Rusiya təyyarələri Ukraynanın Mariupol şəhərindəki tarixi Sultan Süleyman məscidini bombalayıb.
Hafta.az-ın yazdığına görə, həmin vaxt məsciddə ölümdən qorxaraq qaçıb sığınmış 86 Türkiyə vətəndaşı olub. Hansı ki, onlardan 34-ü uşaqlardır.
Bu barədə məlumatı Ukraynanın Ankaradakı səfirliyi yayıb. Yerli mənbələrə istinad edən səfirlik qeyd edib ki, Rusiya təyyarələri gecədən xeyli keçmiş - səhər üzü şəhərə hava zərbələri endirib ki, vurulan həmin obyektlərdən biri də məhz Sultan süleyman məscididir.
Ukrayna Xarici İşlər nazirinin müavini Əminə Ceppar da Mariupol Bələdiyyə sədrinin sözçüsü Petro Andryuşçenkoya istinadən məlumatı təsdiqləyib.
Sultan Süleyman məscidinin imamı Məhmət Uce bildirib ki, bomba həyətə düşdüyü üçün, şükür olsun, məscid binası dağılmayıb. O, zirzəmidə müəyyən qədər bəs edəcək ərzaq ehtiyyatı tədarük etdiklərini də açıqlayıb.
Qeyd edək ki, indiyədək Ukraynadan 14 minədək Türkiyə vətəndaşı çıxarılsa da, Rusiyanın şiddətli bombardmanı səbəbilə Mariupolda sıxışıb qalmış mülki şəxsləri xilas etmək mümkün olmayıb.