Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib. Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də baş katibə müraciət edib. Artıq Avropa Şurası Avropa Şurasından çıxmasına dair bildirişi Rusiyaya təqdim edib. Rusiyanın bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb. 26 il təşkilatın üzvü olan Rusiya Ukrayna ilə müharibə başlayandan sonra Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.
Maraqlıdır, üzv dövlət Avropa Şurasından hansı hallarda çıxarılır? Rusiya BMT-dən də çıxa, yaxud çıxarıla bilərmi?
Bu barədə hafta.az-a açıqlama verən politoloq Qabil Hüseynlinın fikrincə, Rusiya Avropa Şurasından çıxarılmalı idi. Çünki mülki yaşayış binalarını, doğum evlərini bombardman edən, dinc mülki əhaliyə qarşı silah tətbiq edən, heç bir səbəb olmadan suveren bir dövləti işğal altına almaq istəyən Rusiyaya qarşı bu hərəkət tamamilə təbiidir, hələ azdır.
“Avropa Şurası Avropa ölkələrinin mədəni dünyaya doğru inkişafını təmin edən, orada müəyyən demokratik normaları, dünyəvi dəyərləri təbliğ, təşviq edən bir təşkilatdır. Bu gün Rusiyanın hərəkətləri nəinki Avropa Birliyinin dəyərləri, mövcud olmuş dəyərlərin heç biri ilə üst-üstə düşmür.
Rusiya sözün əsl mənasında barbar, işğalçı, ədalətsiz bir müharibə aparır. Ukrayna xalqının misli görünməmiş əzab-əziyyətlərinə səbəb olub. Putin kimi psixikası yerində olmayan dövlət, eləcə də xalqın özü qınanmağa layiqdir. Çünki 5-3 adam çıxmaqla bu müharibəyə seyrici münasibət bəsləyir”.
Q.Hüseynli Rusiyanın nəinki Avropa Şurasından, hətta BMT TŞ-dan da çıxarılmasını vacib sayıb.
Onun fikrincə, Rusiyanın yeri mədəni təşkilatların toplaşdığı sistemdə olmamalıdır.
Q.Hüseynli Rusiyanın BMT TŞ-dan çıxarılması ilə bağlı çətinliklər barədə deyilsə də, bunu da mümkünsüz hesab eməyib.
“BMT yenidən qurulmağa başlayıb. BMT bu müharibədə səsini çıxartmadı. BMT-nin elə uğursuz bir sədri var ki, müharibəyə heç bir münasibət bildirmədi. Rusiyanı pisləyən cəmi 1 BMT sənədi qəbul elədi ki, o da Təhlükəsizlik Şurasında müzakirə edilmədi. Ümumiyyətlə, nəyə görə BMT-nin 5 ölkəsi yerdə qalan dövlətlərdən daha imtiyazlı olmalıdır? Ona görə də BMT-nin yenidən qurulması gündəmə öz damğasını vurmalıdır. Bundan sonra dünyada ədaləti müdafiə eliyən, dünyəvi dəyərləri müdafiə edən dövlətlərdən ibarət təşkilat formalaşmalıdır”.
Politoloq Rusiyanın Qərb institutları ilə əlaqələrinin kəsilməsini, təmsilçiliyinin ləğvinin Putini durdurması, müharibənin taleyinin dəyişməsi ilə bağlı aparılan müzakirələrə birmənalı yanaşmayıb. Onun fikrincə, müharibənin taleyi onsuz da dəyişib.
“Qəhrəman Ukrayna xalqı müharibədə əsas dönüş yaradıb, müharibənin taleyini dəyişib. Rus ordusunun çürüklüyünü, rus ordusunun heç nəyə qadir olmadığını sübuta yetirib”, -deyə polotoloq Putin hökumətinin uduzduğunu deyib.