Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müsəlmanların müqəddəs Ramazan bayramını çox orjinal üsulla hazırladığı video vasitəsilə təbrik edib.
Hafta.az-ın yazdığına görə, yayımlanan videoda, hərbi orkestrin ifasında "Salavati Şərif" səsləndirilib. Ordunun sosial media hesabından paylaşılan videoda deyilir:
"Əziz Ukrayna müsəlmanları, əsgərlər, mülki insanlar, başqa ölkələrdəki ortaqlarımız! Ukrayna Silahlı Qüvvələri, Ramazan bayramınızı təbrik edir və Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün müştərək fəaliyyətləriniz üçün səmimi qəlbdən minnətdarlığını bildirir".
Daha sonra qeyd olunur ki, Ramazan bayramının başladığı bu gündə insan şəxsiyyətinin mənəvi özəllikləri qabarır və bu səbəbdən də müsəlmanlar ənənəvi olaraq bu günü qohum-əqrəbası ilə bir araya gələrək və Allaha dua edərək keçirəcəklər.
"Bayramınızı təbrik edir, Allahın Ukraynanın birliyi və Krımın qurtuluşu, bütün qaçqınların evlərinə geri dönüşü, rus işğalçılarının bölüb-parçaladığı ailələrin yenidən birləşməsi, hər kəsin sərbəst buraxılması üçün dualarınızı eşitməsini arzulayırıq", - təbrikin sonunda deyilir.