"Bütün qazı Rusiya, Azərbaycan və Türkmənistandan almalıyıq" - NAZİR

08:54 03.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan Rusiya qazını almağı dayandırmağı istəyəcəyini bildirib. Bu açıqlamalardan sonra imzalanan sənədlər Türkiyədə maraq doğurub və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar razılaşmanın təfərrüatlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazir Bayraktar deyib: “Türkiyədə əhəmiyyətli təbii qaz istehlakı var. Təbii qaz ekoloji cəhətdən təmiz və rahat yanacaqdır və hazırda ölkənin 81 vilayətinə təbii qaz verilir. Eyni zamanda, Türkiyənin tələbatı hər gün artır. Biz ondan həm sənaye, həm də elektrik istehsal edən stansiyalarda istifadə edirik. Nəzərdən qaçırmayın ki, Türkiyə Avropada dördüncü ən böyük istehlakçı ölkədir. Hazırda dünya qaz ehtiyatlarının üçdə ikisi regionumuzda yerləşir və bu yanacağı boru xətləri vasitəsilə təmin etmək üçün Türkiyə mühüm strategiyaya malikdir. 1990-cı illərdən bəri bu şaxələndirmə strategiyasını nümayiş etdiririk”.

Nazir qeyd edib ki, Tramp mahiyyət etibarı ilə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq istəyir. Danışıqlar uzun müddətdir ki, davam edir. Cənab Alparslan qeyd edib ki, Trampın yanaşması aydındır: Rusiyanın dayanması üçün onun maliyyə resursları azalmalıdır. Rusiya-Ukrayna müharibəsi sülh yolu ilə başa çatmalıdır.

“Vətəndaşlarımıza “ehtiyatımız bitdi” deyə bilmərik. Təchizat təhlükəsizliyimiz üçün bu çox vacibdir. Ayrıseçkilik etmədən resurslara çıxışı təmin etməliyik. Rusiya ilə razılaşmalarımız var. Qışa yaxınlaşırıq. Bütün qazı Rusiya, Azərbaycan və Türkmənistandan almalıyıq. Qara dəniz qazı ilə bağlı işlərimiz davam edir” deyən nazir bildirib ki, BOTAŞ-la da danışıqlar davam edir.

“ABŞ-da keçirilən görüşlər, əslində, bir il əvvəl bu ölkədə aparılan çox əhəmiyyətli LNG danışıqlarının davamı idi. Bu ilin mart ayında Hyustonda yenidən prosesə başladıq. Biz əslində bunları ictimaiyyətlə paylaşırıq. İmzaladığımız səkkiz təbii qaz sazişimiz var. Amma hər kəs ABŞ-dakı razılaşmalara diqqət yetirir”, - o deyib.