Şuşa bəyannaməsinin imzalanmasından tam 1 il ötür. Ötən il iyun ayının 15-də Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın tarixən qəhrəmanlıq rəmzi olan Şuşa çəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında, el diliylə desək, müttəfiqlik sənədini imzaladılar. Bununla da, prezident İlham Əliyevin də dediyi kimi, iki qardaş ölkənin münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldi.
Ümumiyyətlə, Şuşa bəyannaməsi iki qardaş dövlət arasında hərbi, müdafiə sənayesi texnologiyaları, enerji, nəqliyyat, iqtisadi, humanitar və sair sahələrdə əlaqələrin gələcəyi üçün yol xəritəsi təqdim edir.
Mənəvi müttəfiqlik
Müttəfiqlik sadəcə dövlətlər səviyyəsində deyil, xalqlar arasında da olur və bunun tarixdə bir çox örnəkləri mövcuddur. Türkiyə - Azərbaycan münasibətlərindən söz düşmüşkən, məsələn, ötən əsrin əvvəllərində Azərbaycan xalqını erməni-daşnak silahlılarının qırğınından qurtarmaq üçün ölkəmizə yardıma gələn türk ordusunun minlərlə əsgəri məhz Azərbaycan xalqı uğrunda canlarını fəda edib, şəhidlik zirvəsinə yüksəliblər.
Eləcə də, Çanaqqala savaşı zamanı Azərbaycan türkləri müttəfiq qüvvələrinin qarşısında mətanətlə dayanmışdılar və onların məzarları indi də bu torpaqlardadır. Hətta eşitdiyimizə görə, o vaxt nənə-babalarımız pullarını, qır-qızıllarını toplayaraq Çanaqqala müharibəsində savaşan türk ordusuna yardım göndəriblər. Biz bu kimi misalları çox çəkə bilərik. İki dövlətin münasibətlərinin möhkəm olması üçün məhz xalqlar arasında bağların güclü olmasının rolu əvəzsizdir.
Şuşa bəyannaməsinin bir özəlliyi də ondadır ki, bu sənəd 1921-ci ildə bağlanmış tarixi əhəmiyyətli Qars müqaviləsinin 100 illiyində rəsmiləşib və əslində həmin sazişin yeni versiyada davamıdır.

Bəyannamənin məhz Şuşa şəhərində imzalanması həm də dünyaya ismarıcdır. Bir anlıq xatırlayaq: iki dövlət başçısı sənədi imzalamaq üçün elə bir yer seçmişdilər ki, arxa fonda erməni vandalların dağıtdığı tarixi tikilinin xarabalıqları görünürdü. Deməli, sənəd ötən əsrin əvvəlində olduğu kimi, bu gün də məhz erməni vandalizminin və onlara dəstək verən xain xislətli ölkələrin gizli və ya açıq təhlükəsinə qarşı dirənişdən yarandığı ortaya çıxıb. Bu sənədi imzalamaqla, iki qardaş ölkə dünyaya belə bir ismarıc göndərdi ki, daha 100 il əvvəl deyil, bu gün istənilən təxribatın qarşısında iki dövlət bir vəhdət olaraq dayanacaq.
Bəyannamənin mahiyyəti
Şuşa bəyannaməsinin imzalanması yalnız Türkiyə - Azərbaycan əlaqələri üçün deyil, eyni zamanda bütün türk dünyasının birliyi üçün önəmlidir. Qəribə deyil ki, tarix boyu İran şahları Azərbaycana və Qafqaza hücum zamanı ilk növbədə məhz Şuşanı ələ keçirməyə cəhd ediblər və hətta bu istəyə çatmaq üçün onlar qalanı aylarla mühasirədə saxlayırdılar. Eynilə ermənilər də belə ediblər. Çünki hər iki qəsbkara aydın idi ki, Şuşa strateji baxımdan bölgənin açarıdır, kim ona sahib olacaqsa, Qarabağa və bütün Qafqaza nəzarət edəcək.
Ümumiyyətlə, Şuşa öz tarixi boyunca həmişə yadellilərə qarşı dirəniş məkanı olduğundan türk milli-mənəvi şüurunda özünəməxsus yer tutub. Eləcə də milli musiqinin beşiyi olan bu qəhrəman şəhər türk dünyasının mədəniyyət paytaxtı olaraq bəşəri mədəniyyətə töhfədir. Elə bu səbəbdən də bəyannamənin imzalanması mərasimində, hər iki dövlət başçısının çıxşında görüşün “Azərbaycanın və bütövlükdə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyəti” xüsusi vurğulanıb, üstəlik Türkiyənin bu şəhərdə konsulluq açma qərarı da elan olunub.
Bu bəyannamənin əhəmiyyətini anlamaq üçün prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “müttəfiqlik” ifadəsinə diqqət yetirilməlidir. Heç kimə sirr deyil ki, beynəlxalq münasibətlərdə ittifaq müharibə vəziyyətində iki və ya daha çox dövlət arasında imzalanan rəsmi müdafiə müqaviləsidir. Bu cür sazişlər müdafiə xarakteri daşıyır, tərəflərdən birinə üçüncü dövlət və ya koalisiya tərəfindən hücuma məruz qaldıqda, qüvvələri birləşdirmək məsuliyyətini imzalayan dövlətlərin üzərinə qoyur. Bəyannamədə açıq-aşkar deyilir: “Üçüncü dövlət və ya dövlətlər tərəflərdən hər hansı birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, toxunulmazlığı və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyi təhlükəyə düşərsə və ya onlara hücum edilərsə, tərəflər birgə məsləhətləşmələr keçirəcək, təhlükə və ya hücumun qarşısını almaq üçün BMT Nizamnaməsinə uyğun olaraq müvafiq təşəbbüslər göstərəcək, bir-birlərinə lazımi köməkliyi göstərəcəklər. Bu yardımın həcmi və forması təxirəsalınmaz danışıqlar yolu ilə müəyyən ediləcək, birgə tədbirlərin görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək, Silahlı Qüvvələrin güc və idarəetmə bölmələrinin koordinasiyalı fəaliyyəti təmin olunacaq...”.
Əslində, yuxarıda qeyd etdiyimiz fikirdə qalırıq ki, Azərbaycanla Türkiyə əvvəldən əzəli müttəfiqdirlər, bu bəyannamə ilə sadəcə münasibətlər rəsmiləşib. Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsi sözügedən bəyannamədən bir il öncə baş verib. Hansı ki, prezident İlham Əliyev “44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyi olmasaydı, müdaxilə etmək istəyənlər çox olardı” deməklə həm əzəli müttəfiqliyimizin mövcudluğuna işarə edib, həm də haqqında söz açdığımız Şuşa bəyannaməsinin rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, Şuşa bəyannaməsinə əsasən iki ölkə arasında yaranan rəsmi müttəfiqlik sırf müdafiə məqsədi daşıyır və heç də üçüncü tərəfə qarşı deyil. Tərəflər milli maraq kəsb edən regional və qlobal məsələləri müzakirə etmək üçün təhlükəsizlik şuraları səviyyəsində birgə görüşlər keçirməyə razılaşıblar. 2007-ci ildən etibarən Yüksəksəviyyəli Hərbi Şurada müzakirələr aparılırdı və həmin şuralara müdafiə nazirlərinin müavinləri rəhbərlik edirdi. İndi bu toplantılar dövlət başçılarının rəhbərlik etdiyi təhlükəsizlik şurasının birgə iclasları səviyyəsinə qaldırılıb.
İqtisadi amillər
İkitərəfli əlaqələr baxımından ən diqqət çəkən məsələlərdən biri müdafiə sənayesi texnologiyaları sahəsində əməkdaşlığın artırılmasıdır. Prezident Ərdoğan bununla bağlı bildirdi ki, Türkiyə texnologiya sahəsində biliklərini Azərbaycanla paylaşacaq və ortaq istehsal sahələri yaradacaq. Yəni bu layihənin reallaşması ilə Azərbaycan hərbi texnologiya idxal edən dövlətdən istehsal mərkəzinə çevriləcək.
Hə, elə bu yaxınlarda Bakıda keçirilmiş “Texnofest”də prezident Ərdoğan bəyan elədi ki, Türkiyə və Azərbaycan kosmik proqramları birlikdə işləyəcəklər. Yəni Şuşa bəyannaməsində qeyd olunmuş öhdəliklər nəinki kağız üzərində qalmadan həyata keçirilir, hətta daha da inkişaf etdirilir. Bunun bir nümunəsi də prezident İlham Əliyevin söylədiyi kimi, “Azərbaycanın kiçik türk ordusu modelini” yaratmağa başlamasıdır. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin dövrün tələblərinə uyğun yenidən qurulması və modernləşdirilməsi üçün birgə səy göstərirlər.
Şuşa bəyannaməsində qeyd olunan maddələrdən biri də iki ölkənin regionda əməkdaşlıq baxımından gündəmdə saxladığı nəqliyyat dəhlizidir. İkitərəfli əməkdaşlıq nəticəsində Bakı-Tiflis-Qarsın başa çatdırılması regionda yeni əməkdaşlıq imkanları açıb. Orta Asiya, Azərbaycan və Türkiyə arasında olan, Türk Şurasının dəstəklədiyi Mərkəzi Dəhliz də Şuşa bəyannaməsinə daxil edilib. Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkə arasında yeni dəhliz imkanı yaranıb. Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulamaqla bu siyasətlərin əslində uzunmüddətli olduğu ortaya çıxıb.

Ötən il martın 1-dən etibarən güzəştli ticarət müqaviləsini qüvvəyə mindirən tərəflər Şuşa bəyannaməsi ilə azad ticarət müqaviləsinə doğru addım atıblar. Bununla bağlı bəyannamədə Türkiyə və Azərbaycan məhsullarının sərbəst hərəkətini təmin etmək üçün lazımi mexanizmlərin yaradılması istiqamətində addımların atılması qərara alınıb. Ötən il aprelin 1-dən iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişi başlayıb. Şuşa bəyannaməsi ilə isə vətəndaşlara öz ölkələrində qarşılıqlı yaşama mexanizmlərinin asanlaşdırılması qərara alınıb.
Yeni reallıqlar
Qardaş ölkələrimiz İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıq yarada biliblər. Hər iki dövlətin regionda həyata keçirdiyi enerji və nəqliyyat layihələri geosiyasi tarazlığın öz xeyrinə dəyişməsinə səbəb olduğundan bu sahədə təcrübələri var. Silahlanmadan və regional münaqişədən qaçan hər iki dövlət regional güc proqnozlarında əməkdaşlıq və layihəyönümlü araşdırmaların ön plana çıxdığını düşünür. Regional əməkdaşlıq həm də regional sabitliyə, iqtisadi inkişafa və rifaha xidmət edir. Bu səbəbdən müttəfiqlik bəyannaməsində regional əməkdaşlıq təklifləri də irəli sürülüb.
Həm liderlərin bəyanatlarında, həm də bəyannamənin məzmununda müttəfiq dövlətlər üçün regional əməkdaşlığın əhəmiyyətini görmək mümkündür. Bu mənada prezident Ərdoğan Türkiyə ilə Azərbaycanın ortaq təklifi olan altı hissədən ibarət regional əməkdaşlıq platformasını gündəmə gətirib, hətta Ermənistanın müsbət addım atacağı təqdirdə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması ilə bağlı müsbət mesajlar verib.
Əslində prezident Ərdoğanın “münasibətlərimizin gələcəyi üçün yol xəritəsi” olaraq xarakterizə etdiyi bu bəyannamə, ölkələrimizin İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə də bütün sahələrdə imkanları birləşdirərək fəaliyyətlərini davam etdirmək səylərinin davamıdır. Şuşa bəyannaməsinə qədər tərəflər arasında imzalanmış sazişləri araşdırdıqda qarşıya qoyulan hədəflərə nail olunduğunu görmək olar. Bu mənada, Şuşa bəyannaməsindəki hədəflərin zamanla reallaşacağını proqnozlaşdırmaq mümkündür. Müttəfiq dövlətlər regional əməkdaşlığa açıq olduqlarını, eyni zamanda təhdidləri cavabsız qoymayacaqlarını açıqlayıblar. Yəni onlar regional səmərəliliyin artırılması üçün birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər...