Budəfəki həmsöhbətim şairə, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliyinin üzvü, Prezident mükafatçısı və Beynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahindir. Onunla yaradıcılığı, dəyişən dünyaya baxışı, şeirlərində üz tutduğu məqamlar və s. haqqında söhbətləşdik:
-Şahnaz xanım, bir yazıçı-publisist olaraq necə hesab edirsiz, dəyişən dünyada Azərbaycan insanı, ədəbiyyatı hansı yerdə dayanır?
- Dünya çox kiçik imiş. Baxmayaraq ki, onu çox böyük bilirdik. Bu mövzunun bir essemdə də çözümünü tapmağa çalışmışam. “Bu gün dünya bir ovuc içinə sığır”- desəm, məncə səhv etmərəm. Bir vaxt insanlar üçün əlçatmaz olan çox şey, indi yaxın və əldə edilə biləndir. Yaradan dünyanı bütün detallarıyla mükəmməl qurub. Amma biz insanlar görün onu nə günə qoymuşuq...
Bitib tükənməyən dartışmalar, müharibələr, onun acı nəticələri göz önündədir. Güclü zəifin qəniminə çevrilib. Hegəmon dövlətlər dünyanı öz istəklərinə uyğun olaraq idarə etməkdə israrlıdır... Dünyanın müxtəlif nöqtələrində on illiklərlə bitməyən münaqişə ocaqları var. İnsanlar öz yurdundan, yaşadığı doğma torpaqlarından qovulub çıxarılır, qaçqına, köçkünə çevrilir...
Uzağa niyə gedək ki, elə bizim Qarabağ məsələsi. Nə yaxşı dövlətimiz, xalqımız və ordumuz bir yumruq olmaqla dədə-baba torpaqlarımızı azad edə bildi. Doğrudur, bu gün Şuşa və Xankəndi ətrafında baş verənlər hər bir vətəndaşımızı narahat edir. Amma mən dövlətimə də, onun rəhbərinə də inanıram.
Heç şübhəsiz, insan da təbiətin bir parçasıdır. Təbiətdə baş verən bütün proseslər insan bədəni və ruhunda gedir. Bir şeirimdə yazıram...
...Anam insan doğmuşdu
Məni dünya daş etdi.
Könlümü çilik-çilik
Gözlərimi yaş etdi...
Yaxud,
Mən tənha, o kimsəsiz,
Allahım, bu nə işdi!..
Sən belə qurmadın... yox,
Dünyanı kim dəyişdi?...
Bəli, baş verənlər birbaşa insan xarakterinə, psixologiyasına təsir edir. Bir dostum deyir ki, dünyada yeni insan növü, yaxud tipi yaranır.Məncə də...
Sivilizasiyalararası inteqrasiyanın nə yaxşı ki, müsbət tərəfləri də var. İnsanlar dünyanın bu başından o başına internet vasitəsilə yol çəkir. Qalır bu yol ilə nə daşıyır, nə alır, nə verir...
Mədəniyyətlər qovuşur, birləşir, inkişaf edir. Bəzən biz özümüz səhvlər edirik. Əlbəttə insan yeniliyə açıq olmalı, özünü və bununla yaşadığı cəmiyyəti müsbətə dəyişməyə çalışmalıdır. Amma yanlış nəticə çıxarmaq olmaz. Məsələn, bizdə bineyi-qədimdən ictimai yerlərdə, marşrutlarda yaşlı insanlara, kiçik yaşlı uşaqlara qayğı və ehtiram olub. Bir ara bu sanki aradan qalxmışdı. Səbəbi isə o idi ki, xaricdə heç kəs yerini başqasına vermir. İndi şükür ki, bir az düzəlmişik...
Mən Türkiyədə olarkən bu məsələyə fikir verirdim. İstanbulda şəhərin bu başından o başına, metrobüslə getməyə azı 2-3 saat vaxt lazımdır. Əlbəttə o qədər ayaq üstə getmək çox çətindir. Amma yenə yerini məlum kontingentə verib özü ayaq üstə gedən əcnəbiləri belə gördüm və buna sevindim.
Azərbaycan xalqının qədim, özünə məxsus şərq adət-ənənələri var və onları unutmağa, hörmətsiz yanaşmağa haqqımız yoxdur..
Ədəbiyyatın da boynuna bu məsələdə müəyyən öhdəliklər düşür. Söz çox böyük qüvvədir. Bütün etdiklərimiz və ya etmək istədiklərimiz əvvəl beynimizdə söz kimi yazılır. Sonra icra etməyə başlayırıq. Dərsliklər, bədii ədəbiyyat vasitəsilə gələcək nəslə mesajlar verir, onları yetişdiririk. Elə olmasın ki, səhv mesaj verək, pis nümunə göstərək.
Hər halda ədəbiyyatımız da yaşadığımız dünya kimi çalxalanıb ortaya dəyərli bədii nümunələr qoyub və qoyur. Sapmalar isə hər sahədə ola bilər...
-Sosial media-şəbəkələrdən dünyaya baxanda nə görürsüz?
- Hər gün yüzlərlə xəbər tirajlanır. Xarici və ölkədaxili xəbərlərlə bəyin yüklənir. Xəbərlərin içərisində də xoş olanı azlıq təşkil edir təəssüf ki. Elə öz ölkəmizdə ailə-məişət zəminində ciddi münaqişələr, amansız qətllər qan dondurur. Hipokratın belə bir sözü var, biz nə yeyiriksə oyuq... Deməli, bəzi sualların cavabı elə yeyib içdiklərimizdə gizlənib...
İnsanlar bir-birindən uzaqlaşır, doğmalar yad olur... Mən müşahidə etməyi xoşlayıram, telefon bir damın altında yaşayan adamların da arasına "girib".
Uşaqları da, hətta görüşə çıxan sevgililəri də bu mobil cihaz özünə təslim edib. Görürəm dəniz kənarında və ya başqa yerdə baş-başa verib öz aralarında söhbət etmək əvəzinə telefona baxır. Nə tez bitdi bunların sözü İlahi, bu məni çox narahat edir...
Dünyaya uzaqdan baxmaq şair kimi maraqlıdır. Mən ona baxanda görmək istədiklərimi görürəm.. Amma təəssüf ki, reallıq başqadır. Əlimizdən heç nə gəlmirsə heç olmasa bir damcı sevgi verək ona, dünyanın sevgiyə ehtiyacı var...
-Şahnaz xanım, belə hesab edilir ki, mövcud inteqrasiya prosesində xaricdən idarə olunan ideoloji siyasət asta-asta milli dəyərlərin itməsində təsirini göstərir...
-Azərbaycan xalqının illərin sınağından çıxmış ailə dəyərləri, özünəməxsus milli dəyərləri, adət-ənənələri var, bu digər xalqların adətlərindən fərqlidir. Elə götürək Ailə İnstitutu dediyimiz, uzun illər formalaşmış dəyər göstəricilərini. Bu dediklərimiz zatən gizli deyil artıq və təsirini də görürük.
Mənim ailə haqqında təsəvvürlərim həm keçmişə söykənir, həm də yeniliyə. Ailəni iki nəfər qurur amma onun yaranmasında, davamlı olmasında cəmiyyətin böyük rolu var.
Hamımız telekanalların nümayiş etdirdiyi sosial verlişləri görüb baxırıq. Azyaşlı qızların nikaha cəlb olunması özlüyündə nə qədər fəsada və gələcək faciələrə yol açır... Övladını atan valideynlər, valideyninə ögey münasibət göstərən övladlar görürük...Evin sirri elə çıxmazdı bundan irəli. Ağsaqql, ağbirçək sözü keçərliydi...
Yenə deyirəm, yeniliklərin içindən özümüzə uyğun olanı seçməli, köhnə dəyərləri də qorumalıyıq.
- Virtuallıq sosiallaşmada hansı töhfəsini verə bilir və hansı mədəni ənənələri yaradır?
-Sosiallaşma artıq zamanın tələbidir. Neyləsən də kənarda qala bilməzsən. Normal virtual əlaqələr qurulur, insanlar, o cümlədən ədəbiyyat adamların arasında da yeni tanışlıq, dostluq körpüləri qurulur.
Hind filosofu Robindranat Taqor deyir ki, ağaclar göy üzündə öz tənhalığını, otlar yerdə özünə bənzər otlar axtarır...Eləcə də insanlar...
Ölçüləri, biçiləri dəyişib,
böyükləri, kiçikləri dəyişib.
Sevgiləri, seçkiləri dəyişib,
Bu dünyanın çərxi boşa fırlanır...
-Azərbaycanın təbliğat maşınları - televiziya, ədəbiyyat, incəsənət, media milli - mənəvi dəyərlərin qorunmasında nə kimi işləri görə bilir?
-Bütün dünyada olduğu kimi burda da radio və televiziya geniş auditoriyaya malik təbliğat maşınıdır, əlbəttə. İndi isə buna media da qoşulub. Məlumat almaq üçün yutub televiziya kanalları da xüsusi rol alıb.
Hesab edirəm ki, incəsənət ustalarının ifasında vətən, qəhrəmanlıq mahnıları da milli ruhun canlanması və uca saxlanmasında böyük təsirə malikdir.
Vətən müharibəsi, qazandığımız qələbə, xalqımızın birliyi, doğma torpaqlar uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullar ədəbiyyatımızda yeni mövzu oldu...
Elə mən özüm də Qarabağ, müharibə, qələbə mövzusunda iki kitab ərsəyə gətirmişəm. İndi isə "Şuşa haqqı" adlı kitabım çap ərəfəsindədir. Kitaba eyni adlı poema və əlavə iki poema da olmaqla vətənpərvərlik şeirləri daxil edilmişdir...
Biz bir azərbaycanlı kimi milli dəyərlərimizi qoruyub yaşatmalı və gələcək nəslə ötürməliyik. Bu işdə isə adını çəkdiyimiz təbliğat vasitələrinin rolu danılmazdır...
-Şahnaz xanım, söhbətimizi ümumiləşdirsək, sizin həyata, ədəbiyyata, sözə baxış fəlsəfənizdə dayanan əsas xətt nədir və şeirlərinizdə öz əksini necə tapır?
- Mən bunu bir dəfə etiraf etmişəm, bəzən sual verəndə nə vaxtdan şeir yazırsınız, əsasən cavablar eyni olur-uşaqlıqdan, məktəbli vaxtlarımdan və s. Mən tələbəlik illərində şeirlər yazmışam, çap da olunub. Amma ədəbiyyata anamın itkisindən sonra gəlmişəm. Bu heç gözləmədiyim bir zamanda baş verib... "Xoşbəxtlikdən yazılmır xoşbəxt şeirlər,".. yazmışam bir şeirimdə. O ana xətt elə kədərdir məncə. Ta Füzulidən bəri maddi çətinlik çəkən gördük şairləri... Ədəbiyyat, poeziya insanı yonub yeni bir insana çevirir əslində. Mövzu çoxdu, lap yeriyib keçdiyimiz yolda, baxdığımız kolda, açan solan çiçəkdə, düşən yarpaqda, güldə... Ona görə də bu yaxınlarda Elçin Əfəndiyev “Ədəbiyyat” qəzetində " Hər tərəf şeirdir..." şeirimi belə təhlil etmişdi. Açan, solan çiçəkdə, düşən yarpaqda, xırda otlardan yaranır şeir.
Mən həyatın hər anından şeir yaratmaq istəyirəm, orda isə həm kədər var, həm sevinc, həm sevgi, həm vüsal, həm də ayrılıq...
Bütün şeirlərimi Allahım üçün qələmə alıram, çünki o sözü mənə mənim Allahım göndərib...
"İlahi, sən izn ver,
Canımdan can çıxardım.
Yonum, töküm içindən,
Yeni insan çıxardım..."
yazıram..
Bax mənə görə şairlik yaradanın seçdiyi bəndəsinə etdiyi vəhydir, şeir yazmaq isə ölüb dirilmək, tamamilə yeni insan olmaqdır... Bacaracaqsansa nə xoş sənə...
Şeirlərimdə döyüş də var, mübarizə də, şikayət də var, dözüm də, yorulub özündən qaçış da var, özünə qayıdış da... Mən qəhrəmanımı həyatın bütün sahələrində tapa bilirəm...
Sözün başladığı yer də, bitdiyi yer də mənə görə Odur-Allahdır... Sirli, möcüzəli, əbədi olandır...