Müasir dünyamıza böyük acılar yaşatması ilə yaddan çıxmayacaq ötən əsrin 90-cı illərinin tarixə bəxş etdiyi insanlıq fəlakətlərindən biri də Srebrenitsa soyqırımıdır. Sosializmin çökməsi fonunda cərəyan edən və Bosniya və Herseqovina ilə yanaşı Azərbaycanda, Gürcüstanda, Moldovada, Ukraynada, Fərqanədə (Özbəkistan), Balkanlarda baş verən insan qırğınları, o dövrün imperiya siyasəti güdən və “yenilməz böyük güc” xülyasında itib-batmış keçmişin qalıqları olan bəzi ölkələrin özlərindən zəif və azadlıqsevər xalqları qorxutmaq üçün son şansı idi.
Amma kaş ki, bu şans olmayaydı. Olmasaydı, bu gün olduğu kimi, artıq 26 ildir ki, hər il iyul ayının 11-də Bosniya və Herseqovina xalqı kütləvi şəkildə qətlə yetirilmiş əzizlərinin xatirəsinə göz yaşı da tökməzdi...

Pis olan budur ki, dünya həmişə faciələrin qarşısını almaq üçün yubanır və nəticədə də minlərlə insanın qətlə yetirilməsi fonunda Srebrenitsa və ya Xocalı qırğınları kimi soyqırımlar baş verir. Yeri gəlmişkən, bu gün dünyanın əksər ölkəsi pravoslav serblərin Srebrenitsa şəhərində müsəlman əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğın faktını soyqırımı kimi tanıyıb. Buna baxmayaraq, tanımayanlar da var. Onlar ideologiyasını təqib və dəhşətli qətllər üzərində qurmuş SSRİ-nin varisi olan Rusiya və onun yanında yer alan bəzi pravoslav xristian ölkələridir. Sübut üçün, vaxtilə BMT Təhlükəsizlik Şurasında Srebrenitsa şəhərində müsəlmanların kütləvi şəkildə öldürülməsinin soyqırımı kimi tanınması haqqında qətnamə layihəsi səsverməyə çıxarılanda, Rusiya qəzəblənib və dərhal layihəyə veto qoyub. O vaxt Moskvanın BMT-dəki daimi təmsilçisi Vitali Çurkin bəhanə gətirmişdi ki, qətnamənin qəbul olunması bölgədə vəziyyəti gərginləşdirə bilər. Hansı ki, dünyanın əksər ölkələri bu qətliamı rəsmən soyqırım kimi tanıyıb və hətta Serbiya rəhbərliyi istənilmədən baş vermiş hadisəyə görə müsəlmanlardan üzr də istəyib.
Srebrenitsada nə baş verib? Gəlin bir az tarixi ilə maraqlanaq. İkinci dünya müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli kütləvi qırğın sayılan Srebrenitsa soyqırımı 1991-1995-ci illər arasında Yuqoslaviyanın parçalanması fonunda serblərin timsalında mərkəzi federal hakimiyyətin digər respublikalara qarşı başlatdığı müharibə nəticəsində Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində baş verib. Belə ki, Serb respublika ordusunun Srebrenitsaya qarşı başladığı "Krivaya 95" hücumları əsnasında 1995-ci ilin iyulunda yaşanan və ən azı 8372 nəfər bosniyalı müsəlmanın qətlə yetirildiyi bu ağır faciənin bir nömrəli baiskarı general Ratko Mladiçdir. Məhz Mladiçin əmri ilə şəhərə daxil olan serb ordusu qarşısına çıxan hər kəsi xüsusi amansızlıqla qətlə yetirib. Acı da olsa, ən dəhşətlisi budur ki, serblər həmin tarixdə ev-ev gəzərək kişiləri güllələyiblər. General Mladiç bu yolla müsəlmanların genini zədələmək, artımın qarşısını almaq istəyib. Onu da qeyd edək ki, müsəlmanlara qarşı soyqırım prosesində Bosniya serb ordusu ilə yanaşı Serbiya Respublikasının "Əqrəblər" kimi tanınan xüsusi təhlükəsizlik qüvvələri də iştirak ediblər. Məlumatlara əsasən, qırğın baş verən dövrdə BMT Srebrenitsanı təhlükəsiz bölgə elan edibmiş və həmin vaxt orada asayişi Niderlanddan gətirilmiş 400 nəfərlik sülhməramlı hərbi heyət qoruyurmuş. Hansı ki, serbəlr hücuma keçərkən onlar müdaxilə etməli və xalqı qorumalı olsalar da, bunu etməyiblər.

Rəsmi statistikaya əsasən, müharibədən əvvəl Srebrenitsa şəhərinin 24 min nəfər əhalisi olub. Amma soyqırım vaxtı beş il sürən savaş dönəmində başqa yerlərdən ev-eşiyini atıb qaçan qaçqınların pənah gətirməsi sayəsində şəhərin əhalisi 2,5 dəfə artaraq 60 nəfərə çatıbmış. BMT yayılan xəstəliklərdən və serblərin amansız qətllərindən qorumaq məqsədilə Srebrenitsanı mühafizə olunan kütləvi qaçqın şəhərinə çevirmişdi. Mühafizəni isə yuxarıda qeyd etdiyimiz kimi, Niderland öz üzərinə götürmüşdü və Fom Karremansın komandanlığı altında 400 əsgərlə yanaşı, hava sahəsini 2 ədəd "F 16" qırıcısı ilə qoruyurmuş.
Soyqırımdan öncə dəhşətli, amma araşdırılması bundan sonra müsbət nəticə verməyəcək bir hadisə baş veribmiş. Belə ki, müharibənin gedişi zamanı müsəlmanlardan bütün silahlar toplanıbmış. Ona görə də serblərin şəhərə hücumlarının mütəmadi hal aldığını görən bosniyalı müsəlmanlar tələb ediblər ki, silahlarını qaytarsınlar. Amma faciənin labüd olduğunu görsə də, niderlandlı komandan müsəlmanların haqlı tələbini rədd edib. Amma son anda serblərin qarşısında dayanmağın mümkünsüzlüyünü görən general Fom Karremans şəhərdə qalmış 25 minlik müsəlman əhalini - imkanı olanlar şəhəri tərk etmişdi - qaniçən serblərə təhvil verərək geri çəkilib. Hətta sonradan soyqırımı araşdıran istintaq komissiyasının ələ keçirdiyi bir videokasetdəki görüntülərə əsasən, niderlandlı generalın serblərin komandanından qiymətli hədiyyələr aldığı bəlli olub.

Yeri gəlmişkən, Hərbi Cinayətlərə dair Beynəlxalq Məhkəmə Srebrenitsada yaşananları soyqırım olaraq qəbul etsə də, Serbiya Respublikasını bu məsələdə günahsız sayıb.
Serb əsgərlər 12 yaşdan yuxarı kişiləri bir tərəfə, qadınları isə digər tərəfə toplayıblar. Sağ qalmış şahidlərin dediyinə görə, sonradan kişilər yük maşınlarına və avtobusları mindirilərək öldürüləcəkləri meşələrə və sair insan gözündən uzaq yerlərə aparırdılar. Yüzlərlə müsəlman qadına təcavüz olunurdu.
Niderlanddan gəlmiş sülhməramlıların qəbul etmədiyini görüb xeyli aralıdakı Tuzla kəndinə qaçmaq istəyən 12 mindən artıq müsəlman dağlara səpələnib. Amma serblər onları təqib edib və arxiv sənədlərinə görə, Srebrenitsadan Tuzla istiqamətində dağlarda 10 mindən artıq əliyalın və günahsız bosniyalı müsəlman serblər tərəfindən qətlə yetirilmişdi. Tuzlaya yola çıxan qaçqınlardan cəmi 3 min nəfəri ora çata bilmişdi.
Bosniyada 3,5 il davam edən qanlı müharibədə 312 min insan həlak olub, 2 milyon nəfər ev-eşiyindən didərgin düşüb. Rəsmi sənədlərə əsasən, 28 minə yaxın müsəlman itkin düşmüş sayılır. Kütləvi Məzarların Araşdırılması İnstitutunun 18 illik tədqiqatları nəticəsində 20 min nəfərin cəsədi tapılıb. Onların təxminən 18 min nəfərinin şəxsiyəti təsdiqlənib. Yerdə qalan 2 min cəsəd ya yandırıldığı, ya da parçalanaraq tanınmaz hala salındığı üçün kim olduğu bilinməyib.

Bosniya və Herseqovina İtkinləri Axtarma İnstitutun məlumatına görə, 1995-ci ildən bu yana ölkə ərazisində 500-dən çox kütləvi, 5 mindən artıq fərdi məzar tapılıb. Onu da deyək ki, sonrakı dövrdə kimlikləri təsbit edilən qurbanlar hər il 11 iyul günü düzənlənən mərasim zamanı torpağa təhvil edilir.
Daha bir acınacaqlı vəziyyət budur ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda qurulan beynəlxalq hərbi tribunal təxminən 15 min serbin müharibədə hərbi cinayətlər törətdiyini təsdiqləyib, cəzalandırılması haqda hökm çıxarıb. Amma bu 15 min müharibə qatilindən cəmi 200 nəfəri ədalət divanına gətirilə bilib.
İnsanlıq aləminin qəddar düşməni sayılan general Mladiç qətliamdan 13 il sonra ələ keçib. "Milorad Komadiç" saxta adı altında yaşayan Mladiçi, serb kəşfiyyatçılar və xüsusitəyinatlılar Serbiyanın Zrenyanin şəhəri yaxınlığında yerləşən Lazarevo kəndindəki yaşadığı evdə, Radovan Karadziclə birlikdə tutaraq, Haaqa Tribunalına təhvil verib...
P.S.
Minlərlə günahsız müsəlman bosniyalının acımadan qanını tökən 79 yaşlı qatil Ratko Mladiç hazırda ömürlük həpsdədir, yəni o, hələ də yaşayır...