“Rusiya daim Kəlbəcəri HƏDƏFDƏ SAXLAYACAQ...”

14:09 18.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Görəsən, son həftələr Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini  niyə əsasən və demək olar ki, yalnız Kəlbəcər istiqamətindən atəşə tutur?..

Mövzu ilə bağlı Hafta.az-ın suallarını siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu belə cavablandırıb:

“Kəlbəcərin  hədəfdə olması təbii haldır. Birincisi, Kəlbəcər hərbi-siyasi və geo-strateji baxımdan ən həssas nöqtələrdən biridir. Faktiki olaraq mühasirə durumunda olan bir şəhər, rayondur... Digər tərəfdən isə bu ərazi Qarabağın cənubu istiqamətinə açılan bir yoldur. Yəni oradan rahat şəkildə Tərtərə, Tərtərdən isə Rusiyanın uğrunda illərdir mübarizə apardığı Gəncə kommunikasiya dəhlizinə yol açılır. Ona görə də, təbii ki, Moskva II Qarabağ müharibəsində qarşısına qoyduğu geo-siyasi hədəflərdən imtina etməyib. Heç belə bir fikri də yoxdur. Çünki bu, öncələrdən dediyim kimi, strateji hədəflərdən biridir. Məhz bu baxımdan da Rusiya daim Ermənistan vasitəsilə Kəlbəcəri hədəfdə saxlayacaq. Və Kəlbəcər-Tərtər istiqamətində Azərbaycana uğursuzluq yaşatmağa çalışacaq. Çünki yalnız bu halda Kreml öz məqsədlərinə çata bilər. Mən Kəlbəcər ətrafında son vaxtlar baş verən gərginliyin əsas səbəbini məhz bunda görürəm”.

“Sizcə, burada Kəlbəcərdəki Ağduzdağ qızıl  yatağının 30 il müddətinə müqavilə əsasında Türkiyənin “Artvin Maden A.Ş.” şirkətinə istifadəyə verilməsinin rolu yoxdur ki? Halbuki,  Zod yatağının Ermənistan tərəfində(işğaldan öncə isə Azərbaycan tərəfdə də) qızıl hasilatıyla Rusiya şirkəti məşğul  olur” sualına isə analitik qısa və konkret cavab verib: “Xeyr. Bunlar xırda məsələlərdir”.