Rusiya Zəngəzur dəhlizinin açılmasını istəmir - Teymur Qasımlı 

14:46 06.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı “Həftə içi”nə növbəti müsahibəsində Rusiya baş diplomatı Sergey Lavrovun İrəvan və Bakı səfərləri, bunun Qarabağdakı proseslərə və Zəngəzur dəhlizinin açılmasına mümkün təsiri, ABŞ prezidenti Baydenin Qarabağla bağlı siyasəti və s. haqda mülahizələrini açıqlayıb.

 

-Teymur bəy, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Rusiyanın  Qarabağdakı “sülhməramlı” adlanan kontingentinin “6 aylığı”na təsadüf edən İrəvan və Bakı səfərləri Azərbaycanın bütövlükdə Yuxarı Qarabağda suverenliyinin bərpası, eləcə də 10 Noyabr razılaşmasına uyğun olaraq Zəngəzur dəhlizinin və Qarabağ daxilində digər kommunikasiyaların açılması istiqamətində irəliləyişlərə səbəb ola bilərmi?

-Lavrovun Bakıya səfəri məlum paraddan sonra olacaq. Düşünürəm ki, Xankəndindəki parad Bakıda keçirilmiş Zəfər paradına və İlham Əliyevlə Ərdoğanın Şuşaya birgə səfərinə öncədən cavabdır. Qaldı Zəngəzur dəhlizinə, həmin dəhlizin açılmasını Rusiya istəmir, hətta  İran da bunu istəmir. Ona görə ki, hər iki dövlət Türkiyə və ABŞ-in birbaşa Orta Asiyaya çıxış əldə etməsini arzulamırlar. Odur ki, Zəngəzur dəhlizinin açılması nə Rusiyanın, nə də İranın maraqlarına xidmət edir...

Lavrovun çantasında daha hansı məsələlərin olduğunu biz bilmirik. Görsənən budur ki, Rusiya Azərbaycandan istəklərini artırıb və bunun üçün də bizə təzyiqlər yolunu seçib. Qarabağda irəliləyişlərin olması isə bizim gücümüzdən və həmin təzyiqlərə müqavimətimizdən asılıdır...

-Rusiya Prezidenti V.Putinin Azərbaycanı xəbərdar etmədən fransalı həmkarı Makronla hansısa birgə Qarabağ təşəbbüslərindən danışması nədən xəbər verir? Bu, Minsk Qrupunun yenidən fəallaşdırılıb Azərbaycanın başını qatmasına xidmət etməyəcək ki?

-Bilirsiz, istər Çar zamanından, istərsə də Sovet Rusiyası  və indiki Rusiya dövründə Rusiya-Fransa münasibətləri normal olub. Baxmayaraq ki, Çar zamanında hər iki tərəf müharibə edib, sonradan masa arxasında mənafelərinə uyğun olaraq razılaşıblar. Hətta Birinci Dunya müharibəsində də birlikdə hərəkət ediblər. Bu əməkdaşlıq İkinci Dunya müharibəsində də davam edib. SSRİ ABŞ-a qarşı Şarl De Qolla dəstək verib. Eyni zamanda Fransanın nüvə silahı əldə etməsinə kifayət qədər köməklik edib. Gələk bu günə... Dövlətlərin dostu olmur, maraq və mənafeləri olur. Bu gün Putin də, Makron da ABŞ tərəfindən təzyiq  altındadır. Ona görə də buna qarşı addımlar atmaq üçün hərəkət edə bilərlər. Qafqaz uğrunda gedən mübarizədə və ən əsası, Qarabağ məsələsində. Rusiya və Fransanın ABŞ-Türkiyə strateji birliyinə qarşı, həm də öz problemlərinin həlli üçün birgə nəsə etmələri də mümkündür. Unutmayaq ki, Gürsüstanın xanım prezidenti də Fransa meyilli siyasətçidir... Qaldı Minsk Qrupuna, hazırda bu qurum heç nəyə yaramır və heç bir təsir gücü yoxdur. Ancaq Azərbaycan dövləti Qarabağda bəzi işlərini həyata keçirmək üçün həmin təşkilatdan öz maraqları üçün istifadə edə bilər...      

-Avropa Parlamentinin 121 üzvü Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırır. Amma eyni qurumlar birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlının taleyinə biganə qalır. Buna necə qiymət vermək olar?

-Çox təəssüf ki, Avropa qurumları daim Azərbaycana qarşı  ikili standartlarla çıxış edir. Azərbaycan dövlətinin bu günə qədər erməni əsirlərinə qarşı münasibətdə nümayiş etdirdiyi humanizm prinsipləri goz qabağındadır. Ermənilərin isə 1990-cı illərdən bəri Azərbaycan əsirlərinə etdikləri zülmlər də göz qabağındadır. Niyə onda Avropa təşkilatları, bir dəfə də olsun, bu barədə bəyanat vermirdilər? Və yaxud indi bəyanat versinlər. Ermənistandan tələb etsinlər ki, birinci Qarabağ müharibəsi zamanı saxladıqları əsirlərimiz sağdırsa, dirilərini, vəfat ediblərsə,  cənazələrini versinlər. Düzdür, ədalət naminə, burda təsəlliverici bir məsələni vurğulamaq lazımdır ki, Avropa təşkilatları hər zaman Azərbaycanın ərazi butovlüyünü tanıyan qətnamələr qəbul ediblər. Fəqət, bunun əvəzində pərdə arxasında Ermənistana dəstək veriblər. Azərbaycan xalqı bunları unutmamalıdır. Qafqazda yeganə türk və müsəlman dövləti Azərbaycandır. Avropa təşkilatlarının isə xristian sevgisi müsəlmanlara rəğbətlərindən qat-qat çoxdur...

-ABŞ prezidenti  Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımasından sonra Amerikanın  maşa milyarderi Sorosun da seçkiqabağı Ermənistanda, həmçinin Xankəndində fəallaşması nəticəsində Azərbaycanın Qarabağdakı problemlərinin sona çatdırması qarşısında yeni əngəllər yaradıla bilərmi?

-Baydenin saxta “soyqırımı”nı tanıması və Sorosun fəallaşmasının  Qarabağ məsələsinin həllinə hər hansı müsbət və ya mənfi təsiri yoxdur. Əvvəllər də demişəm, indi bir daha təkrar edirəm: Bayden və ya ABŞ dövləti Qarabağ məsələsində və digər məsələlərdə Azərbaycanı Rusiyadan  qorumaq üçün öz dövlət maraqlarını çərçivəsində Türkiyəyə dəstək verəcək. ABŞ Dövlət katibinin Azərbaycan Prezdentinə zəng etməsi də buna bir işarədir...

-Teymur bəy, necə hesab edirsiz, Azərbaycan dövləti bəzi ictimaiyyət nümayəndələri və politoloqların söylədiyi kimi, iyun ayınadək Xankəndi, Xocalı və digər ərazilərimiz üzərində nəzarəti ələ keçirmək imkanlarına malikdirmi? Rusiya hərbi kontingenti orada olduğu bir vəziyyətdə bunu etmək mümkündürmü?

-Mən də belə fikirlərlə tanışam. Düşünürəm ki,  öncə Qarabağdakı erməni hərbçiləri tamamilə torpaqlarımızdan çıxarılmalıdır. Və bildiyimə görə, qarşı tərəf söz verib ki,  avqusta qədər Qarabağda bir nəfər də olsun erməni əsgəri qalmayacaq.

Bizim Xankəndiyə, Xocalıya, Ağdərəyə, Əsgərana nəzarətimizə gəldikdə, bu da mütləq olacaq. Dövlətimiz bunun üçün müvafiq addımlar atır. Hələki biz Xocalı və Xankəndinə tam nəzarət edə bilmirik. Ancaq bizim ordumuz və kəşfiyyatımız gecə-gündüz Yuxarı Qarabağdakı hadisələri izləyir, məlumat toplayır və  dövlətimizə təqdim edir. Düşünürəm ki, Azərbaycanın Xankəndi və Xocalıya tam nəzarətinin nə vaxt baş tutacağını hələki avqust ayından sonra atacağimiz addımlara görə deyə bilərik. Həm də Rusiyanın hərbi kontingenti Qarabağda olduğu bir zamanda bizim Qarabağa tam nəzarət etməyimiz bir az çətin məsələdir. İqtidarlı-müxalifətli vətəndaşlarımız dövlətimizin yanında olmalı, birlikdə mübarizə aparmalı və dirənməliyik. Azərbaycan dövlətinin hər bir vətəndaşı bu istiqamətdə bacardığı işi görməlidir. Mübarizə aparmalıyıq, dirənməliyik; başqa çarəmiz yoxdur. Sovet-Finlandiya müharibəsində Finlandiya xalqı 33 gün dirəndi, sonda təslim oldu. Fəqət, Azərbaycan xalqı 208 ildir ruslar, ermənilər və digər bizə qarşı olan quvvələrə qarşı döyüşür. 1988-1994-cü illər arası ölkəmiz, xalqımız düşmənlərimizə qarşı təkbaşına vuruşdu. Nəhayət, 44 günlük Vətən müharibəsində xalqımız, dövlətimiz, ordumuz tarix yazdı. Yalnız Allaha və özümüzə güvənməliyik. Bizim tək dövlətimiz, tək bayraqımız var...

 

Oxunma sayı 4902