Rus sülhməramlılarına Cənubi Qafqazda hüquqi mandat verilməyib - Zaur Məmmədov

16:17 28.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağın Moldova və Dnestryanı bölgələrlə müqayisə olunması düzgün deyil. Rəsmi Bakı Moldova, Ukrayna, hətta Gürcüstandan fərqli olaraq əvvəldən xarici siyasət davranışında regionda güc sahibi olan mühüm geosiyasi oyunçuların maraqlarının uzlaşdırılması istiqamətində mühüm addımlar atıb.

Bu fikirləri hafta.az-a politoloq Zaur Məmmədov deyib:

“Nəticə  etibarilə gördük ki, 44 günlük müharibədə coğrafi cəhətdən dünyada ilk dəfə olaraq kiçik bir dövlət II Dünya müharibəsindən sonra müharibəyə başladı və öz məqsədlərinə çatdı. Moldovada, Dnestryanı bölgələrdə baş verən hadisələrə gəldikdə isə etiraf edilməlidir ki, hökumətin Qaqauziya və Dnestryanı ərazilərə təsir imkanları o qədər də böyük deyil və vaxtilə həm Moldova, həm  Gürcüstan 1990-cı illərin əvvəllərində sülhməramlılara rəsmi olaraq mandat verdilər. Nəticə etibarilə 1999-cu ildə İstanbul Zirvə görüşündə, Rusiya Gürcüstandakı sülhməramlıları çıxarmağa öhtəlik götürsə də, bu icra edilmədi və sonrakı hadisələr hər kəsə məlumdur. Gürcüstanın “çıx” istəklərinə baxmayaraq, sülhməramlıların orda qaldığını və sonradan Cənubi Osetiya və Abxaziya ilə bağlı məlum hadisələri hər kəs bilir.

Qarabağ Azərbaycanın nəzarətindədir və Rusiya sühməramlıların nəzarətində olan ərazilərdə nələr baş verdiyini rəsmi Bakı çox yaxından izləyir. Digər tərəfdən, orada olan sülhməramlıların əslində heç bir hüquqi bazası yoxdur. Nə Azərbaycan Parlamenti, nə də BMT rus sülhməramlılarına Cənubi Qafqazda hüquqi mandat verməyib. Bu isə bizə imkan verir ki, üçtərəfli sənədə uyğun olaraq vacib addımları ataq.  Nikol Paşinyanın  Qarabağdakı separatçılarla,  Ermənistan hökuməti üzvlərinin birgə təhlükəsizlik şurasının iclasını çağırması Azərbaycan-Ermənistan arasındakı son zamanlar mühüm anlaşmalar və sülh müqaviləsinin müzakirə edilməsi ilə bağlıdır.

Məsələ burasındadır ki, Azərbaycan-Ermənistan xarici işlər nazirləri, eyni zamanda, liderləri arasında olan görüşlərdə müzakirə edilən mühüm müddüəlar və əldə edilmiş qərarlar separatçılara Paşinyan tərəfindən deyilməlidir ki, reallığın nədən ibarət olduğunu anlasınlar.

Regionda çox ciddi hadisələr baş verir. ABŞ, Avropa İttifaqı, Rusiya arasında  ciddi şəkildə regionla bağlı mübarizə var.   O qüvvələr başa düşməlidirlər ki, Cənubi Qafqazı əldən vermək istəmirlərsə, o zaman rəsmi Bakının maraqlarını nəzərə almalıdırlar. Azərbaycan nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ üçün asan həzm olunan beynəlxalq subyekt deyil. Əksinə, 30 il müdət  göstərdi ki, əgər kimsə Bakının maraqlarını nəzərə almasa itirmiş tərəf olacaq və məqsədlərinə çatmayacaq”.