Rusiya Federal Gömrük Xidməti bildirib ki, Qərb dünyasının onlara tətbiq elədiyi sanksiyaların zərbələrindən mümkün qədər qorunmaq üçün yaxın dost ölkələrlə ticarəti asanlaşdıracaqlar.
Hafta.az-ın yazdığına görə, Rusiya FGX-nin açıqladığı siyahıda ticarət qaydalarının asanlaşdırılması nəzərdə tutulan ölkələrin siyahısına ilk olaraq Azərbaycan, Türkiyə və İranın adı salınıb.
Xidmət bildirib ki, sanksiyaların Rusiya bazarına mənfi təsirini azaltmaq üçün atılan addımlar gələcəkdə də davam etdiriləcək. Onların adıçəkilən və gələcəkdə də bu siyahıya əlavə olunacaq ölkələrlə ticarət qaydalarını asanlaşdırmaqda və ümumiyyətlə, ticarəti gücləndirməkdə məqsədi odur ki, Rusiya bazarlarını ərzaq, dava-dərman, texniki və sənaye məhsulları ilə təmin edə bilsinlər. “Bunun üçün Rusiya Federal Gömrük Xidməti bütün sərhəd-buraxılış məntəqələrini fövqəladə iş rejiminə keçirib. Artıq ərzaq, dava-dərman, aşı və dezinfeksiyaedici mallarla bağlı gömrük postlarında vacib qaydalar təsdiqlənib”, - açıqlamada deyilir.
Rusiya FGX-dən bildirilib ki, yaxın vaxtlarda bu siyahıya Birləşmiş Ərəb Əmirlikləri və digər bir neçə dost ölkələrin də adları əlavə olunacaq.