Yayın son günlərində velosipedlərin qiyməti ilə maraqlandıq. Açığı, velosiped həvəskarı deyiləm. Rayondan gələn dostum oğluna “ikitəkər” almaq üçün mənə müraciət etdi. Gün üzünü göstərməmiş, bir-birimizə qoşulub düşdük şəhərin canına. Dostum yolun başlanğıcında dedi ki, özü ilə 500 manat pul gətirib. Əgər qiymətlər münasib olsa, birini də özü üçün alacaq. Kəndə qayıtdıqdan sonra dədə-bala bir-birinə qoşulub düşəcəklər küçələrin canına. Əvvəlcə şəhərdəki bir sıra mağazalara baş çəkdik. Şəhərdəki velosiped mağazalarında istədiyimizi tapmadıq. Həm baha idi, həm də ürəyimizə yatanı olmadı. Sonra “Sədərək” bazarına yollandıq.
Velosiped bazarındakı qiymətlərə hafta.az-ın obyektivindən baxmaq istəyirsinizsə, o zaman monitora daha da yaxın əyləşin. Qiymətlərin bahalılığını satıcılar vergi rüsumu və mağazanın yerhaqqı pulu ilə əlaqələndirirlər. Amma kənddən gələn dostum hazırlıqlı idi. Ukraynadan gətirilən velosipedlərin qiymətinə internetdə baxdı və göstərdi. Bildirdi ki, şəhərin mərkəzindəki mağazalar xaricdən gətirilən velosipedləri rüsum və yerhaqqı, eləcə də 20 faiz qazancdan əlavə 35-40 manat artıq qiymətə təklif edirlər. Daha doğrusu, müştərilərin “cibinə girirlər”.
250 manatdan başlayan qiymətlər…
Satıcılardan ölkəyə daha çox hansı ölkələrdən velosipedlərin gətirildiyini soruşduq. Bildirdilər ki, əsasən Çin, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Türkiyədən gətirilir. Ağırlıq isə həmişə və hər yerdə olduğu kimi “kitayski” məhsulların üzərinə düşür. Aztəminatlı ailələr daha çox Çin istehsalı olan məhsullara üstünlük verirlər. Satıcıların yalançısıyıq. Deyirlər ki, uşaqlar üçün nəzərdə tutulan velobazarda böyük alıcı kütləsi də məhz aztəminatlı ailələrdir.
Şəhərdəki velosiped bazarında qiymətlər dəyişkəndir. “Naviqator” markalı velosipedlərin qiyməti 300-350 manat arasında “oynayır”. Nisbətən hündür insanlar üçün təklif olunan “Forward Sporting” velosipedlərinin qiyməti isə seriyasına görə 360-430 manat arasında dəyişir. Ukrayna istehsalı olan “MD” velosipedlərinin qiyməti isə 250 manatdan başlayır. Almaniya istehsalı olan “Schwalbe Smart” velosipedlərinin qiyməti isə 1269 manata alıcılara təklif olunur.
Yolumuzu başqa bir mağazada yerli veloməhsulumuz olan “İsma” velosipedləri də satılırdı. Hissələri xaricdən gətirilən və İsmayıllıdakı velosiped zavodunda yığılan məhsulların keyfiyyəti, rəqabətə davamlı olub-olmaması haqda məlumatlar əldə etməyə çalışdıq.
Onu da deyim ki, burada həm böyüklər və həm də azyaşlılar üçün velosipedləri görmək mümkündür. Qiymətlərlə maraqlanmaq üçün satıcıya müraciət etməyə ehtiyac yoxdur. Hər məhsulun üzərində öz qiyməti yazılıb. 180 manatdan başlayan qiymətlər bəzi hallarda 1500 manatı da keçir. Uşaqlar üçün olan velosipedlərin qiyməti də bir o qədər ucuz deyil. Qiymətlər 80 manatdan 280 manata qədər dəyişir. “Kamersiz” təkər və ikiçarxlı velosipedlərin qiyməti nisbətən bahadır.

Azyaşlılar üçün vilosipedlər...
Digər yollandığımız məkan isə “Sədərək” Ticarət Mərkəzindəki velosiped satış nöqtələridir. Əvvəlcə azyaşlılar üçün velosipedlərin qiymətləri ilə maraqlandıq. Satıcılar söylədilər ki, 2-4 yaş arası “minik” vasitələrinin qiyməti 40-50 manatdan başlayır. 120 manata da bu yaş körpələr üçün velosipedlər alıcılara təklif olunur. Yəhya Quluzadə adlı satıcı isə deyir ki, azyaşlılar üçün velosipedlər əsasən xaricdən gətirilir. Çin, Almaniya, Rusiya və Ukrayna istehsalı velosipedlərə təlabat daha böyükdür:
“Ukrayna istehsalı olan “Konotok” velosipedləri konfort olduğu üçün valideynlər körpələrinin rahatlığını nəzərə alıb həmin məhsula daha çox üstünlük verirlər. Çin istehsalı olan məhsulların qiymətləri nisbətən aşağı olduğu üçün aztəminatlı ailələr daha çox “made in China” brendli velosipedləri alırlar. Yerli istehsalda bu yaş dövrü üçün velosipedlərin olub-olmaması haqqında məlumatım yoxdur. Varsa da, biz bu haqda məlumatsızıq”.
Mehman adlı digər satıcı isə ibtidai sinif şagirdləri üçün velo vasitələrin qiymətlərinin 80 manatdan başladığını bildirir. Deyir ki, 6-10 yaşlı velosipedlər zövqə və ölçüyə görə dəyişir və 10-12 ölçüdə velosipedlər indi əsas velomağazalarda alıcıların ixtiyarındadır:
“Qiymətlər 80-200 manat arasında dəyişir. Təbii ki, keyfiyyət məsələsi burada əsas önəmli faktordur. “Kamersiz” velosipedlər, üstündə verilən zəruri ehtiyat hissələrinə görə qiymətlər də müxtəlifdir”.

Velobazarda alıcı intensivliyi necədir?
Satıcılarla söhbətimizdən məlum oldu ki, aprel ayının ikinci həftəsindən başlayaraq oktyabrın əvvəllərinə qədər davam edir. Burada söhbət əsasən gəzinti üçün alınan velosipedlərdən gedir. Dağ velosipedləri satan şəxslər üçün isə mövsüm susqunluğu söhbəti yoxdur.
Məlumat üçün deyək ki, yerli istehsalın dağ velosipedlərinin qiyməti 400 manatdan başlayır. Hətta 1800 manata qədər velosipedlərə rast gəlmək mümkündür.
Gəzinti velosipelərinin qiymətləri isə 180 manatdan 400 manata qədərdir.

Əsas velosiped alıcıları kimdir?
Həmsöhbət olduğum velisiped satıcılarının sözlərinə görə, son bir ildir ki, ölkədə veloməhsulların əsas alıcıları müxtəlif velosiped idman klublarının üzvləri, velosipedləri kirayəyə verən şirkətlər və nisbətən yaşlı nəslin nümayəndələri olan gəzinti həvəskarlarıdır. Mövsümün məhsuldar vaxtında mağaza sahibləri orta hesabla ayda 6-7 velosiped satdıqlarını deyirlər. Ehtiyat hissələri bazarı isə heç vaxt mövsüm tanımayıb.

P.S: Dostumun 9 yaşlı oğlu üçün “Sədərək” bazarından velosipedi aldıq. Özü də 195 manata. Satıcı cəmi beş manat keçdi. Dostum isə sevinmirdi. Çünki özünə “ikitəkər” ala bilməmişdi. Əvəzində isə köhnə velosipedi üçün bir-iki ehtiyat hissəsi aldı. Təsəlli üçün.Bazardan çıxanda dostum mənə məsləhət verməyi də unutmadı:
-Ay qa, ucuzunu tapdınsa, pulunu ver, min get, dalına da baxma...

