Suverenliyimizin bərpası ili - MÜZAKİRƏ

14:32 28.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yola salmağa hazırlaşdığımız “Heydər Əliyev” ili Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılacaq. 2023-cü ildə yaşadıqlarımız gələcək illərdə daha inamlı gələcəyə doğru addımlamağımızın özülünü təşkil edəcək. Ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edildi. Separatizmə son qoyuldu. Xankəndidə üçrəngli bayrağımız qaldırıldı.

Deputat Aydın Mirzəzadə bildirir ki, 2023-cü il şərəfli illərdən biri kimi tariximizə yazıldı. O, ən böyük hadisənin – Azərbaycan ərazilərində separatçılığa son qoyulmasını, bütün yaşayış məntəqələrimizdə üçrəngli bayrağımızın dalğalanmasını qeyd edib:

– Azərbaycan çiyinlərindəki o ağır yükləri atdı. Xankəndidə Zəfər paradı, bu günlərdə Xankəndi stadionunda Azərbaycan kuboku uğrunda futbol yarışının keçirilməsi çox önəmli hadisələrdir”.

A.Mirzəzadə bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə tikinti-abadlıq işlərinin aparılması, insanlarımızın öz yurdlarına qayıtması xüsusi qeyd olunmalıdır. Yeni yaşayış məntəqələrində 4 minə qədər insan yaşayır, 6 orta məktəb fəaliyyət göstərir. Gələn il isə geri qayıdışın coğrafiyası daha da genişlənəcək.

Deputat eyni zamanda Azərbaycanın beynəlxalq birlikdə aktiv rol aldığını vurğulayıb:

– Azərbaycanın nüfuzu durmadan artır, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bir ənənə halnı alıb. Bakı beynəlxalq diplomatik paytaxtlardan birinə çevrilib. Nüfuzlu COP29 sammitinin gələn il Azərbaycanda keçirilməsi artan nüfuzumuzun növbəti göstəricisidir. Həmin sammitə 110-dan çox ölkənin dövlət və hökumət başçıları qatılacaq və 70 mindən çox qonaq olacaq. Bu Azərbaycanı tanıtmağa, eyni zamanda, Azərbaycanla dünya arasında olan körpünün daha da möhkəmləndirilməyə kömək edəcək.

Deputat Prezident İlham Əliyevin tez-tez regionlara səfərlər etməsinə diqqət çəkib:

– Prezidentin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərləri böyük əhəmiyyət kəsb edir. Çünki bir tərəfdən görülən işlərlə bağlı özü birbaşa məlumat alır, eyni zamanda yeni planların həyata keçirilməsi ilə bağlı tapşırıqlar verir. Gələn il artıq Şuşaya əhalinin qayıtması gözlənilir.
A.Mirzəzadə 2024-cü ilin planlarına da toxunub:

– Böyük planlar var. Ən böyük hadisə 7 fevralda keçirləcək növbədənkənar Prezident seçkiləridir. Prezident seçkiləri Azərbaycanın 2024-cü ildən sonra gedəcək yolunun yenidən müəyyənləşdirilməsidir. İnanıram ki, Azərbaycan xalqı yenidən müstəqilliyimizin möhkəmləndirilməsi, əhalimizin sosial vəziyyətinin yaxşılaşması, nüfuzumuzun artması, suverenliyimizin, müstəqilliyimizin qurduğu yolu seçəcək.

Deputat Musa Qasımlı bu ilin ən böyük hadisəsi kimi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində bütün ərazilərimizdə dövlət suverenliyinin təmin edilməsini qeyd edib. O, tarixi faktlara istinad edərək, 1991-ci ildə dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilsə də, heç bir zaman bütün ərazilərimizdə dövlət suverenliyimizin olmadığını, milli valyutamızın işləmədiyini qeyd edib:

– İlk dəfə olaraq sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dövlət bayrağımız qaldırıldı. Bu, ilin ən böyük hadisəsidir.
İlin ən böyük ikinci hadisəsi Xankəndidə noyabrın 8-də keçirilən həri parad oldu. Belə bir parad yalnız bir dəfə, 1919-cu il iyulun sonlarında Xankəndidə keçirilmişdi.

Digər ən mühüm hadisə, Xankəndi stadionunda Azərbaycan kuboku uğrunda futbol oyunlarının keçirilməsidir. Bununla bütövlükdə işğaldan azad olunmuş ərazilərimizə Azərbaycan idmanı, futbolu qayıtdı və onun da çox dərin mənası var.

M.Qasımlı hesab edir ki, bu üç hadisə sadəcə ərazilərin azad edilməsi məsələsi deyil:

– Bu Azərbayacan xalqının qarşısında geniş üfiqlər açan hadisələrdir və Azərbaycan xalqının, dövlətinin çox gözəl gələcəyinin olduğunu müəyyən edir.

Milli Məclisin deputatı Aqil Məmmədov son illər Azərbaycanın yaratdığı tarixi hadisələrə məhz “2023-cü il Heydər Əliyev ili” kontekstindən yanaşıb. O, “Heydər Əliyev ili”nin ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda böyük coşqu ilə qeyd olunduğunu vurğulayıb, insanların bu tarixi şəxsiyyətin Azərbaycan naminə apardığı işlərə diqqət çəkdiyini qeyd edib:

– Bizim Kəlbəcər rayon əhalisi məcburi köçkün olaraq 54 rayonda məskunlaşıb. Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlər demək olar ki, bütün yaşayış məntəqələrinin hər birində keçirildi. Bu tədbirlərdə ulu öndərin dövlət, xalq üçün gördüyü mühüm işlərə yenidən diqqət çəkildi. İllər keçdikcə bu tarixi şəxsiyyətin həyatı, siyasi fəaliyyəti daha dərindən öyrəniləcək, o böyük liderin möhtəşmliyini daha dərindən hiss edəcəyik.
Politoloq Rəşad Bayramov sona çatmaqda olan 2023-cü ili ölkəmiz üçün bir sıra mühüm hadisələr fonunda yadda qalan il kimi dəyərləndirib. O, ən önəmli hadisə olaraq sentyabr ayında həyata keçirilən antiterror tədbirlərini qeyd edib:

– Cəmi bir gün davam edən əməliyyat nəticəsində separatçı xunta rejimi süquta uğrayaraq təslim olmaq və ərazilərimizi tərk etmək məcbiriyyətində qaldı. Nəticədə başda Xankəndi olmaqla, bütün ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız ucaldıldı. Ərazilərimizin işğalçılardan tamamilə təmizlənməsi isə təkcə 2023-cü ilin deyil, ümumiyyətlə, Azərbaycanın 200 illik tarixinin ən böyük uğurudur.

Politoloq hesab edir ki, başa çatmaqda olan il Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində danışıqların aktiv fazaya qədəm qoyduğu il kimi də yadda qalıb. Müxtəlif platformalarda aparılan çoxsaylı danışıqlar nəticəsində Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edən R.Bayranov hazırda vasitəçilər olmadan danışıqların davam etdiyini, artıq br sıra irəliləyişlərin müşahidə edildiyini vurğulayıb. Onun qənaəyinə görə, Delimitasiya Komissiyasının işini bərpa etməsi, Ermənistan baş naziri aparatı ilə Azərbaycan Prezident Admnistrasiyasının əsrilərin dəyişdirilməsi ilə bağlı verdikləri birgə bəyanat, Ermənistanın BMT-nin iqlim dəyişikliyi konfransına evsahibliyi ilə bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi sülh sazişinin imzalanacağına dair ümidləri artırır:

– 2023-cü il Azərbaycan üçün beynəlxalq miqyasda bir sıra uğurlarla yadda qaldı. Azərbaycanın uğurlarını qəbul edə bilməyən, regionumuzu öz ambissiyalarının qurbanına çevirmək istəyən ayrı-ayrı ölkələrin əleyhimizə qarşı apardıqları kampaniyalara baxmayaraq, Fransanın BMT TŞ-dakı fiaskosu, Avropa İttifaqının Azərbaycan əleyhinə qəbul etmək istədiyi qərarlara Macarıstanın veto qoylması da ilin yaddaqalan hadisələri sırasına aid edilə bilər.

Eyni zamanda, Avropa ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində atılan addımlar, Azərbaycan qazının Avropaya çatdırılması üçün Serbiya-Bolqarıstan qaz intekonnektorunun açılışı, eləcə də İranla Araz yolunun çəkilişi ilə bağlı əldə edilən razılaşmalar da ilin ən vacib, yaddaqalan hadisələridir.
Politoloq hesab edir ki, Araz yolu Zəngəzur yolu ilə bağlı aparılan danışıqlarda Azərbaycana başqa imkanları tanımış olur. Onun fikrincə, Azərbaycan alternativ imkanların olduğunu Ermənistana və onların havadarlarına sübut etməklə faktiki olaraq Zəngəzur dəhlizinin açılmamasından ən çox Ermənistanın zərər çəkəcəyini sübut edə bilib. Araz yolu hər hansı bir ölkənin Azərbaycana qarşı Zəngəzur dəhlizi vasitəsi ehtimal edilən təzyiq imkanlarını aradan qaldıracaq:

– İran dərk edəcək ki, Ermənistan üzərindən keçən Zəngəzur yolu var və Araz yolundan təzyiq vasitəsi kimi istifadə etməyə qalxmayacaq, eynilə də Ermənistan Azərbaycanın alternativ yolları olduğuna görə həmin yoldan təzyiq vasitəsi kimi istifadə edə bilməyəcəyini anlayacaq. Ümumən sona çatmaqda olan 2023-cü ili Azərbaycan üçün uğurlu il hesab etmək olar.