“Şuşa İli”ni – 2022-ci ili də başa vurmaqdayıq. İki ildir düşmən tapdağından azad edilən Şuşamızda “Şuşa İli” adlı bir tarix yazıldı. “Şuşa İli” hansı əlamətdar hadisələrlə yadda qaldı? Gələcəyə ünvanlanan hansı bünövrələrlə, yeniliklərlə gedirik?.. “Həftə içi” qəzetinin müsahibi işğaldan əvvəl Şuşa Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri olmuş və Şuşa azad olunandan sonra da daim burada mədəniyyət abidələrinin bərpası prosesində iştirak edən Zahid Abbasovdur.
– Bizə Şuşadan danışın. Şuşa adı ilə bağlı ili necə başa vurur?
– “Şuşa İli” çox sevgi, qürur, əzəmət, zəfər, abadlıq, yenilənmə ili kimi ömrümüzə yazıldı. Əlbəttə ki, bu ili Şəhidlərimizə, Ali Baş Komandana, Müzəffər Ordumuzun hər bir əsgərinə dərin minnətdarlıq hissi ilə yaşadıq... Şuşamızı bir körpə, bir ana, sevgili vətənimiz kimi əzizlədik. Yaralarını sarımağa çalışdıq. Hamılıqla onunla birkildə olduq. Şuşa bu son ili öz doğmalarının əhatəsində keçirtdi. Biz şuşalılar Prezidentimizə, Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk. Neçə illər ürəyimizdə qalan arzumuzu yerinə yetirdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şuşanın hər bir daşı tarixi abidədir. Şuşada hər bir məhəllənin bulağı, hamamı, məscidi, çayxanası və sair məkanları var idi. Bu şəhər tarixi qoruq kimi qorunur. Şuşanın Cıdır düzü özü də bir gözəllik simvoludur.
Şuşa zadəganlar şəhəri idi. Orda fəhlə də, vəzifəli də bir -birindən seçilmirdi. O cəhətdən Şuşa həmişə sayılıb-seçilən şəhər olub.
Şuşada 17 məhəllə olub. Məhəllələr Bazarbaşı deyilən meydana gəlib çıxır. Belə bir ansambl dünyada heç bir yerdə yoxdur.
Bu gün “Şuşa” deyəndə düşüncələrimizdə ilk olaraq “Şuşa sən azadsan, Şuşa sən bizimləsən, biz səninləyik” – sözləri danışır... Düşmən Azərbaycanın qədim torpağı olan Şuşamızı, onun milli-mədəniyyət abidələrini dağıtmaqla, yandırmaqla onun Azərbaycana aid tarixi keçmişini məhv edə bilmədi. Şuşa torpağının tarixi onun qatlarında, daşlarında gizlənir. O, özünün kimliyini hər zaman qoruyub.
– “Şuşa İli” çərçivəsində o, mədəniyyət paytaxtımız kimi regionda gedən proseslərin sosial-iqtisadi, mədəni, ictimai-siyasi, geopolitik əhəmiyyətli fəaliyyət istiqamətlərinin mərkəzində dayanmaqla dünyaya hansı mesajını verdi?
– “Şuşa İli” Şuşada gedən abadlıq işlərinin daha da sürətləndirilməsinə start verdi. Bu, eyni zamanda, düşmənlərimizə, bütün dünyaya mesajımız idi ki, Şuşa qədim Azərbaycan şəhəridir, biz onu unutmarıq və bütün Azərbaycan xalqı bu şəhəri sevir, qoruyur. Bu şəhərdə həmişə azərbaycanlılar yaşayıb. Şuşada dahi sənətkarlar, bəstəkarlar, incəsənət xadimləri, yazıçılar, şairlər, sərkərdələr dünyaya göz açıb.
“Şuşa İli”ndə Şuşa haqqında müxtəlif xarici dillərdə bir neçə kitab dərc olundu. O kitabların təqdimatında mən də iştirak elədim. Eyni zamanda, Şuşada müxtəlif beynəlxalq tədbirlər keçirildi. Beynəlxalq aləmə bir daha mesaj verildi ki, hörmətli Prezidentimizin sözləri ilə desək, “Əziz Şuşa biz qayıtmışıq, biz səninləyik, biz bir daha heç vaxt səni tək qoymarıq”.
Mədəniyyət paytaxtımız olan Şuşa böyük tarixi proseslərə şahdlik etdi. Təbii ki, Şuşada keçirilən beynəlxalq tədbirlərlə Xalq, Ordu, Ali Baş Komandan vahidliyi bir daha ortaya qoyuldu. Düşmən bir daha xəbərdar edilir və sülhə çağırılır...
– Şuşa öz ilində hansı mühüm tədbirlərə ev sahibliyi etdi?
– Bu sırada “Xarıbülbül” Festivalını, şair, mütəfəkkir Molla Pənah Vaqifin Poeziya günlərini, Kulinariya Festivalını və digər tədbirləri qeyd edə bilərik. Şuşamız muğamın səsi ilə dünyaya sevgi bəxş etdi. Şuşa muğamın ruhu ilə tarixi keçmişinə döndü. Yumruğu dəmir, Məmləkəti Azərbaycan olan bu diyar bəşəriyyətə sülh aşıladığını bir daha nümayiş etdirir, düşməni silahı yerə qoymağa çağırır.
Şuşa ilində keçirilən Kulinariya Festivalında ilk dəfə olaraq Şuşada “Zəfər plovu” hazırlandı. Bir Şuşa ağsaqqalı kimi, “Zəfər plovu”nun açılışını etmək mənə qismət oldu. Bu, mənim üçün çox yaddaqalan idi. Həm “Zəfər plovu”nun ilk dəfə Şuşada dəmlənməsi və onun “qazanaçdı”sının bir Şuşa ziyalısı, ağsaqqalı, müharibə veteranı kimi mənə həvalə olunması çox qürurverici idi.
– Adətən, Qarabağda toy, şənlik mərasimlərində yeməklər bişib hazır olanda, camaata verilməzdən əvvəl bir “qazanaçdı” olur. Qazanı açan şəxs aşbaza hədiyyə verir. Sizin hədiyyəniz nə oldu? “Zəfər aşı”nın dadı necə idi, fərqi nə idi?
– Aş qazanını açanda hamı əl çalıb məndən hədiyyə gözlədi. Mən də musiqisiz-filansız qol götürüb oynadım. Hamı mənə qoşuldu. Həmin vaxt leysan yağış yağırdı. Hər kəs belə bir yağışın altında oynadı, sanki yağış yağmırdı. O gün gox gözəl hisslər yaşadıq. Çox gözəl səhnə alındı, yaddaqalan gün oldu.
“Zəfər plovu”nun o birilərindən fərqi nə idi?” – soruşdunuz... Bu plovun üstü kişmişli idi və plova zirinc vurmuşdular. Zirinc Şuşada dağlarda bitir, bəzi yerlərdə ona “zərinc” də deyirlər. Şuşa zirinci qırmızı rəngdə, çox dadlı, turşməzə olur. “Zəfər plovu” əvvəl şirin, dərinləşdikcə isə turşməzə idi. Ona görə də plovda olan o şirinlik, turşməzəlik ona xüsusi “Zəfər dadı”nı vermişdi.
– Şuşada abidələrin bərpası, yeni evlərin tikintisi, beşmərtəbəli evlərin sökülməsi, yeni evlərin inşası prosesi hansı mərhələdədir? Yeni abidələrin əsası qoyuldumu?
– Şuşada olan beşmərtəbəli binaların hamısı söküldü. O binaların yerində ya yenisi tikiləcək, ya da yeni layihələr əsasında parklar salınacaq.
Şuşa xüsusi memarlıq üslubu ilə tikilib və orada heç nə dəyişilməyib. İndi də yeni plandan görünür ki, həmin o memarlıq üslubunun qorunmasına çalışılacaq. Düzdür, şəhərin müəyyən hissələrində yeni tikililər tikmək olar və düşünürəm ki, tikiləcək. Amma qalan o köhnə məhəllələr, tarixi abidələr necə var, elə də təmir olunacaq. Bu da çox müsbət haldır.
1970-1980-ci illərdə Şuşada tikilən beşmərtəbəli binalar – “xruşşovka”lar istifadəyə yararsız idi, həm də Şuşaya yaraşmırdı.
Şuşada dövlət tərəfindən qorunan 348-dən çox abidə var. Demək olar ki, abidələrin çoxu bərpa edilib. Şuşanın milli, mənəvi rəngi, havası təmizlənib, getdikcə gözəlləşir. İşlər çox yaxşı gedir, yəqin ki, yaxın zamanlarda ora lk köçürülmələr başlanacaq.
Şuşa ilə bağlı o qədər gözəl memarlıq arxitekturası düşünülüb ki...
Şuşada inventar nömrəsi ilə dövlət tərəfindən 248 abidə olub. Amma mən həmişə demişəm ki, Şuşada 300-dən də çox abidə olub. Onun dəyəri ölçüyəgəlməzdir. Qeyd edim ki, tarixi abidələrin araşdırılması və inventarlaşdırılması ilə bağlı komissiya yaradılmışdı və mən də o komissiyanın tərkibində idim. Apardığımız işlər əsasında hələlik 300-dən artıq abidə inventarlaşdırılıb. Bununla yanaşı işlər davam edir.
– Bildirirdiniz ki, Şuşanın Baş Planı hazırdır və o plana uyğun olaraq hansı işlər görüldü və hansı işlər görülməkdədir?
– Şuşanın yeni Baş Planı ilə tanışam və bir şuşalı kimi ondan razıyam.
Qeyd edim ki, şəhərin Baş Planı mütəxəssislər tərəfindən çox gözəl hazırlanıb. Çox mühüm işlər davam etdirilir. Hazırda bilirsiniz ki, şəhərin yuxarı hissəsində yaşayış binalarının tikintisinə başlanılıb. Mənə elə gəlir ki, gələn ilin axırında Şuşada bir sıra sosial obyeklər, eyni zamanda, təxminən, 23 yaşayış binası istifadəyə veriləcək. Gözlənilir ki, Şuşa 1 nömrəli tam orta məktəbin bunası sentyabr ayında istifadəyə verilsin. Şuşa bərpa olunandan sonra çox gözəl, əzəmətli bir şəhər olacaq. Yavaş-yavaş, demək olar ki, əvvəlki gözəlliyini və beynəlxalq müstəvidə qüdrətini artıracaq. Mən yenə Şuşanın həm quruculuq, həm turizm işləri ilə məşğulam. Çalışıram ki, Şuşada turizmi yüksək səviyyədə yenidən quraq. Ofisimiz də var və bununla bağlı işlər aparırıq. Eyni zamanda, Şuşanın tarixi abidələrinin bərpa olunmasında yaxından iştirak edib köməklik göstərəcəyik.
Ən böyük təkliflərimdən biri odur ki, Şuşada açıq səma altında böyük muzey yaradaq. Muzeydə Qarabağ müharibəsinə, ondanəvvəlki dövrlərə aid eksponatlar öz əksini tapmalı, tarixi keçmiş əks olunmalıdır. Biz o zamanlar da muzey yaratmışdıq, amma bəsit idi. O vaxt yalnız tarixi daşlardan ibarət muzey yaratmışdıq. Bu dəfə açıq səma altında daha əzəmətli muzeyi mütləq açmalıyıq. Şuşaya gələn bütün turistlər marşruta həmin muzeydən başlamalıdırlar. Bu, çox vacibdir. Görülən bütün işlərdə, əlbəttə ki, Heydər Əliyev Fondunun əməyi danılmazdır. Fondun istər maddı cəhətdən, istər layihələrin hazırlanmasında, istərsə də işlərin icrasında çox böyük köməkliyi var. Çalışırlar ki, görülən bütün işlərdə həm keçmiş öz əksini tapsın, qorunsun, eyni zamanda yeniliklər də görünsün. Şuşa özünün ruhu ilə tikilməlidir, inkişaf etməlidir. Bunların hamısı nəzərə alınır. Tarixi qəmbər daşlar toplanır, nömrələnir. Heç biri atılmır. Hamısı əvvəlki kimi istifadə olunacaq, əvvəlkindən də müasir qaydada daha əzəmətli alınacaq.
Şuşanın kurort kompleksi haqqında da fikirləşmək lazımdır. Şuşada mineral sular, bulaqlar, təbiət, fauna, flora ona dəlalət edir ki, burada kurort kompleksi tikilsin və beynəlxalq miqyasda inkişaf etdirilsin. Mən də həmin işdə mütəxəssislərə kömək edirəm və etməyə də hazıram. İnanıram ki, biz Şuşada beynəlxalq turizmi mütləq inkişaf etdirəcəyik.
Şuşada çox yabanı dərman bitkiləri yetişir. Onların hamısının sənayeləşdirilməsi, qablaşdırılması təşkil olunmalıdır. O barədə də işlər aparılacaq. Hamısı planlaşdırılıb, bu istiqamətdə işlər proqramı hazırlamışam, lazımi orqanlara təhvil verəcəyəm. Bir şuşalı kimi borcumuzdur ki, tezliklə diyarımızı əvvəlki vəziyyətinə gətirib çıxaraq.
Yekunda bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, eyni zamanda ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin qarşıdan gələn Yeni ilini ürəkdən təbrik edirəm. Onun ailəsinə, çox hörmətli Mehriban xanıma, hər bir azərbaycanlıya Yeni ildə yeni-yeni müvəffəqiyyətlər və bol-bol Şuşalı günlər arzu edirəm.