Azərbaycan Prezidentinin Milli Məclisdə inaqurasiya zamanı çıxışında yeni dövr və qarşıda duran vəzifələrdən danışarkən, həlli vacib olan hər bir məsələyə xüsusi vurğu ilə yanaşıb. Ordu quruculuğu və hərbi sənayenin inkişafı xüsusilə önə çəkilib.
Milli Məclisin deputatı Arzu Nağıyev hafta.az-a bildirib ki, Azərbaycan Prezidentinin çıxışı yeni dövr üçün aydın bir yol xəritəsidir. Deputat hesab edir ki, bu yol xəritəsi bütün aspektlər nəzərə alınmaqla cəmiyyətə çatdırılıb. Onun sözlərinə görə, dövlətin əsas strateji hədəfləri, yürütdüyü siyasətin əsas xətti daim Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün tam şəkildə təmin olunması, eyni zamanda, Azərbaycan vətəndaşının rifahının daim üstün tutularaq önə çəkilməsidir.
“Prezident çıxışında həmin məqamların hamısına toxundu. Ərazi bütövlüyümüzün qorunması, ərazi bütövlüyümüzə qarşı təhdidin qarşısının alınmasında əsas vəzifələr sırasında ordu quruculuğunun davam etdirilməsi, hərbi sənaye kompleksinin inkişafı ən mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. Çünki bu gün sərhədlərimizdən çox da uzaqda olmayan yerlərdə gedən müharibələr, erməni havadarlarının, eyni zamanda Qərbin və digər dövlətlərin Ermənistandan istifadə edərək müstəmləkəçilik siyasətini yürütməsi və s. məsələlər bu gün də gündəmdədir. Buna görə də güclü Azərbaycan ordusu var və bunu daha da təkmilləşdirmək lazımdır”.
A.Nağıyev bu prosesin düzgün idarə olunması üçün eyni zamanda yeni kadr potensialının gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan ordusunda müasir texnologiyadan, texnikadan istifadə edəcək kadrlar mütləq şəkildə olmalıdır ki, bu, ordu quruculuğuna da şamil edilir: “Cənab Prezident çıxışında əbəs yerə qeyd etmədi ki, Azərbaycan ordusu hansısa təlimlərdə püxtələşməyib. Bizim ordu döyüşə-döyüşə, vuruşa-vuruşa təkmilləşən bir ordudur. Ona görə də digər ölkələrin hərbi institutları Azərbaycan ordusunun hərbi taktikası ilə mütləq şəkildə razılaşır, razılaşmalıdırlar. 44 günlük müharibədə biz bir daha dünyaya göstərdik ki, müasir, etik müharibəni necə aparmaq olar. Təbii ki, bu proseslərdə ən mühüm məsələ sərhədlərimizin təhlükəsziliyinin təmin edilməsidir. Burada ordu, xüsusi xidmət orqanları, hüquq mühafizə orqanları ən zəruri addımları atmalıdır. Bu yöndə yeni silah, sursat, kadr potensialı, komanda tipli kadrlar, yeni qoşun növləri yaradılmalıdır”.
A.Nağıyev qeyd edib ki, bu gün dünyada elə bir proses gedir ki, kimin gücü varsa, diqtə edən tərəf onlardır. Bu reallıq, paralel olaraq həm NATO və digər standartlara uyğun ordunun yaradılmasını, sərhəd təhlükəsizliyində müvafiq strukturuların daha da təkmilləşdirilməsi üçün aparıcı texnologiyalardan istifadə edilməsini zəruri edir.