"Aeroflot" təyyarələrinin 25 FAİZDƏN ÇOXUNU İTİRİB

11:15 21.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sanksiyalar səbəbindən çətin günlər keçirən Rusiyanın ən böyük hava yolu şirkəti "Aeroflot"un təyyarələrinin dörddə birindən çoxunun atılmış vəziyyətdə qaldığı və uça bilməyəcəyi bildirilib.

Hafta.az-ın yazdığına görə, sanksiyalar başlayandan bəri "Aeroflot"un 50-yə yaxın təyyarəsi yararsız hala düşüb.

Bildirilir ki, şirkətin 3 təyyarəsi müsadirə edilib və 25 təyyarənin detalları çıxarılaraq Rusiyaya mal satmaqdan imtina edən istehsalçıların ehtiyat hissələrinin yerinə başqa təyyarələrə taxılıb.

Qeyd olunub ki, “Aeroflot”a məxsus təyyarələrdən 18-i texniki səbəblərdən atılmış əziyyətdə qalıb və onların uzunmüddətli təmirə ehtiyacı var.

Məlumatda deyilir ki, təyyarələrin əyləc materialları tükənmək üzrədir və şirkət rəhbərliyi pilotlardan əyləcdən “qənaətlə” istifadə etməyi, uzun uçuş-enmə zolaqlarında mümkün qədər əyləcdən istifadə etməməyi xahiş edib.

Rusiyanın bununla bağlı İrandan köməyə ümid etdiyi, lakin Tehranın bu ölkədə köhnə model təyyarələrdən istifadə etdiyi üçün gözlənilən dəstəyi verə bilmədiyi bildirilib.