Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyevlə hafta.az üçün bu dəfəki söhbətimizdə Rusiya prezidenti Putinin “qismən səfərbərlik” haqda sərəncam verməsindən sonra bu ölkə və onun müharibə apardığı Ukrayna cəbhəsindəki durum, Rusiya müxalifətinin hakimiyyətə qarşı planlaşdırdığı tədbirlər, Kremlin sentyabrın 23-dən işğal altındakı bir sıra ərazilərdə keçirməyə başladığı qondarma “referendum”lar və s. haqda bəhs etdik.
-Elxan bəy, Rusiya prezidenti Putinin “qismən səfərbərlik” haqda sərəncam verməsini Ukraynanın qələbəsini daha da yaxınlaşdırmağa imza atması kimi dəyərləndirmək olarmı?
-Bəli. Putinin qismən səfərbərlik haqda verdiyi son sərəncam birmənalı olaraq Rusiya siyasi hakimiyyətinin bu günədək keçirdiyi dırnaqarası “xüsusi əməliyyat”ın heç bir nəticə vermədiyini dolayısıyla boynuna almasıdır. Və təbii ki, bu sərəncam Putinin özünə qarşı basdırdığı böyük minadır. Bunu bu saat Rusiya daxilində, Rusiya cəmiyyətində baş verənlər də əyani olaraq göstərir...
Məsələ burasındadır ki, yalnız Ukrayna tərəfi deyil, dünyanın tanınmış hərb institutları və analitik mərkəzləri də bildirirlər ki, Rusiyanın daimi dislokasiya olunan peşəkar silahlı qüvvələrinin 80 faizi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb... Təbii ki, əgər Putinin “xüsusi əməliyyatı”nın real nəticələri olsaydı, Rusiya ictimaiyyətidnə bu cür narazılıq doğuran “qismən səfərbərlik” adlanan əslində məcburi səfərbərlik həyata keçirilməzdi. Gizli səfərbərlik onsuz da aylardır ki, keçirilir. İkinci dünya savaşından sonra ilk dəfədir ki, Rusiyada səfərbərlik həyata keçirilməyə başlanıb...
- Rusiyadakı Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov kimi müxalif həmfikirlərinizlə yenə əlaqəniz varmı? Onlar indi yaranmış əlverişli situasiyada nə düşünürlər, Putinə qarşı hansı addımları planlaşdırırlar?
-Bəli, əlaqələrimiz davam edir. Təbii ki, qismən səfərbərlik qəararından sonra yaranmış durum Rusiyanı real müxalifəti üçün göydəndüşmədir. Sözsüz ki, incəliklərini bilə bilmərik, ancaq anladığım belədir ki, Rusiya müxalifətinin fərqli-fərqli qolları artıq postputin dövrünə hazırlıq görürlər, bununla bağlı müəyyən danışıqlara başlayıblar. Amma hələlik konkret olaraq kimin hansı formada və necə danışıqlar apardığını bilmirik. Bilirsiz ki, Rusiya müxalifəti fərqli rənglərdədir: orada solçulardan tutmuş radikallara qədər müxtəlif qüvvələr var. Ancaq , təbii ki, biz imperiya düşüncəli olmayan, horizontal münasibətlər qura biləcək siyasi qüvvələrlə əməkdaşlıq edə bilərik. Azərbaycan tərəfinə də bunu məsləhət görərdim...
Öncə dediyimiz kimi, Putin özünə qarşı əlacsızlıqdan böyük bir mina basdırıb. Yəqin bilirsiz ki, son bir həftə ərzində Kremldə müzakirə olunan əsas məsələ Putinin xəstəliklə bağlı müvəqqəti olaraq siyasi fəaliyyətdən kənarlaşdırılması və bütün məsuliyyətin təhlükəsizlik və müdafiə şurasının öz üzərinə götürməsi olub. Və anonsa görə sentyabrın 20-də yayılmalı olan müraciət böyük ləngimə ilə yalnız dünən -ayın 21-də efirə verildi. Və çıxışı zamanı Putinin simasında təşviş, həyəcan və əsəbilik də hiss olunurdu. Qərb kəşfiyyat mənbələrinin də məlumatına görə, bütün bunlar ondan xəbər verir ki, Putini razılaşdırmaq mümkün olmayıb... Yəni hakimiyyət daxilində də vəziyyət gərgindir. Və müxalifətin nə planlaşdırmasını gözləmədən hələlik Rusiyanın mərkəzi hissələrində kortəbii etiraz aksiyaları davam edir. Artıq hərbi komissarlıqlara, icra strukturlarına hücumlar təşkil edilir. Etiraz mitinqlərində “Müharibə istəmirik!”, “Putini səngərə!” şüarları səslənir... Ölkədə bir ajiotaj, qaçhaqaç başlayıb. Rusiya vətəndaşları səfərbərlikdən yayınmaq üçün ən müxtəlif yollara, üsullara əl atırlar; əl-qollarını sındırırlar, ayaqlarını əzirlər və s. Tibb məntəqələrində, xəstəxanalarda böyük növbələr var. Aeroport, vağzalarda, kassalarda adamlar qaynaşır. Qaçanları xaricə daşımaq üçün nəqliyyat vasitələri də bəs etmir. Vizasız gəlinən ölkələrdən biri də Azərbaycandır. Bu mənada da Azərbaycanın müvafiq qurumları müəyyən tədbirlər görməlidir...
Getdikcə Rusiyada, təbii ki, gərginlik artacaq. Çünki artıq Rusiya toplumunun əksəriyyəti dərk edir ki, aylardır davam edən bu savaş bir nəfərin istəyi ilə aparılan bir savaşdır. Və onu udmaq qeyri-mümkündür...
Bilirsiz, bu müharibə yüksək texnologiyalar savaşıdır. Sizi inandırıram ki, bundan sonra 300 min yox, 3 milyonluq da Rusiya ordusu gəlsə, Ukraynanı işğal edib saxlamaq gücündə olmayacaq. Putinin və onun təbliğatçılarının bütün bu boş hay-küyü daxili auditoriyaya, ictimaiyyətə hesablanıb. Artıq həm Ukrayna, həm də Qərblə savaşı uduzan Putin hakimiyyəti sentyabrın 21-dən öz xalqına da müharibə elan etdi. Halbuki, onlar vətəndaşları əmin etmişdi ki, heç bir səfərbərlik-filan olmayacaq, bu, sadəcə, xüsusi bir əməliyyatdır, Ukraynanı qısa müddətdə məğlub etmək bizim üçün heç nədir. Və s. və i.a. Amma göründüyü kimi, artıq əməliyyatların başlamasından sonra 8-ci ay başlamaqdadır və Rusiya ordusu qarşına qoyulmuş heç bir uğurlu nəticəni əldə etməyib...
-Hazırda cəhbədəki durumu necə xarakterizə edərdiniz?
-Hər gün, hər səhər cəbhədən sevindirici xəbərlər gəlməkdədir. Hazırda Ukrayna ordusu həm cənub, həm mərkəz, həm şimal istiqamətlərində düşmən qüvvələrini məhv etməkdədir. Dünən(21.09-S.L.) günortadan bu gün(22.09.-S.L.) səhərədək olan düşmən itkilərinin sayı 400 nəfərdir. 30-a yaxın PDM və tank vurulub. Ukrayna Silahlı Qüvvələrinin gücü getdikcə artmaqdadır və Putinin bu “nüvə”, “referendum”, “qismən səfərbərlik” hay-küyü ilə əzələ nümayişi də Qərbi Ukraynaya istədiyi silah və texnikaları verməyə daha da həvəsləndirir...
Çox güman ki, yaxın günlərdə Xerson şəhərinin işğalçılardan boşaldılmasının şahidi olacaqsız. Çünki Rusiya qoşun birləşmələrinin təchizat, loqistika yolları, demək olar ki, tam kəsilib. Cəbhə xəttinə istər silah-sursat, istərsə də ərzaq çatdırmaq imkanları yoxdur. İşğalçı hərbçilərin kəşfiyyatımız tərəfindən tutulan radio-danışıqlarından Ukrayna tərəfinə könüllü əsir düşmək istəyənlərin də olduğu bilinməkdədir. Bundan əlavə, Xersonu hansısa danışıqlarla tərk etmələri məsələsi də mümkündür. Odur ki, vilayətdə saxta “referendum” məsələsini də tez-tələsik həll etməyə çalışırlar...
-Yeri gəlmişkən, yəqin ki, sentyabrın 23-dən Xersondan savayı, digər işğal edilmiş Ukrayna vilayətlərində də başlanacaq qanunsuz psevdoreferendumlarla da Putin rejimi heç nəyə nail olmayacaq?..
-Bəli. Mən də belə düşünürəm ki, nə Xersonda, nə də Zaporojyedə psevdo-referendumlar baş tutacaq. Həm də ona görə ki, artıq Ukrayna qoşunları Xerson şəhərinə iki istiqamətdən atıcı silahlar məsafəsində yaxınlaşıb. Amma bilirsiz ki, şəhərə həlledici hücum etməməyin əsas səbəbi Xersonda dinc Ukrayna əhalisinin olmasıdır. Biz öz vətəndaşlarımızın həyatını təhlükə altına sala bilmərik. Düşmən bunu da bilir. Ona görə də Rusiya qüvvələri dinc ukraynalıların arxasında gizlənərək bu minvalla qondarma “referendum” keçirməyə çalışır. Amma bu, alınacaq iş deyil. Lap tutaq ki, formal olaraq, görüntü olaraq saxta “referendum”lar keçirdilər. Nəticələrini kim, hansı özünə hörmət edən dövlət, hansı beynəlxalq qurum tanıyacaq...
Yəni bilirsiz, öncə də dediyimiz kimi, əslində Putin iki müharibə aparır. Bir müharibə doğrudan da real müharibədir; Ukrayna cəbhəsində üzbəüz döyüşlərlə gedən savaşdır. Digər müharibə isə Putinin öz xalqına, öz əhalisinə qarşı apardığı və televiziya kanalarında və saytlarda göstərilən, təsvir edilən kütləvi aldatma, yalan, psixoz müharibəsidir. Və inşallah, tezliklə hər iki savaşda ağır məğlubiyyətə düçar olacaq... Ümumiyyətlə, təhlillər onu göstərir ki, bütövlükdə Rusiya imperiyası öz təbii sonuna yaxınlaşır...
-Təhlilçilər çoxu belə hesab edir ki, Rusiya nəzərdə tutduğu səfərbərliyin icrasına başlasa belə, ən tezi 3 ay ərzində həmin ehtiyat qüvvələri formalaşdırıb ön cəbhəyə ata bilər. Bəs Ukrayna bu müddətdə hansı adekvat tədbirləri görməyi planlaşdırır?
-Ukrayna hərbi-siyasi komandanlığının havalar soyuyanadək, yəni təxminən noyabrın ikinci yarısınadək bilmədiyimiz və ya bilib deyə bilmədiyimiz xüsusi tədbirlər proqramı var... Hesab edirəm ki, Ukrayna ordusu qış dövrünədək Krımdan başqa digər ərazilərdə bir sıra uğurlu əməliyyatlarını bitirəcək. Bütün hallarda, sizin dediyiniz kimi, Rusiya qismən səfərbərlik nəticəsində 3 ay müddətində yalnız həmin ehtiyat qüvvələri toplaya bilər. Amma onların təlimi, təchiz edilməsi və s. məsələlər var. Ehtiyat qüvvələri tam hazırlıqsız şəkildə də cəbhəyə atmaq olmaz... Onsuz da indiyədək Rusiyanın ən öncül sayılan hərbi birləşmələri texnikalarını, hər şeylərini atıb qaçmaqdadırlar. Dünən döyüşlərdə olan azərbaycanlı hərbçi dostlarımızdan biri Rusiya ordusunun qaçmasından sonra çəkilmiş bir video göndərmişdi. Sizi inandırıram ki, yüzlərlə hərbi texnikanı, hətta silahlarını, çəkmələrini, şəxsi əşyalarını və s. qoyub qaçıblar. Məlumdur ki, Rusiya ordusunda hələ dinc dövrdə başıpozuqluq vardı. İndi isə total, kütləvi intizamsızlıq, fərarilik baş alıb gedir...
-Yəqin ki, Rusiya ordusuna zorla səfərbərlik sayəsində gətirilmiş təsadüfi adamlar da gəldikdən sonra fərarilik edənlərlə yanaşı, Ukrayna tərəfə keçənlərin də sayı daha da artacaq?
-Sözsüz ki... Bilirsiz ki, mən həm də Ukrayna parlamentində çalışıram. Biz hələ mart ayında könüllü olaraq Ukrayna tərəfə keçən düşmən hərbçiləri ilə davranmağın hüquqi bazasını hazırlamışıq. Çünki belə hallar gözlənilirdi... Hətta Rusiya texnikasını işlək vəziyyətdə təhvil verən işğalçı ordunun hərbçilərinə həmin texnikanın durumundan, keyfiyyətindən asılı olaraq yüksək məbləğdə mükafatlar da müəyyənləşdirilib. Eyni zamanda belə əsirləri üçüncü ölkələrdə sığınacaqla da təmin edirik. İlk olaraq Baltikyanı ölkələr bu cür Rusiya hərbçilərini qəbul etməyə hazır olduqlarını bildiriblər. Bir sözlə, Ukrayna Radası bir neçə belə qanun layihəsi hazırlayıb ki, onların əsasında müvafiq proqramlar da tərtib olunub. Bundan əlavə, biz əsirlərin dəyişdirilməsi prosedurunu asanlaşdırmaq üçün müəyyən istisnalarla əsir götürülmüş Rusiya hərbçilərinin əksəriyyətinin adlarını cinayətkar kimi yox, əsir kimi sənədləşdiririk. Yəni biz onlara qarşı insanpərvər addımlar atırıq. Beləliklə, Ukrayna sözün əsl mənasında hərbi əsirlər və girovlar haqqında Cenevrə konvensiyasının bütün maddələrinə əməl edir. Hətta, bir az pafoslu səslənsə də, bunun çoxları şahididir; bəzi Rusiya əsir hərbçiləri deyirlər ki, biz indi Ukraynada gün görürük... Yəni onlar indi anlayırlar ki, Ukrayna Tusiyanın təbliğ etdiyi kimi, irqçi, nasist bir dövlət deyil. Əksinə, görürlər ki, bu dövlət ərazisinin işğalında iştirak etmələrinə rəğmən əsir kimi onlarla necə qayğı ilə rəftar edir. Və sözsüz ki, əsirlərin vəziyyəti haqda məlumatlar hazırda Ukraynaya qarşı döyüşən Rusiya zabit və əsgərlərinə də çatır. Odur ki, əldə olunan məlumatlara görə artıq qarşı tərəfin hərbçiləri arasında Ukrayna tərəfə könüllü əsir düşmək meyli güclənib...
Və deyilənləri nəzərə alsaq, sizin dediyiniz də tamamilə gözləniləndir. Təbii ki, xüsusi döyüş hazırlığı olmayan, təsadüfən orduya qatılmış rusiyalılar mənasız ölüm, ömürlük şikəst qalmaq əvəzinə, ya fərarilik etməyə, ya da könüllü əsir düşməyə çalışacaqlar...
-Bundan əvvəlki söhbətimizdə Ukraynada savaşın təxminən 2023-cü ilin yazında bitəcəyini söyləmişdiniz. Yenə həmin fikrinizdə qalırsınızmı?
-Bəli. Yenə də həmin fikrimqə qalıram. Yaşayarıq -görərik. İnşallah, sizi də qələbə xəbərləri ilə sevindirərik...