Zəngəzur dəhlizi açılmasa… - Tofiq Zülfiqarov

14:28 10.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Nəticədə ermənilər, artıq gerçəklikləri qəbul etmək məcburiyyətində qalacaqlar

Azərbaycanın sabiq baş diplomatı, politoloq Tofiq Zülfüqarov hafta.az-a növbəti müsahibəsində “Putinin dostu” sayılan Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın seçkilərdə favoritlik iddiasında olmasına Rusiya hakimiyyətinin gerçək münasibəti, onun hakimiyyətə gələcəyi təqdirdə işğalçı ölkənin hansı duruma düşəcəyi,  Paşinyanın hakimiyyətdə qalacağı halda 10 Noyabr üçtərəfli razılaşmasının yarımçıq qalmış müddəalarının həyata keçirilib-keçirilməməsi və s. haqda danışıb. Keçmiş xarici işlər naziri eyni zamanda  Putin-Bayden və Ərdoğan-Bayden görüşləri, Ərdoğanın Bakı və Şuşa səfərləri və s. gözlənilən mühüm siyasi olayların Azərbaycanın regiondakı durumuna göstərəcəyi təsirlə bağlı proqnozlarını da verib.

- Tofiq müəllim, bu günlərdə Rusiya prezidenti Putinin Ermənistan liderliyinə can atan Robert Köçəryanla,  artıq bu il ərzində 3-cü  telefon danışığı baş tutub. Belə təəssürat yaranır ki, bu qəsbkar ölkədə proseslərə nəzarət edən şəxs məhz Köçəryandır və Putin də  Paşinyanla deyil, onunla məsləhətləşir, Ermənistanın gələcəyini onda görür. Köçəryanın son dövrlərdə “Putinin dostu” imicini qazanmasını da nəzərə alsaq, belə çıxır ki, Kreml bir həftədən sonrakı seçkilərdə elə Köçəryana dəstək verəcək. Siz necə düşünürsünüz?

- Birincisi, onu qeyd etmək lazımdır ki, digər siyasi “dostluq”lar kimi, Putin-Köçəryan “dostluğu” da daha çox siyasi maraqlar üzərində qurulub. Bir müddət var idi ki, heç Köçəryan Putinin yadına da düşmürdü. Odur ki, buna heç vaxt etibarlı dostluq demək olmaz. Düzdür, əslinə qalsa, Robert Köçəryan siyasi fəaliyyətinin əvvəlindən Rusiya tərəfindən dəstəklənən  bir  fiqurdur. İndiki halda Ermənistandakı seçkiqabağı kampaniyada Paşinyana qarşı əsas rəqabəti də məhz Köçəryan formalaşdırır.  Bu baxımdan həmin dəstək, bu telefon danışıqları Rusiyameyilli qüvvələrə dəstək kimi dəyərləndirilməlidir. Bu məsələnin zəif bir elementi də var. Ermənistandakı hazırkı siyasi mühit onu göstərir ki, gərginlik daha çox yerli ermənilər və Qarabağ erməniləri arasında mövcuddur. Köçəryan da “Qarabağ klanı” deyilən toplumu təmsil edir. Yəni bu baxımdan inanmıram ki, Rusiya belə səhv edərək seçkilərdə Köçəryana birbaşa dəstək verəcək.  Bu, daha çox dəstək imitasiyasına bənzəyir. İkinci Qarabağ savaşından bəri keçən dövrdə də dəfələrlə müşahidə etmişik ki, Paşinyanın problemləri olanda məhz Rusiya tərəfindən ona dəstək verilib.  Bu mənada, yəqin ki, Kremlin həm Paşinyanla, həm də Köçəryanla gözə görünməyən, pərdə arxası əlaqələri mövcuddur... Əsas məsələ yenə də gündəmdə qalmaqdadır: Ermənistan gələcəkdə hansı siyasəti həyata keçirəcək? Biz başa düşürük ki, rəsmi İrəvanın qərbyönümlü siyasət aparması qaçılmazdır.   Rusiyanın son 30 ildə bu işğalçı ölkəyə verdiyi dəstəyin onun inkişafına gətirib çıxarmadığı göz qabağındadır. Əksinə, Ermənistanda digər problemlərlə yanaşı, demoqrafik problem də daha da güclənməkdədir. Odur ki, ermənilər yaxşı bilir ki, Ermənistanın bir dövlət kimi mövcudluğu və xilası  ilk növbədə Qərblə bağlıdır. İkincisi də biz anlamalıyıq ki, indiki mərhələdə bu ölkə Rusiya üçün artıq bir yükdür. Hələ son müharibədən öncə Rusiyanın ən yüksək səviyyələrindən səslənən “qulpsuz çemodan” bənzətməsi hazırkı məğlub Ermənistan üçün daha da aktuallaşıb. Yəni bu ölkənin varlığının Rusiya üçün heç bir faydası yoxdur. Düzdür, ideoloji təbliğat baxımından, sadəcə, Ermənistanı öz orbitində saxlamaq üçün Moskva tərəfindən bəzi gedişlər davam etdiriləcək. Real istəklər çoxdan bəllidir: Kreml bu “qulpsuz çemodan”dan da azad olmağa çalışır. Bu prizmadan  baxanda Köçəryanın telefon danışıqları, yaxud Paşinyanın Avropaya üz tutması daha çox üzdə olan hadisələrdir. Dediyimiz tendensiya, yəni Ermənistanın varlığının Qərbə bağlı olması qaçılmazdır...

- O da var ki, hazırda Paşinyanı Ermənistan cəmiyyətinə “Qarabağı satmış bir milli xəyanətkar” olaraq təqdim edən Köçəryan hakimiyyətə qayıdacağı halda Qarabağ məsələsində revanşist mövqe tutmalı və deməli, “dostu” Putinin də qarant duraraq imzaladığı 10 Noyabr razılaşmasından açıq-aşkar imtina etməlidir. O, belə addımlar ata bilərmi?

- Bilirsiniz, həm Qərb, həm də Rusiya 10 Noyabr razılaşmasını dəstəkləyir. Bu baxımdan ona açıq şəkildə zidd gedən siyasətçi elə öncədən məğlub olmuş olacaq. Yadınızdadırsa, Putin  razılaşmadan az sonra dedi ki, bu sənəddən imtina etmək Ermənistanın intiharına bərabərdir. Odur ki,  görürük ki, Ermənistanda revanş mövzusu artıq aktual deyil.  Əgər Köçəryanın hakimiyyətə gəlməsi alınarsa, Rusiya üçün Ermənistanın “qulpsuz çemodan” kimi “daşınması” siyasəti davam etməlidir. Birmənalı olaraq Moskva bu qəsbkar dövləti, həm maliyyə, həm hərbi, həm siyasi cəhətdən dəstəkləməlidir. Rusiya bunu istəyirmi,  Rusiya siyasi elitası bunu istəyirmi? Hesab edirəm ki, yox. Odur ki, Köçəryan qalib gəlsə belə, hakimiyyətdə uzun müddət duruş gətirə bilməz. O, erməni cəmiyyətinə nə açıq şəkildə revanş təklif edə bilər, nə də  Rusiya ilə bir yerdə Ermənistanı böhrandan çıxara bilər. Ona görə də inanmıram ki, Köçəryan kimi və ona bənzər mövqedə duran erməni siyasətçiləri seçkilərdə qalib gələcəklər...

- Bəs Paşinyan hakimiyyətdə qalacağı təqdirdə 10 Noyabr razılaşmasının müddəalarının sonadək həyata keçirilməsini təmin edəcəkmi və ya bunları etməyə ona imkan veriləcəkmi, sizcə?

- Hesab edirəm ki, 10 Noyabr razılaşmasının həyata keçirilməmiş əsasən bir bəndi qalıb: Zəngəzur dəhlizinin bərpası. Digər yarımçıq icra olunmuş maddə isə erməni ordusunun keçmiş Dağlıq Qarabağ ərazisindəki az sayda qalıqlarının çıxarılmasıdır. Bir də Ermənistanla sərhədlərin demilitasiya və demarkasiyası... Bunların həyata keçirilməsi, zənnimcə, Paşinyan üçün o qədər də problem yaratmayacaq...

- Bəzi məlumatlara görə, hazırda Yuxarı Qarabağın nəzarətimizdə olmayan hissələrində  bəlkə də 10 mindən çox erməni hərbçisi var?

- İnanmıram ki, Qarabağda bu sayda erməni silahlısı qalsın. Bunlar hamısı oradakı qondarma rejimin guya hələ də “müdafiə ordusu”na malik olması haqda görüntü yaratmaq üçün ortalığa atılan rəqəmlərdir. Sadəcə, Azərbaycan Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsində buraxılışın sərtləşdirilməsinə nail olmaqla bu məsələnin həllini tezləşdirə bilər.  Eyni zamanda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi bu məsələdə ciddi rol oynamalıdır. Yəni həmin mərkəz PUA-lar vasitəsilə əraziyə nəzarət etməklə toplanan məlumatların təhlilini apararaq  Yuxarı Qarabağda nə qədər qanunsuz silahlı qüvvə olduğunu müəyyənləşdirə və onların kimliyini də identifikasiya edə bilərlər. Bundan sonra həm bilavasitə Ermənistan ordusunun Qarabağdakı qalıqları, eyni zamanda oradakı yerli ermənilərdən təşkil olunmuş silahlı qüvvələr tərksilah olunmalıdır. Onların orada qalması, təbii ki, sülhə gətirib çıxarmayacaq...

- Bir müddət öncəki açıqlamalarınızın birində demişdiniz ki, Ermənistan Zəngəzur dəhlizini açmasa, Azərbaycan da Laçın dəhlizini bağlamalıdır. Yenə həmin fikirdə qalırsınızmı?

- Bəli, hələ də bu fikirdəyəm. Anlamalıyıq ki, Ermənistandakı bəzi siyasi qüvvələr Zəngəzur dəhlizinin açılmasını nəyə görə qəbul etmir.  10 Noyabr bəyanatından bəlli olur ki, həmin Meğri ərazisindən açılacaq dəhlizə Rusiya sərhədçiləri nəzarət edəcək. Yəni bir növ orada eksterritorial bir ərazi yaradılacaq. Bu, o deməkdir ki, həmin ərazidə Ermənistanın  qanunları işləməyəcək.  Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizində Rusiya qüvvələrinin qalma müddəti də göstərilmir. Ermənilər bunlara etiraz edir. Anlayırlar ki, həmin dəhlizdən tranzit yüklərin aparılması onlardan asılı olmayacaq.  Onlar bunu da  yaxşı başa düşürlər ki, Zəngəzur dəhlizinin açılmasını qəbul etməsələr, bu,  Laçın dəhlizinin bağlanmasına təhrik kimi qəbul olunacaq.  Bu da onlar üçün çox təhlükəlidir...

-Tofiq müəllim, bu günlərdə gözlənilən Putin-Bayden və Ərdoğan-Bayden görüşləri, NATO sammiti, böyük “7”lərin sammiti, Ərdoğanın Bakı və Şuşa səfərləri, eləcə də qəsbkar Ermənistandakı seçkilər fonunda Azərbaycanın Yuxarı Qarabağ və Zəngəzur dəhlizi istiqamətindəki fəaliyyətinin gələcəyini necə görürsünüz?

- Azərbaycanın qalib olduğu 44 günlük müharibədən sonra regionda vəziyyət, demək olar ki, stabilləşib. Hazırda hər tərəfin gözləntiləri var. Reallıq daha fərqli mənzərəni  formalaşdırır. İstisna etmirəm ki, siz sadaladığınız o hadisələr bu və ya digər şəkildə yeni dövr üçün taktiki və strateji  üslubları müəyyənləşdirəcək. Yəni bu baxımdan Ermənistan da öz siyasətində xeyli düzəlişlər etməyə məcbur qalacaq və təbii ki, vasitəçilər də. Vasitəçilərdən danışarkən, əslinə qalsa, demək olar ki, hamı qəbul edib ki, burada real vasitəçi xarici qurum, sadəcə, Türkiyə-Rusiya tandemidir.  İndi də, yaxın gələcəkdə də Minsk qrupu kimi digər qurumların fəaliyyətini ən azı Azərbaycan qəbul etməyəcək. Bu baxımdan, bəhs edilən görüşlərdə kimsə bizim mövzulara toxunsa,  gərək bu reallığı nəzərə alsın. İnşAllah, hər şeyi yaşayıb görərik. Hiss olunur ki,  regionda Azərbaycanın mövqeyi getdikcə güclənməkdədir.  Türkiyə Prezidenti  Ərdoğanın tezliklə  Şuşaya gəlişi əsas dönüş faktorlarından biri olacaq. Nəticədə ermənilər artıq gerçəklikləri qəbul etmək məcburiyyətində qalacaqlar...

Oxunma sayı 1886