Somali dənizlərini 10 il Türkiyə qoruyacaq

09:05 22.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə Somali arasında imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi Somali Parlamentində təsdiqləndikdən sonra bu ölkənin prezidenti Həsən Şeyx Mahmud jurnalistlərin suallarını cavablandırıb.

Hafta.az-ın yazdığına görə, Türkiyə ilə sazişin Somalidə terrorla mübarizə, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu, sahillərin qorunması və dəniz ehtiyatlarının inkişafı kimi mövzularda əməkdaşlığı əhatə etdiyini deyən Mahmud, müqavilənin Efiopiya və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik məqsədi daşımadığını bildirib.

İki ölkə arasında ortaq dəniz qüvvələrinin yaradılacağını açıqlayan Mahmud, bu qüvvələrin 10 il ərzində Somali sularını qoruyacağını və dəniz qaynaqlarının inkişafına töhfə verəcəyini bildirib.

Mahmud, "Türk qardaşlarımız bu müqavilə çərçivəsində dənizlərimizi cəmi 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra dənizlərimizi qoruyacaq öz donanmamız olacaq" deyib.

Prezident Mahmud əlavə edib ki, Türkiyənin Somaliyə verdiyi dəstək, dünyanın digər ölkələrinin dəstəyindən çox fərqlidir.

Fevralın 8-də Türkiyə ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.

İqtisadi və siyasi problemlərin yaşandığı Somalidə terror təşkilatı Əş-Şəbab illərdir ölkədə təhlükəsizlik problemi yaratmağa davam edir.

Oxunma sayı 134
Siyasət rubrikasından digər xəbərlər