necə qorumalı və hansı addımlar atmalıdır” sualına aydınlıq gətirməlidir. İlahiyatçı Tural İrfan hafta.az-a müsahibəsində bu istiqamətdə bir çox maraqlı nüanslara diqqət çəkib.

- Tural bəy, maraqlıdır, İran-Azərbaycan münasibətlərindəki gərginlik fonunda qarşılıqlı münasibətləri məsələsində dindarların rolu nə dərəcədədir?

- Onu nəzərə almaq lazımdır ki, İran dini dövlətdir və bizdə olduğu kimi din dövlətdən ayrı deyil. Ona görə də İranda çıxış edən hər bir ruhani, din xadimi bizim ölkədə olduğu kimi molla təsiri bağışlamamalıdır. Onların din xadiminin verdiyi hökm, söz, ifadə, açıqlama birbaşa onların dövlət rəhbərliyinin sözüdür.

Dini lider deyiləndə çoxlarında təəssürat yaranır ki, oranın Şeyxülislamıdır, xeyr.

Orda birbaşa dövlətin sahibi, rəhbəri Vilayəti Fəqir Xameneidir. Təbii ki, İran-Azərbaycan arasında baş verən bu gərginləşmənin fonunda bizdən də layiqli cavablar verildi. Bundan sonra sərhəddə təlim keçmək kimi bizə qarşı başqa addımlar oldu. Bizə yaxın, müttəfiq dövlətlər, həmçinin Azərbaycan dövlətinin rəsmiləri onların layiqli cavabını verdi. Dindarların roluna gələndə isə burda çox təəssüfedici bəzi məqamlar var. Məsələ ondan ibarətdir ki, Azərbaycanda müstəqillik qurulandan sonra müəyyən boşluqlar olub və Azərbaycana yadımların edilməsi adı altında ölkəmizə müəyyən radikal dini cərəyanların axını baş verib. Həmini vaxt İranın burda “İmdad” komitəsi fəaliyyət göstərirdi. Çox təəssüflər olsun ki, bu yardımlar adı altında bunlar həm də öz ideoloji xətlərini Azərbaycanda bərqərar edib, kök sala biliblər. Məsələn, “İmdad” Komitəsi bağlandı, amma Ocaqnejati var idi ki, o, İranın Ali dini liderinin buradakı nümayəndəsi idi. O, status baxımından İran səfirindən üstün adamdır. Amma bizim ölkədə bəzən elə təəssürat yaradılırdı ki, guya adi bir molladır, burda oturub. Rəsmi olaraq İran Mədəniyyət Mərkəzinin rəhbəri kimi təqdim olunurdu. Amma bu adam siyasi xütbələr verirdi, buradan Amerikanın əleyhinə bəyanatlar verirdi, İsrailin əleyhinə danışırdı, məzhəbçilik toxumu səpirdi. Yəni bir növ İranın Azərbaycanda ideoloji xəttinin təməllərini atırdı. Onun fəaliyyəti nəticəsində Azərbaycanda ilahiyatçı adı altında İranın agentura şəbəkəsi yaranıb. Məsələnin qorxulu tərəfi budur. Yoxsa, İran Azərbaycana qarşı müharibə edər, nəsə atar, sözləri boş sözlərdir. Heç bir şey edə bilməz, eləmək qüdrətində də deyil. Azərbaycan özü kifayət qədər güclü dövlətdir. Digər bir tərəfdən də Azərbaycanın kifayət qədər güclü tərəfdaşları var. Burda başqalarını demirəm, Pakistanla Türkiyənin dostluğu kifayətdir. Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür. Əslində İranın şiəçiliyi şiəlik deyil. İranın Azərbaycana gətirdiyi şiəlik, şiəlik pərdəsi altında İranın milli-ideoloji xəttinin təbliğ olunmasıdır. Məsələn, İranın heç bir müsəlman ölkəsi ilə səmimi dostluq münasibəti yoxdur. Amma müsəlman olmayan, müsəlmanın əleyhinə olan dövlətlərin hamısı ilə ən yaxın müttəfiqdir. “İranla-Azərbaycan münasibətlərində dindarların rolu vəziyyətin gərginləşməsinə xidmət edir” deyə bilərik.

- Bu gün Azərbaycanda İranın ayətullahlarının təsirində olan dindarlar varmı və onlar necə idarə olunur?

- Qeyd etdiyim kimi, Azərbaycanda məscidlərin çoxuna təyin olunmuş adamların əksəriyyəti sırf İranda təhsil almış adamlardır. Çoxu İrandakı müştəhidlər və İranı təqlid edən, İranın dini liderinə birbaşa bağlı olan adamlardır. Mən bunun Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətindəki boşluq, yaxud “5-ci kolon”un işi olduğunu deyə bilmərəm. Amma araşdırma aparılsa, bunun şahidi olacaqsınız.

Bir neçə il öncə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin İranın “Səhər” kanalına bir açıqlaması olub. Orda deyir ki, mən cənab Xameneinin müqəllidiyəm, onu təqlid edənəm və sair xoş sözlər. Fikir verin, bir ölkənin dini rəhbəri o cür ifadə işlədirsə, onun əlinin altında işləyən axundları, işçiləri neyləməlidir? Deməli, bundan həvəslənərək, bizim məscidlərin əksəriyyətindəki axundlar İranın Ali dini lideri Xamenei və İraqda oturan fars əsilli bir müştəhidə təqlid edirlər. Təqlidçilik də o deməkdir ki, siyasi və dini baxışlarda o adama tabe olmaq və qazancının illik 5-dən 1-ni ianə-xüps adı altında ona göndərirlər. Azərbaycan da Xameneinin o işlərini yerinə yetirən Ocaqnejati idi ki, hamı xüpsü-vəsaitləri aparıb ona verirdi. O da İrana göndərirdi, İran da bundan ayırıb Ermənistana silah göndərirdi və sair. Yəni bu, onların bir siyasi rıçaqları, vasitələridir.

Azərbaycanda milli-vətənpərvər təhsil almış dindarlarımız, ilahiyyaçılarımız hamısı bu məsələdə İranı tənqid elədi və İranın bu haqsız mövqeyinə qarşı çıxdı, bunun islama zidd olduğunu  vurğuladı. Amma təəssüf olsun ki, Qafqaz Müsəlmanları İdarəsinin tərkibində olan ruhanilər, elə idarənin özündə işləyənlər olmaq şərti ilə bu məsələdə səssiz qaldılar, İranın yanında yer aldılar. Bu da əvvəldə qeyd etdiyim kimi İranın səpdiyi toxumların cücərməsinin nəticəsidir.

Təqlidçilik sistemi bir ideologiyadır. Müqəllid, Müctəhid sistemi var, Vilayəti Təqib sistemi var, bunlar din adı altında yaradılıb. Hansı ki, Peyğəmbərin vaxtında yaranmayıb, bu, islamda yoxdur. Sonradan bu düşünülüb, yaradılıb və islami don geyindirilərək dini sistem kimi göstərməyə çalışıblar. Amma əslində bu xarici maraqların olduğu və həmçinin İranın fars şovenistlərinin qurduğu elə bir sistemdir ki, həm maddi baxımdan xaricdən maliyyələşirlər, hansı ki, bu hökümdür.  Həmin sistemə görə guya ki, İranın Ali dini ilderi də bütün dünya müsəlmanlarının lideridir, 12-ci qeybdə olan imamın dünyada olan nümayəndəsidir. Nəticə etibarilə vacibdir ki, sən həmin şəxsi təqlid eləməlisən. Bilirsiz, İranın Ali dini lideri siyasi lider olduğuna görə, o təqlid daha təhlükəlidir. Əgər dini rəhbərlər Xameneiyə təqlid edirlərsə, Xamenei Azərbaycanın yanında yox, Ermənistanın yanındadırsa, deməli onun “partiyasında” olan bizim Azərbaycandakı dindarlarımız da Ermənistanın yanında olmuş olurlar.

- Biz dünyəvi dövlətik və sülh, beynəlxalq hüquqa hörmətlə yanaşan istənilən qonşu dövlətlərlə bu prinsiplər əsasında əməkdaşlıqlar qurmaqda maraqlıyıq. Necə olur ki, bir müsəlman ölkəsi olan İran qonşuluq prinsiplərini pozan, məscidlərimizi təhqir edən, orada donuz saxlayan erməni cinayətkarlarını dəstəkləyir?

- İranın dövlət siyasətinə, Konstitusiyasına baxanda, onların dövlət adamlarının verdiyi açıqlamarı təhlil edəndə belə nəticə hasil olur ki, bu həqiqi İslam dövləti deyil. Tək Azərbaycana qarşı yox, İran Pakistan-Kəşmir məsələsində də Hindistanın yanında olub. Uyğurların soyqırımı məsələsində də Çinin yanında olub. İran Fələstin məsələsindən öz daxildə xalqı təzyiq altında saxlamaqdan ötrü istifadə edir. Yoxsa, İranın silah aldığı ən birinci dövlət elə İsrail idi. İndi Azərbaycanı ittiham edir ki, siz sionistlərlə əlaqə saxlayırsız və sair. Belə çıxır ki, İran İsraildən silah alanda sionist deyildi? Burdan da görünür ki, İranın ideoloji, dövlət xətti anti-islam xəttidir. O zaman bu nədir. Bu qədim Sasani ənənələrinə əsaslanan dindir. Məsələn, İranda daha çox lənətlənən, bir dənə uşağa adı qoyulmayan şəxs II Xəlifə Ömərdir. Ona görə ki, İranı Ömər fəth edib. İndi açıq şəkildə deyə bilmirlər ki, biz İslamdan imtina edirik, sadəcə olaraq fərqli bir məzhəb, fərqli bir ideologiya, fərqli bir xətt seçərək İslamı içindən parçalamaq istəyirlər. Ən əsası Ermənistana kömək etməklə  Azərbaycanın Türkiyə ilə əlaqələrini kəsmək, Turanın yaranmasının qarşısını almaqdır. İran öz xülyalarında Osmanlının bərpasından narahatdır. Amma özləri köhnə sasani xülyalarını bərpa etmək istəyirlər. Hətta Yəmənə, Liviya, Livana kimi qarmaq atırlar. Türkiyənin digər Orta Asiya ölkələri ilə əlaqələrini məhdudlaşdırmaqdan ötrü Azərbaycanın daim münaqişə ocağı olmasında maraqlıdırlar. Öz aləmlərində İslam ümməti, ümumi İslam dövləti düşünürlər və qonşu müsəlman dövlətlərinin də torpaqlarını öz torpaqları hesab edirlər.

- Tural bəy, məlumdur ki, bu günlərdə Bakıda Hüseyniyyə məscidi bağlandı, iranlı ayətullah Ocaqnejati burdan getdi. Bu məsələ İranın Azərbaycanda mövcud olan İran təbliğatının əhəmiyyətini nə dərəcədə zəiflətdi, “İranın Azərbayacanda dini təbliğatı, təsirləri azaldı”deyə bilərikmi?

- Ocaqnecatinin təxminən burda 30 ilə yaxın fəaliyyət müddəti olub. O müddət ərzində Azərbaycanı, gənclərin beynini kifayət qədər zəhərlədi. Burda radikal xurafatçı və İran ideologiyasına xidmət edən insanlar yetişdirdi. Şübhəsiz ki, əgər o şəxslərin islah olunması ilə bağlı iş aparılacaqsa, adamlar məsuliyyətə cəlb olunacaqsa, indiyə kimi səpilən zəhərdən təmizlənmə prosesi gedəcəksə, onun getməsinin böyük faydası olacaq. Yox, bunlar olmayacaqsa, onun gedib-getməməyinin heç bir fərqi olmayacaq. Ciddi tədbirlər görülsə, Azərbaycanda millli adət-ənənələrə, milli mənəvi dəyərlərə uyğun İslam modeli formalaşdırılacaqsa,  İran, vəhabi, xurafatçı radikal cərəyanların ölkəmizdə heç bir izi qalmayacaq. Yox olmayacaqsa, kim hardan gəldi özünün ideologiyasını yayacaqsa, bunlar yenidən təbliğ olunacaq. Ocaqnejatinin burda yetişdirdiyi adamlar var ki, onun özündən də populyardılar.  Hətta onlar Təqliyyə pərdəsi altında dövlətə də çox yaxınlaşıblar. Çünki onların burda kifayət qədər şəbəkəsi var, kifayət qədər təzyiq vasitələri var. O təzyiqlərlə mən də kifayət qədər qarşılaşmışam. Şübhə etmirəm ki, onları bütün Azərbaycan xalqı bilir. Çünki sosial şəbəkələrdə də onları təqlid edirlər. Ocaqnejatinin vaxtında onun sürücüsü olmuş adam bu gün artıq Şeyxülislam namizədliyinə gətirilib çıxarılıb.

- Necə hesab edirsiz, cərəyan edən məlum proseslər fonunda bundan sonra biz hansı yolu tutmalıyıq. Azərbaycanın bundan sonra heç kimin təsirində olmayan dini modeli yaradılmalıdırmı və o nə ola bilər?

- Mən şübhə etmirəm ki, bu istiqamətdə islahatlar aparılacaq. Çünki gedən proseslər bunu labüdləşdirir və dövlətimizin də bu sahədə kifayət qədər ayıq-sayıqlığı var. İkinci bir tərəfdən, bu gün Azərbaycanın həm soy-kökü, həm siyasi baxımdan ən yaxın müttəfiqi, qardaşı, dostu Türkiyə dövlətidir. Əsas odur ki, biz bir millətik, dinimiz də İslamdır. Burda heç bir məzhəb məsələlərinə önəm vermədən təklif edərdim ki, Türkiyənin din sistemindən müəyyən örnəklər götürək. Necə ki, hərbi sahədə Türkiyədən öyrənirik, birgə təlimlər keçirik, silahlar aldıq, həmçinin, Osmanlı dövlətinin 650 illik dini təcrübəsindən, dini idarəçilik, yayılması, təxribatların qarşısının necə alınması təcrübəsini öyrənə bilərik.

Dini modelə gəlincə, bu nə İran, nə Ərəbistan, nə də ki, Türkiyə modeli olmamalıdır. Bu məhz Azərbaycanın öz dini modeli olmalıdır. Hər bir dövlətin özünün müstəqil kökü, ənənəsi var.  Mən demirəm yaradılmalıdır, kimsə səhv başa düşməsin. Biz yeni din, yaxud təriqət yaratmırıq. Sadəcə o İslam modeli aydın olmalıdır. Məsələn, bizdə Səhiyyə Nazirliyi ilə TƏBİB-də olduğu kimi, Dini Qurumlarla İş Üzrə Komitə ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi arasında da bəzən anlaşılmazlıqlar olur. Görüntü xatirinə mehribanlıq göstərsələr də, əslində bir-birinə qarşıdılar. Ona görə də hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin bütün səlahiyyətləri alınıb Dini Komitəyə verilməlidir. Din sahəsində böyük islahatlar aparılmalıdır. İranpərəst axundlar, İranın dini rəhbərlərini təqlid edən, ora bağlı olan hər bir ruhani İdarədən uzaqlaşdırılmalıdır. Bu tək İrana aid deyil. Məsələn, Türkiyəni götürək. Tutaq ki, bir ruhani Türkiyənin şeyxini təqlid eləsə, o adam Türkiyənin maraqlarına uyğun çıxış edəcək. Hər dövlətin də maraqları eyni deyil. Məsələn, Türkiyənin İsraillə münasibətləri daha gərgindir, amma Azərbaycanın elə deyil. Ola bilər ki, Türkiyənin şeyxi İsrail əleyhinə bir cihad hökmü verə bilər, amma Azərbaycan buna razı ola bilməz. Bütün bunları nəzərə alaraq, Azərbaycanda savadlı ilahiyyatçılara şərait yaradılmalıdır. Amma bu günə qədər bu “İran təpəsi” imkan verməyib ki, Azərbaycanda həqiqi ilahiyyatçı adamlar üzə çıxsınlar.

Azərbaycan xalqının öz dini modelini yaratması üçün kifayət qədər bazası var. Bu xalq 70 il sovet əsarətində olmasına baxmayaraq öz dinini yaşadıb, Quranı torpağa basdırıb saxlayıb. Öz xalqımız elə o köhnə ənənələri dirildəcək və Azərbaycan İslam modeli xalq tərəfindən ənənəvi şəkildə formalaşacaq.  Mən, sən, başqasının bunun üçün təbliğat aparmasına ehtiyac yoxdur. Sadəcə, bu ənənəni formalaşdırmağa imkan verməyən İranın  radikal qrupları sıradan çıxarılmalıdır.

Oxunma sayı 56