“Rus tankları Kiyevin qapısındaykən danışıqlardan söhbət gedə bilməz” – Səfir Vasiliy Bodnar

17:50 25.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ukrayna prezidenti və hökumət üzvləri hazırda paytaxt Kiyevdədirlər və şəhəri tərk eləmək fikirləri yoxdur. Onlar paytaxtın müdafiəsi üçün əllərindən gələni edirlər.”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar jurnalistlərlə görüşdə deyib. Bildirib ki, Ukrayna hökumətinin və xalqının bir dəyişməz tələbi var: Rusiya işğalçı  hücumları dayandırmalı, bütün ordusunu və hərbi texnikasını ölkədən çıxarmalı və yalnız bundan sonra sülh danışıqlarına başlamaq olar.

Diplomat qeyd edib ki, ölkəsinin hava sahəsinin qapadılması, dinc şəhərlərin bombalanmasının qarşısını alacaq. Onun sözlərinə görə, rus əsgərlərin atəş açması nəticəsində onlarla mülki insan yaşamını itirib və ya yaralanıb. Hətta raketlə orta məktəb binası vurulub ki, nəticədə çox sayda şagird həlak olub.

Səfir Bodnar bildirib ki, Rusiya azğınlığının cavabsız qaldığını görərək hətta biri Panama, digəri Moldova bayraqlı iki xarici yük gəmisini də vurub (Rusiya gəmilərindən açılan atəşlə dünən türk yük gəmisi də vurulub. Həmin gəmi Odessadan ayrılaraq Rumıniyaya üzürmüş – V.T.).

Cənab Bodnar deyib ki, xüsusilə paytaxtın müdafiəsi gücləndirilib. Şəhərə daxil olmaq istəyən rus təxribatçı qrupu aşkarlanıb və yerindəcə məhv edilib. Onlar bombardmançı təyyarələr və ballistik raketlər üçün bəlli işarələr gözləyirlərmiş.

"Rusiya belə bir xəbər yaydı ki, guya rəhbərliyimiz paytaxtdan gedib. Prezidentimiz, Baş nazirimiz, parlament spikerimiz, bütün nazirlərimiz – hamı Kiyevdə öz işinin başındadır. Kiyevə hücum ehtimalı çox yüksəkdir. Bu səbəbdən də şəhərin müdafiəsi maksimum gücləndirilir. Bu gün insanlara silah paylanılıb. Mümkün olduğu qədər müqavimət göstərəcəyik. Rusiyanın təşviş yaratma və Ukraynanı bölmək istəyi iflasa uğradı" deyən səfir Bodnar bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində müdafiə döyüşləri davam edir və beynəlxalq təzyiqlərin, sanksiyaların və təbii ki, ukraynalıların ciddi mübarizəsi nəticəsində Rusiyanın irticaçı hücumlarının qarşısının alınacağına əmindirlər.

Səfir bildirib ki, Türkiyə dövləti və türk xalqı Ukrayna xalqının haqlı müdafiəsinə dəstək verir. Hətta bu günlərdə Türk Qızılay Cəmiyyəti ukraynalıların zəruri insani ehtiyaclarını qarşılamaq məqsədilə Ukraynaya humanitar yardım göndərəcək. Özü də yardımın tərkibi Ukrayna tərəfinin ehtiyaclarına əsasən yığılır.

Qeyd: Bu arada, Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakətlər və Fövqəladə Vəziyyətlərin İdarəolunması İdarəsi(AFAD) Ukraynaya təcili humanitar yardım göndərmək qərarına gəlib. AFAD tərəfindən hazırlanmış ərzaq, yataq dəstləri, təmizlik vasitələri, dava-dərman, çadırlar və sairdən ibarət 5 TIR-dan ibarət ilk humanitar yardım karvanı AFAD nümayəndələri ilə birlikdə Ukraynaya yola salınıb.

Rusiyanın Kiyevlə danışıqlara başlamaq üçün Minskə heyət göndərmək istədiyini deyən səfir Bodnar, amma hələlik rəsmi Kiyevin bu görüşə nə cavab verdiyini bilmədiyini qeyd edib.

"İndiki şəraitdə - rus tankların Kiyevin qapısında dayandığı halda hansı müzakirələrdən söhbət gedə bilər? Rusiya bütün ordusunu və texnikasını Ukrayna ərazisindən çıxarmalı və yalnız bundan sonra sülh danışıqlarına başlamaq olar. Birmənalı şəkildə, “silahları atın, təslim olun ultimatumları bizim üçün qəbuledilməzdir. Günümüzdə yaşanan toqquşmalara baxarsaq, heç bir yerdə bir gündə bu qədər rus əsgəri həlak olmamışdı. Əgər ruslar dayanmazlarsa daha çox itki verəcəklər. Biz öz torpaqlarımızdayıq. Heç kim bizə əmr verə bilməz” deyən cənab Bodnar ölkəsinin Türkiyədən boğazların Rusiyanın üzərinə bağlanması tələbinin son durumuna da toxunub. Bildirib ki, Ukraynanın Xarici İşlər Nazirliyi ilə sıx təmasdadırlar. Hazırda Türkiyənin siyasi çevrələri arasında boğazlarla bağlı ortaq qərar hazırlanır və ən qısa vaxtda cavab veriləcəyinə əmindir.

Maraqlıdır, Rusiya məhz Kiyevi tutmaq və öz adamını Ukraynaya hakim təyin etmək istəyir. Bunu bacararsa, Ukraynanı özünə tabe edə biləcəkmi? Səfir Bodnar deyir ki, ola bilsin Moskvanın məqsədi doğrudan da budur. Amma bu halda yanılır, çünki Ukrayna xalqı heç vaxt Moskvanın vassallığını qəbul edib, onun buyruqlarını yerinə yetirəcək liderə boyun əyməz.

Bu yerdə, Rusiya düşmənçiliyini öz ampulasında əsaslandırmağa çalışır. Bəs Belarusa nə olub, onlar niyə öz ərazilərini müharibəyə başlamaq üçün ruslara verdi? "Belarus Rusiya ilə birlikdə Ukraynaya hücum edən qatı düşməndir. Belarus hər zaman bitərəf statusunu qoruyaraq Ukrayna üçün təhlükə törətməyib. Bizi kürəyimizdən biçaqlayanlar cəhənnəmdə yansınlar! Çünki onlar özlərinə xəyanət etdilər və ruslara satıldılar. Bu gün Belarus Rusiyanın əlində oyuncaqdır. Bizim üçün Belarus adlı dövlət yoxdur, xüsusilə də müzakirələri keçirmək üçün" deyən Bodnar bildirib ki, Minsk prosesi Donbasda sülhü təmin eləmək üçün danışıqlar formatı idi. Minsk üçtərəfli danışıqların keçirildiyi yerdir. Əgər Rusiya qondarma respublikaları tanıma qərarından vaz keçərsə, Kiyev danışıqlara hazırdır. “Amma bu halda da, danışıqlar ya İstanbulda, ya da Cenevrədə və sair keçirilə bilər. Yenə xatırladıram: danışıqlarda yalnız Donbas müzakirə mövzusu ola bilməz. Rusiyanın Ukrayna dövlətinə qarşı başlatdığı genişmiqyaslı hücum var. Müharibə dayandırılmalı, rus ordusu bütün texnikası ilə birlikdə sərhədlərimizi tərk etməlidir", - deyib diplomat.