"Ukrayna və Moldova ərazisindən Rumıniyaya keçməklə Türkiyəyə getmək istəyənlərə bacardığım qədər kömək edirəm. Xahiş edirəm ki, nəzərə alın: Azərbaycanlıların təxliyyəsi Rumıniyanın Yassı şəhərinin hava limanından təşkil edilir".
Hafta.az-ın yazdığına görə, bu sözləri hazırda ərazisində müharibə gedən Ukrayna dövlətində yaşayan azərbaycanlılara xitabən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə əlaqələndiricisi Vaqif Həsənov öz facebook səhifəsində yaydığı müraciətdə deyib. V.Həsənov qeyd edib ki, amma yerdəyişmə edən həmvətənlərimiz Azərbaycanın Moldovadakı Səfirliyində qeydiyyata düşməlidırlər. "Siyahı orada tutulur. Daha sonra avtobuslarla Moldova - Rumıniya sərhədini keçib birbaşa hava limanına gedilir və həmvətənlərimiz oradan çarter reysi ilə Vətənə yola salınır" deyən V.Həsənov soydaşlarımıza gedəcəkləri yolun istiqamətini də göstərir. Bildirir ki, həm Ukraynadan, həm də Moldovadan Rumıniyaya keçmək üçün Ukrayna ərazisindən - Halmeu, Sighetu Marmației, Siret; Moldova ərazisindən - Stinca, Sculeni, Albița, Oancea, Galați, İsaccea, Radauți-Prut məntəqələrinə yaxınlaşmaq lazımdır.
V.Həsənov qeyd edir ki, əlavə sualı olan və köməyə ehtiyac duyanlar +40799666005 nömərli telefonla şəxsən onunla əlaqə saxlaya bilərlər.