Rusiya və Türkiyənin qarşıdurmasını istəyənlər çoxdur - Rauf Məmmədov

17:09 07.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən Müharibəsindəki qələbəmizin ildöünümünü qeyd etdiyimiz bu günlərdə bölgəmizdə çox maraqlı məqamlar yaşanır. İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqe, Azərbaycan və Ermənistan liderlərinin görüşməyə hazır olduqlarını bəyan etməsi, Soçidə Rusiya-Türkiyə danışıqları və s. Bu və digər məqamlarla bağlı hafta.az-ın suallarını AMEA-nın elmi işçisi, politoloq Rauf Məmmədov cavablandırıb.

- Rauf müəllim, bu gün regiondakı vəziyyət  hansı yeni mərhələdədir? Burada Rusiya ilə Türkiyənin uzlaşan mövqeyi nədir?

- Soçi görüşündə böyük irəliləyişin olduğuna inanmıram, xüsusilə, Qarabağ məsələsində. Tərəflər sadəcə bir-biri ilə gərgin tərəfdaşlıq əlaqələrini qorumaq və toqquşmadan özlərini zəmanət altına almaq istəyirlər. Bölgədə Rusiya və Türkiyənin toqquşmasını istəyən güclər çoxdur. Onların məqsədi Avrasiya bölgəsində hegemonluq etmək istəyən hər iki ölkəni qarşı-qarşıya gətirməklə zəiflətmək, parçalamaq və nəticədə, Avrasiya bölgəsinə hakim olmaqdır. Avrasiya bölgəsinə hakim olmaq istəyən əsas güc Çindir. Bu toqquşmanı ABŞ və Fransa da istəyir.

Cənubi Qafqazda Rusiya onlarla bir araya gəlmək istəmir. Onlar bölgəyə daxil olsalar, Rusiyanın Qafqaz üzərində nəzarəti əldən çıxacaqdır. Onsuz da onlar artıq Gürcüstan və Ermənistanda öz mövqelərini tədricən gücləndirirlər. Bu durum Türkiyəyə də sərf etmir. Bu baxımdan, Türkiyə Rusiya ilə xoş münasibətlər saxlamaq məcburiyyətindədir. Eynilə Rusiya da Türkiyənin Cənubi Qafqazda varlığına dözməyi ən əlverişli variant hesab edir. Əks təqdirdə, Cənubi Qafqaz nə Rusiyanın, nə də Türkiyənin olacaq.

Bunları nəzərə alsaq deyə bilərik ki, Soçi görüşündə Putin və  Ərdoğan Avrasiyada birgə əməkdaşlıq etməyi və heç bir vəchlə toqquşmaya getməyəcəklərini, hər cür təxribatlara uymayacaqlarını müzakirə ediblər. Qarabağ məsələsinə gələndə, söhbətin əsas mövzusunun Zəngəzur dəhlizi olduğunu düşünürəm. Bu məsələdə ortaq maraqlar müzakirə olunub.

- Necə hesab edirsiniz, ABŞ, Fransa yenidən Minsk Qrupu formatında regionda aktivləşəcəksə, Ermənistan sülh sazişinin bağlanmasında maraqlı olacaq?

- Minsk qrupunun həmsədr dövlətləri olan Rusiya, ABŞ və Fransa erməni mövqeyindən çıxış edirlər.

Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac da yoxdur. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını azad etdi.  ABŞ və Fransa oyundan kənarda qalmaq istəmirlər. Onlar da Cənubi Qafqazdan öz paylarını istəyirlər. Əgər öz paylarını ala bilsələr və ya bu paylar onlara verilsə, bəlkə sülh sazişi bağlana bilər. Əks təqdirdə, onlar geri çəkilməyəcəklər. Onların dərdi sülh deyildir, iqtisadi və geosiyasi maraqlardır.

44 günlük savaşda Ermənistanın tam məğlubiyyəti, Rusiyanın nüfuzunu heçə endirdi. Bundan sonra Ermənistanda Rusiyanın tədricən çıxarılması prosesi başlayacaq. Rusiya bu prosesin qarşısını almaq üçün, Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəmir. Sülh sazişindən sonra Ermənistan Azərbaycan və Türkiyə ilə yaxınlaşacaq, iqtisadi inkişafa nail olacaq və Türkiyə vasitəsilə Avropaya çıxacaqdır. Belə olan halda, Rusiyanın iqtisadi və hərbi əhəmiyyəti sıfıra enəcək və rus ordusunun Ermənistandan çıxarılması məsələsi gündəmə gələcəkdir. Buna görə də, Rusiya, Xankəndi və ətraf ərazilərdə möhkəmlənmək yolunu seçdi. Rusiya, Qarabağ ermənilərindən bir separatçı amil kimi yalnız Azərbaycana qarşı deyil, Ermənistanın özünə qarşı da istifadə edə bilər.

Fransa və ABŞ Cənubi Qafqazda möhkəmlənmək üçün ya Türkiyəni seçməli, ya da yeni bir koridor açmalıdırlar.  

- Azərbaycanın qələbədən sonra regiondakı əsas addımı Zəngəzur dəhlizi ilə bağlıdır. Dəhlizin açılmasında maraqlı və maraqlı olmayan bu qüvvələr nəyə çalışır? Bu prosesdə İran hansı mövqedə dayanır və nədən ehtiyat edir?

- Zərgəzur koridorunun açılması İrana zərərdir. Naxçıvanlıların İran vasitəsilə öz evlərinə getmələri, İrana iqtisadi baxımdan sərfəli idi. Ermənistanın Türkiyə və Azərbaycan ilə əməkdaşlığa getməsi və sərhədlərin açılması, İranın bu bazarı itirməsi deməkdir. Üstəlik, İran beynəlxalq narkotrafikin tranzit ölkəsi kimi, bu koridor vasitəsilə böyük gəlir əldə edirdi. Bu koridor vasitəsilə Qara dənizə çıxış əldə edən İran, bu və ya digər şəkildə sanksiyalar dövründə özünün iqtisadi sistemini qura bilmişdir. Azərbaycan Ordusunun Qarabağı azad etməsi və Gorus-Qafan yolunu nəzarətə götürməsi, onun bu çıxış nöqtəsini qapatdı. İranın bu istiqamətdə Ermənistana və daha sonrakı ərazilərə daşıdığı yüklər 30 il işğal dövründə dayanmadan davam etmişdi. Azərbaycanın son bir neçə ay ərzində nəzarəti dövründə bu yüklər arasında 0.5 ton narkotik də ələ keçirilmişdir. Mətbuatda bu məlumat vardır. Bu baxımdan, Qarabağın azad olunması İranın iqtisadi maraqlarına zərbə vurdu.

Zəngəzur dəhlizi, İranın Qara dənizə çıxış koriduru layihəsinə zərbə vurdu. Əgər Türkmənistan qazı Azərbaycan vasitəsilə Türkiyəyə ötürülsə, bu İran qazına böyük rəqabət təşkil edəcəkdir. 

Digər tərəfdən, Türkiyə və Azərbaycan bölgədə 6-lıq formatı çərçivəsində əməkdaşlıq təklif etdilər. Bu formatda əməkdaşlıq bütün bölgə ölkələrinin maraqlarını təmin etməlidir. İranın Azərbaycan və Türkiyəyə qarşı aqressiv münasibəti onu göstərir ki, bu təklif İranı qane etmir. Bəlkə də İranın arxasında dayanan Fransa və Çin bunu istəmirlər. Əslində, onların hamısı eyni fikirdədirlər. Zəngəzur dəhlizi iqtisadi layihədən daha çox, geosiyasi bir layihədir. Bu layihə ilə Türkiyə-Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi, siyasi, mədəni birlik məsələsi güclənir. Bu isə, nə İrana, nə Çinə, nə də Fransaya sərf edir. Əslində, bu Rusiyaya da sərf etmir. Rusiya, Türkiyə və Çin amilini tərəzidə ölçür və daha çox Türkiyə amili ilə razılaşmağa vadar olur. Buna görə də Rusiya Türkiyə ilə toqquşmaqdan imtina etdi.

- Rauf müəllim, nəhayət erməni silahlılarının Xankəndi, Xocalı, Ağdərədən çıxarılması hansı mərhələdə baş verəcək. Rusiya, eləcə də Paşinyan buna hazırdırmı?

- Erməni silahlılarının Xankəndi, Xocalı, Ağdərədən çıxarılması baş verməlidir. Bu məsələ Soçi danışıqlarında da müzakirə oluna bilərdi. Bu, Rusiyanın 10 noyabr sazişində üzərinə götürdüyü öhdəlikdir. Burada Paşinyanlıq bir iş yoxdur. Sazişə görə, ərazidə mülki əhali qalmalı və onların təhlükəsizliyi təmin olunmalıdır. Azərbaycanlıların da bu ərazilərə köçürülməsi vaxtı çatıbdır. Əsas məsələ budur. Bizim əhali ora köçəndən sonra dövlət institutları da orada yer alacaqdır. Ermənilərin bir qismi öz evlərini satıb gedəcək, yerdə qalanlar isə, Azərbaycan vətəndaşları kimi Azərbaycan qanunları ilə yaşayacaqlar. Bu mühit getdikcə Azərbaycanın mövqeyini orada gücləndirəcək və rus sülhməramlılarının orada qalmasının əhəmiyyətini ortadan qaldıracaqdır. Beynəlxalq təşkilatlar da mövcud durumla barışmalı olacaqlar. Orada azərbaycanlıların sayı ermənilərdən dəfələrlə çox olacaq və insan hüquqları məsələsi yüksək səviyyədə təmin olunacaqdır. Qazanan biz olacağıq. Rusiya bölgəni hərbi güc kimi tərk edəcəkdir. Bölgə müxtəlif iqtisadi maraqların kəsişdiyi bir məkan kimi, daha çox beynəlmiləl xarakter alacaqdır.

Oxunma sayı 45