Xankəndinə yolun təhlükəsizlik məsələləri Azərbaycanın üzərinə qoyulub - Politoloq

16:26 04.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Laçından Xankəndinə, oradan da Ermənistana keçən yolu Azərbaycan çəkir və həmin yol Azərbaycanın dövlət mülkiyyətidir. Yeni Laçın yolu istiqamətini dəyişib, Laçın şəhərindən, Qayğı qəsəbəsindən yan keçməklə Həkəri çayının üstündən çəkilmiş körpü vasitəsilə Ermənistana gedir. Gələcəkdə həmin yola nəzarət  Azərbaycanın suverenliyi altında olan bir yol kimi dəyərləndirilir.

Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli deyib:

"Yeni yolun 5 kilometrlik məsafəsi bir çox insanlarda da fərqli  təəssürat yaradır. 5 kilometrlik məsafəyə nə Rusiya nəzarət edə biləcək, nə də digərləri. Azərbaycanın buradakı uduşu ondan ibarətdir ki,  yol Azərbaycan Yollar İdarəsi tərəfindən tikilir, bütünlüklə Azərbaycanın mülkiyyəti olacaq. Azərbaycanın burada təhlükəsizliyi təmin etmək hüquqları yaranacaq.  Bu məsələ 10 Noyabr üçtərəfli müqavilədə özünün əksini tapmışdı.  Laçın şəhəri və Qayğı qəsəbəsi yenidən Azərbaycanın suverenliyi altına qayıdacaq.  Burada nəyinsə ermənilərin xeyrinə, nəyinsə zərərinə olduğunu söyləmək  çətindir. Əksinə, bu, Azərbaycan tərəfinin bölgədə suverenliyinin yayılması baxımından müsbət rol oynaya bilər. Yeni yol köhnə “Laçın dəhlizi”nin ləğvinə aparacaq. Sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycanın həmin yola nəzarəti məsələsi mübahisə yaratsa da, gedən proseslərdən belə aydın olur ki, həmin yola Azərbaycan özü nəzarət etməli olacaq. Yolun təhlükəsizlik məsələləri  Azərbaycanın üzərinə qoyulub. Yol bizim mülkiyyətimizdə olduğu üçün  Azərbaycanın hüquqları da reallaşacaq".