Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Şuşa şəhərinə səfəri başlayıb. Onlar Şuşada Xan qızı Xurşidbanu Natəvanın inşa etdirdiyi bulaqla tanış olublar. Qonaqlara “Xan qızı bulağı”nın tarixi, memarlıq üslubu barədə məlumat verilib. Daha sonra diplomatik nümayəndələr Saatlı məscidində olublar, ermənilərin işğal zamanı məsciddə törətdiyi dağıntılarla tanış olublar, onlara tarixi-dini abidə barədə məlumat verilib. Daha sonra qonaqlar Qala çörəyinin dadına baxıblar.
Qeyd edək ki, səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər. Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir. (APA)
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə tanış olublar. Diplomatlara Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş hava limanında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, aeroportun tikintisi işlərinə Azərbaycanın xarici tərəfdaşları, o cümlədən İtaliya və Türkiyə şirkətləri fəal surətdə cəlb olunub.
Prezident İlham Əliyev Füzulidə beynəlxalq hava limanının tikintisi barədə 2021-ci ilin yanvarında Sərəncam imzalayıb. Beynəlxalq hava limanının təməlqoyma mərasimi isə yanvarın 14-də keçirilib. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini işğal etməmişdən əvvəl burada yerli əhəmiyyətli hava limanı mövcud olub. İşğaldan sonra Füzuli şəhəri kimi, hava limanı da ermənilər tərəfindən dağıdılıb. Ərazisi 250 hektar olan Yeni aeroportun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.
11.45
***
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun və beynəlxalq təşkilatların 100-ə yaxın səfir və diplomatlarının işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, daha sonra isə "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.
Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin ölkəmiozdəki diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Şuşa şəhərində onlar müxtəlif tarixi və mədəni abidələrlə tanış olacaqlar. Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.