İsrail ordusu radiosuna danışan parlamentdəki ikinci ən böyük partiya olan Yeş Atidin (Gələcək var) lideri Yair Lapid bildirib ki, oktyabrın 7-də blokadada olan Qəzza zolağından hücumlar onun baş nazir olduğu dövrdə baş veribsə, o, istefa verərdi.
Hafta.az-ın yazdığına görə, Lapid, "Mən Netanyahuya güvənmirəm. O, müharibə aparacağına inanılacaq biri deyil. Əgər 7 oktyabr hücumu mənim rəhbərliyim dövründə olsaydı, eyni gündə istefa verərdim" deyib.
İsraildə ortağı olduğu əvvəlki hökumət koalisiyasına işarə edən Yair Lapid, "Bizim zamanımızda Həmas-ın hücum etməyə cəsarəti yox idi. Ölkə tarixinin ən pis hökumətinin vəzifədə olduğunu gördü və hücum etdi" deyə bildirib.
Netanyahunun başçılıq etdiyi hökumətə etibar edilə bilməyəcəyini və “Netanyahunun hər keçən gün daha da etibarsızlaşdığını” bildirən Lapid, “Müharibənin ortasında baş naziri dəyişmək yaxşı deyil, ancaq vəzifəsində qalmaq daha pisdir” deyə əlavə edib.
İsrailin müxalifət lideri Lapid oktyabrın 7-dən sonra verdiyi açıqlamalarda tez-tez baş nazir Netanyahu və hökumətinin istefaya getməli olduğunu bildirir.