İddia olunur ki, Türkiyə və Çin şirkətləri Rusiyanın tükənmiş sursat ehtiyatlarını doldurmaq üçün Moskvaya əsas satışlar edib.
Hafta.az-ın "Moskva Tayms"a istinadən yazdığına görə, Rusiyanın nitroselüloza ehtiyacının təxminən yarısı türk şirkətləri, üçdə birini isə Çin şirkətləri qarşılayıb.
Tez alışan maddə olan nitroselüloz müasir barıt istehsalında istifadə olunan əsas inqrediyentlərdən biridir.
Müharibənin başladığı 2022-ci ildə nitroselüloz idxalını 5 dəfə artıran Rusiyanın 2 min ton alışan material aldığı, 2023-cü ildə isə bu rəqəmin təxminən 4 min tona çatdığı bildirilib.
Gömrük məlumatlarına görə, 2023-cü ildə Rusiyanın idxal etdiyi nitroselülozun 1800 tonu Türkiyədəki şirkətlərdən gəlib.
Xəbərdə ötən il Türkiyədən iki şirkət və Çindən bir şirkət rusiyalı alıcılarla ümumilikdə 78 tədarük müqaviləsi imzaladığı qeyd edilib. Bildirilib ki, alıcıların hamısı Rusiya müdafiə sənayesi ilə əlaqələrə görə Ukrayna tərəfindən sanksiya tətbiq edilən şirkətlərdir.
Birləşmiş Millətlər Təşkilatının ticarət məlumatlarına görə, Türkiyədə yerləşən şirkətlər, ehtimal ki, Avropada istehsal olunan nitroselülozu alıb Rusiyaya satıblar. BMT-nin məlumatları göstərir ki, Türkiyə alışan komponentlərinin 70 faizini Almaniya, Çexiya, İtaliya və İspaniyadan alır.
Nəticədə Rusiyaya göndərilən nitroselülozun qiyməti kiloqramı üçün 2,9 dollardan 4 dollara qalxıb.
“Moskva Tayms” yazıb ki, Türkiyə və Çindən gələn nitroselülozla yanaşı, tez alışan materialın istehsalında istifadə olunan pambıq sellüloza da Qazaxıstan və Özbəkistandan gətirilib.
İddialara görə, 2023-cü ildə 4 ölkədən ümumi idxalın həcmi Rusiyanın 700 min artilleriya mərmisi istehsalına kifayət edir.
Avropa İttifaqı 2022-ci ilin aprelində qəbul etdiyi qərarla nitroselülozun Rusiyaya satışını qadağan edib.