Ukrayna ədalətli savaş aparır – Tacəddin Mehdiyev

10:56 17.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ukrayna savaşı haqqında fikirləri ondan başlamaq istərdim ki, var ədalətli müharibə, var ədalətsiz müharibə. Ukrayna ədalətli savaş aparır,  ona görə ki, bu xalq öz vətənini qoruyur. Öz vətənini qoruyan adam da əjdahaya dönür. Necə ki, Qarabağdakı  44 günlük müharibə zamanı Azərbaycan xalqı öz Vətən torpaqlarını azad etmək uğrunda savaşdığı üçün yetərincə fədakarlıq göstərdi.  Məhz bu baxımdan bu gün işğalçı Rusiya ordusuna qarşı döyüşən Ukrayna əsgərləri heç nədən qorxmur və torpaqları, dövlətçilikləri uğrunda düşməni öldürməyə də, ölməyə də hazırdırlar”.

Bu fikirləri hafta.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.

“Digər tərəfdən, Ukrayna hərbçilərinin arxasında dövlət tərəfindən silahlandırılmış xalq da dayanır. Yeri gəlmişkən, bizim Qarabağdakı sonuncu qələbəmiz Ukrayna xalqına böyük ruh yüksəkliyi verdi...

Onu da demək gərəkdir ki, son vaxtlar Ukrayna ordusu olduqca gücləndirilib, müasir silah və texnikalarla təchiz olunub.  Bu ordu, demək olar ki, NATO standartlarına uyğun hazırlanıb. Odur ki, müasir, güclü ordu və ruh yüksəkliyini nəzərə alsaq, Ukrayna xalqının qələbə şansı çox böyükdür”, - açıqlamasının ardından bunları söyləyən keçmiş nazir Rusiya rəhbərliyinin çox sayda texnika hesabına qələbə əldə edə bilmək strategiyasının yanlış olduğunu da qeyd edib:

“Vaxtilə Rusiya əsgəri də Napoleona, Hitlerə qarşı vuruşanda  cəsarətli idi, vətənpərvər idi, çünki öz torpaqlarını müdafiə edirdilər. Ukrayna torpaqlarını işğal etməyə gedən əksər Rusiya hərbçisi onu düşünür ki, nəyə görə biz yad ölkənin daxili işlərinə qarışmalı və burada ölməliyəm. Haradadır Ukraynada faşistlər, nasistlər? Yeri gəlmişkən, Rusiyanın özünə sual etmək lazımdır ki, vaxtilə Moskvada dazbaş skinxedlər at oynadırdı, Eduard Limonov kimi irqçilər faşist ruhlu vərəqələr paylayırdı. Bəs o zaman niyə sənin ərazinə heç kəs hücum etmədi ki, burada nasistlər var?..

 

Onu da qeyd etmək lazımdır ki, Rusiya rəhbərliyi bu günədək hələ 1940-cı illərin şüuru ilə yaşayırdı.  Putin, Şoyqu elə düşünürdü ki, çoxlu tankın, təyyarən, raketin və s. olsa, istənilən ölkəni işğal edə bilərsən. Elə həmin şüurla da Ukraynaya təvavüz etdilər. Ukrayna dövləti, xalqı və ordusu onlara sübut etdi ki, yanılıblar.   Rusiyanın texnikalarının, xüsusən tanklarının çoxu köhnə buraxılışdır və əksəriyyəti nasaz vəziyyətdədir. Yada salaq ki, 2008-ci ildə Gürcüstana təcavüz edən Rusiya ordusunda 400 tank vardı, onlardan heç 100-ü gedib Tiflis yaxınlığına çıxmadı, çoxu xarab olub yolda qaldı. Bundan nəticə çıxarmaq lazım idi ki, texnika, tank hər şeyi həll etmir. Hələ  Gürcüstan savaşı zamanı dronlar, PUA-lar yox idi. Bununla belə, 3 vertolyotla bütöv tank taborunu 10-15 dəqiqədə məhv etmək mümkündür. Bu gün də Ukrayna ordusu rus tanklarını bir az içəri ərazilərə buraxır, sonra da PUA-lar, aviasiya, artilleriya ilə məhv edir. Yeri gəlmişkən, böyük qürur duyuram ki, Qarabağda bizim qələbədə olduğu kimi, bu gün də türk silahı olan “Bayraktar”lar Ukrayna ordusunun uğurlu əməliyyatlarına  böyük dəstək verir”.

Sabiq müdafiə naziri bütövlükdə Ukrayna xalqı ilə  üzbəüz gələn Rusiya ordusunun qələbə şansının olmadığını dilə gətirib.

“Rusiya ordusunun,dediyimiz kimi, ruh yüksəkliyi yoxdur.  Ukrayna ordusu çox ağıllı gedişlə onların təchizat məsələsini də dayandırdı. Yəni arxadan Rusiya ordusuna heç bir ərzaq, yanacaq, silah-sursat çatdırmaq, demək olar ki, mümkün deyil. Ac qalan əsgər  də döyüşə bilməz. Burada sərt iqlim şəraiti də böyük rol oynayır.

Eyni zamanda  Rusiyanın yaşayış binalarını, dinc sakinləri bombalaması, raket, aviasiya, artilleriya zərbələrinə məruz qoyması, uşaqlara, qadınlara, qocalara qarşı belə, birbaşa terror aktları həyata keçirməsi də bütün dünyada böyük nifrət yaradıb. Bir şey aydın olur ki,  bu gün Ukraynada da II Qarabağ savaşı zamanı Gəncənin, Bərdənin və s. Bombalanması ilə eyni ssenari tətbiq edilir. Yəni mülki əhaliyə qarşı açıq terror aktları törətməklə ölkədə qorxu və təşviş yaratmaqla insanları kütləvi şəkildə öz yaşayış yerlərini tərk etməyə vadar edərək şəhərlərin işğalına şərait yaradırıar. Ona görə də Ukrayna prezidenti, riskli olsa da, çox düzgün qərar qəbul etdi ki, bütün əhalinin silahlanmasına göstəriş verdi. Bilirsiniz, bunu tarixdəki bir çox savaşlar da göstərib; bir ölkənin ordusu ilə vuruşub ona qalib gəlmək olar, amma bütövlükdə xalqla savaşda qalib olmaq qeyri-mümkündür. Bunu Hitler də bacarmadı”, - deyə general-mayor vurğulayıb.